Vəkillər Kollegiyasının keçmiş üzvü, hüquqşünas Namizəd Səfərov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsi noyabrın 26-da onun barəsində hökm çıxarıb.
72 yaşlı Namizəd Səfərov külli miqdarda ziyan vurmaqla dələduzluqda ittiham olunur. O, ittihamı qəbul etmir və cinayət işinin saxta olduğunu bildirir.
Cinayət işinin materiallarına görə, Günel Əfəndiyeva Namizəd Səfərova müraciət edib. İttihamda iddia olunur ki, Vəkillər Kollegiyasının üzvü olmayan Səfərov vəzifəli şəxslərlə əlaqələri vasitəsilə qadının yenidən işə təyin olunmasına kömək edəcəyini vəd edib və bunun müqabilində ondan 53 min manat alıb. Vədin yerinə yetirilmədiyi iddia olunur.
Namizəd Səfərov isə həbsindən əvvəl Günel Əfəndiyeva ilə görüşmədiyini və ondan pul almadığını deyir.
Noyabrın 19-da keçirilmiş məhkəmə iclasında müdafiə tərəfi həqiqətin üzə çıxarılması üçün 19 vəsatət qaldırmışdı. Vəkillər telefon anten məlumatlarının və kamera görüntülərinin əldə edilərək araşdırılmasını istəmişdilər. Bununla zərərçəkmiş kimi tanınan şəxsin iddia etdiyi vaxtlarda və yerlərdə Namizəd Səfərovla görüşüb-görüşmədiyi müəyyənləşdirilməli idi.
Hakim Mahirə Kərimovanın sədrlik etdiyi kollegiya vəsatətlərin heç birini təmin etməmişdi. Həmin iclasda dövlət ittihamçısı Namizəd Səfərovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.
Namizəd Səfərov: “Mən təqsirsizliyimi sübuta yetirməyə borclu deyiləm”
AzadlıqRadiosu-nun məlumatına görə, 72 yaşlı Namizəd Səfərov hökm elan olunmazdan əvvəl məhkəmədəki son sözündə ona qarşı irəli sürülən ittihamı “gülünc” adlandırıb. O, aylardır davam edən məhkəmə prosesi boyunca ittihamı təsdiqləyən tutarlı sübut və ya şahid təqdim edilmədiyini bildirib.
“Xırda da olsa, nəsə sübutunuz olsaydı, deməyə sözüm olmazdı. Zərərçəkmiş kimi təqdim olunan o qadını güc-bəla ilə cəmi iki dəfə məhkəməyə gətirdiniz. O da yalnız məcburi gətirilmə qərarı gündəmə gələndən sonra baş tutdu. Halbuki pulu əlindən gedən adam qapını dağıdardı”, – Səfərov deyib.
Hüquqşünas təqsirsizliyini sübuta yetirmək öhdəliyinin onun üzərinə düşmədiyini vurğulayıb:
“Mən təqsirsizliyimi sübuta yetirməyə borclu deyiləm, siz mənim günahkar olduğumu isbatlamalısınız. Amma söhbət ədalətli məhkəmədən gedir, sizdən yox…”
Səfərovun vəkili Fəxrəddin Mehdiyev də cinayət işinin materiallarının müdafiə etdiyi şəxsin günahsızlığını təsdiqlədiyini bildirib.
Vəkilin sözlərinə görə, zərərçəkmiş Günel Əfəndiyeva ibtidai istintaqda pulu dekabrın 8-də, məhkəmədə isə dekabrın 6-da görüşərək verdiyini iddia edib. Müdafiəçi tarixlər arasındakı ziddiyyətlə yanaşı, Səfərovun həmin günlərin heç birində Bakıda olmadığını deyib.
F.Mehdiyev hadisələrin xronologiyasına da diqqət çəkib. O bildirib ki, zərərçəkmişin iddiasına əsasən, qadın əvvəlcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binasına gedərək orada belə bir şəxsin işləmədiyini öyrənib, daha sonra Namizəd Səfərovun ofisinə yollanıb.
“İddiaya görə, o, saat 12:20-də artıq orada olub. Onu yerində tapmayanda 12:30-da polisə şikayət ünvanlayıb, 12:40-da isə Namizəd Səfərovu saxlayıblar. Çox qısa müddətdə onun guya həqiqəti danışdığını müəyyənləşdirib, ekspertiza rəyi alıb, saat 16:40-da həbs qərarı çıxarıblar”, – vəkil bildirib.
F.Mehdiyev baş verənləri həm ağlamalı, həm də gülməli adlandırıb. O, çıxışının sonunda müvəkkilinin günahsız olduğunu bildirərək məhkəmədən ona bəraət verilməsini istəyib.
Lakin Mahirə Kərimova, Fəxri Məmmədov və Leyla Əsgərova-Məmmədovadan ibarət hakimlər kollegiyası qısa müşavirədən sonra Namizəd Səfərovun 7 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm elan edib.
Namizəd Səfərov 2025-ci il dekabrın 9-da həbs olunub. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
Səfərov 2005-ci ildə Vəkillər Kollegiyasından çıxarılıb. O, qərarı Kollegiya rəhbərliyini tənqid etməsi ilə əlaqələndirib. Kollegiya isə həmin qərarın qanunvericiliyin tələblərinin pozulması ilə bağlı olduğunu bildirib.
Namizəd Səfərov 2020-ci ildə Demokratik Qüvvələrin Milli Şurasından istefa verib. O, müxtəlif illərdə deputatlığa və prezidentliyə namizədliyini irəli sürüb, son dövrlərdə isə xaricdəki mühacirlərin yaratdığı Azərbaycan Xalq Parlamentinin üzvü olub.
Hüquqşünas həbsinin siyasi fəaliyyətinə görə olduğunu bildirir.