Dələduzluqda və vəzifə saxtakarlığına təhrik etməkdə ittiham olunan Türkər Əliyeva barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə çalışmış general-mayor Natiq Əliyevin qızı, mediator Türkər Əliyeva cinayət məsuliyyətinə cəlb olunub. Noyabrın 11-də saxlanılan Əliyeva ertəsi gün Sumqayıt Şəhər Məhkəməsinə çıxarılıb. Bu barədə yerli mediada məlumat yayıb.
İstintaqın iddiasına görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə külli miqdarda pul alıb. Ondan şikayət edənlərdən biri Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini, general-mayor Ceyhun Rzayevdir.
Ceyhun Rzayev əvvəllər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində yüksək vəzifələrdə çalışıb. Onun və daha bir şəxsin şikayəti əsasında Türkər Əliyeva saxlanılıb.
Sumqayıt Şəhər Prokurorluğu ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 32.4-cü və 313-cü (vəzifə saxtakarlığına təhrik etmə) maddələri ilə ittiham irəli sürüb.
İttihamlar məhkəmədə sübuta yetirilərsə, yekun cəza cinayətlərin məcmusu üzrə müəyyən edilə və 10 ildən artıq ola bilər. Bununla belə, məhkəmənin hansı cəzanı təyin edəcəyini indidən söyləmək mümkün deyil.
Prokurorluq Türkər Əliyevanın ağır cinayətdə ittiham olunmasını və şahidlərə təsir göstərə bilməsi ehtimalını əsas gətirərək onun barəsində həbs qətimkan tədbiri seçilməsini istəyib.
Müdafiə tərəfi isə bu təqdimatın əsassız olduğunu bildirib.
Türkər Əliyevanın vəkili Hikmət Əliyev müvəkkilinin himayəsində dörd uşağının olduğunu məhkəmənin diqqətinə çatdırıb.
Məhkəmə prokurorun həbs tələbini təmin etməyib və Türkər Əliyeva barəsində ev dustaqlığı qətimkan tədbiri seçib.
Hakim qərar qəbul edərkən onun himayəsində üç azyaşlı və yetkinlik yaşına çatmayan daha bir uşağının olmasını, övladlarını təkbaşına böyütməsini, eləcə də iddia edilən ziyanın bir hissəsinin geri qaytarılmasını nəzərə alıb.
Türkər Əliyevanın vəkili Hikmət Əliyev ittihamları qəbul etmədiklərini bildirib.
“Hazırda ölkə xaricindəyəm. Amma işdən tam xəbərim var. Onu deyə bilərəm ki, bu, mülki xarakterli bir məsələdir, cinayət faktı yoxdur. Bütün sübutlarımızı istintaq orqanına və məhkəməyə təqdim edəcəyik”, – vəkil açıqlamasında deyib.
Türkər Əliyevanın atası Natiq Əliyev əvvəllər Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun, daha sonra isə nazirliyin Tibb xidmətinin rəisi olub.
Məlumata görə, Türkər Əliyeva bir müddət əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin rəhbərliyi tərəfindən qanunsuzluğa və təhqirə məruz qaldığını iddia edib. Sonradan həmin idarənin rəisi vəzifəsindən azad olunub.
Türkər Əliyeva hazırkı cinayət işi üzrə təqsirli bilinməyib. Onun barəsində seçilən ev dustaqlığı qətimkan tədbiridir, yekun məhkəmə hökmü deyil.