“Talış Milli Akademiyasının xəbərləri” jurnalının baş redaktoru, həbsdə olan tədqiqatçı İqbal Əbilov Bakı 1 saylı İstintaq Təcridxanasından 12 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılıb. Onun Hüquqlarının Müdafiə Komitəsinin məlumatına görə, Əbilov müəssisəyə qaytarıldıqdan sonra karserə (cərimə təcridxanasına) salınıb.
Komitə noyabrın 13-də yaydığı məlumatda bildirib ki, İqbal Əbilovun karserə yerləşdirilməsi üçün ona hər hansı əsas göstərilməyib.
Komitənin qənaətinə görə, Azərbaycan qanunvericiliyində məhbusun bir cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına və ya əksinə köçürülməsinə görə karserə salınmasını nəzərdə tutan hüquqi norma yoxdur.
Komitə aidiyyəti qurumları Əbilovun karserə yerləşdirilməsinin hüquqi əsasını açıqlamağa çağırıb.
İqbal Əbilovun 12 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılması onun qapalı tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə məhkəmə qərarından sonra baş verib.
Noyabrın 2-də Qaradağ Rayon Məhkəməsində Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsinin Əbilovun üç il müddətinə qapalı tipli həbsxanaya keçirilməsi ilə bağlı təqdimatına baxılıb.
Məhkəmə təqdimatı qismən təmin edərək onun bir il müddətinə qapalı tipli həbsxanaya göndərilməsi barədə qərar qəbul edib.
Məhkəmə iclasında Əbilov müəssisənin ona qarşı irəli sürdüyü intizam pozuntusu iddialarını əsassız adlandırıb. O, iddiaların yoxlanılması üçün digər məhkumların şahid qismində dindirilməsini və müşahidə kameralarının görüntülərinin araşdırılmasını istəyib.
İqbal Əbilov məhkəmədə çıxışında cəzaçəkmə müəssisəsində ona qarşı təzyiqlərin talış dilində danışması və ana dilində şeir yazılmış köynək geyinməsi ilə əlaqəli olduğunu bildirib.
“Bunlar mənim ifadə azadlığımı pozur, mənim və ana dilimin diskriminasiyaya məruz qaldığını sübut edir”, – deyə o bildirib.
Tədqiqatçı karserdə saxlanıldığı müddətdə səhhətinin pisləşdiyini, tibbi yardım və müayinə ilə bağlı müraciətlərinin təmin edilmədiyini də söyləyib.
İqbal Əbilov 2025-ci il mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.
Belarusda yaşayan tədqiqatçı 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına səfəri zamanı saxlanılıb. Hökumətyönlü mediada onun Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi iddia olunub.
Əbilov Cinayət Məcəlləsinin dövlətə xəyanət, dövlət əleyhinə yönələn açıq çağırışlar və xarici təşkilatların tapşırığı ilə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması ilə bağlı maddələri üzrə ittiham olunub.
İqbal Əbilovun Hüquqlarının Müdafiə Komitəsi onun siyasi fəaliyyətlə məşğul olmadığını, elmi araşdırmalar apardığını və mədəni irsin qorunması ilə məşğul olduğunu bildirir.
2025-ci ilin oktyabrında BMT-nin xüsusi məruzəçiləri İqbal Əbilov və digər həbsdə olan tədqiqatçı Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıblar.