Gürcüstanda kilsə nümayəndələri beynəlxalq qumar turnirləri ilə bağlı qanuna etiraz ediblər

Foto: mini mus/shutterstock

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası parlamentdə “beynəlxalq qumar turnirləri” anlayışının qanunvericiliyə daxil edilməsinə dair dəyişikliklər paketini qəbul edib. Bu, Gürcüstanın Xalq Müdafiəçisi, müxalifət deputatları və Gürcü Pravoslav Kilsəsinin nümayəndələri tərəfindən tənqid və suallara səbəb olub.

27 və 28 oktyabr tarixlərində keçirilən plenar iclaslarda sürətləndirilmiş prosedurla qəbul edilən yeni düzəlişlərə əsasən, “beynəlxalq qumar turniri” kazino fəaliyyəti üçün icazəsi olan şəxs tərəfindən təşkil edilən və iştirakçılarının ən azı 80 faizinin xarici ölkə vətəndaşlarından ibarət olduğu tədbirdir. Təşkilatçılar turnir zamanı istifadə etdikləri masalara görə klub masası haqqını ödəməkdən azad edilirlər. Turnirin mükafat fondu isə 3 milyon laridən (1,2 milyon ABŞ dolları) çoxdur.

Əvvəllər qumar oyunlarını məhdudlaşdıran qanunlar qəbul edən hakim partiya indi iddia edir ki, bu cür turnirlər əvvəllər də keçirilib, lakin onların qanunvericiliklə tənzimlənməsinə ehtiyac biznes sahəsindəki hüquqi qeyri-müəyyənliklərdən yaranıb. Həmçinin bu cür turnirlərin turizmin inkişafına töhfə verəcəyi dəyişikliyin səbəblərindən biri kimi göstərilir.

“Hazırda Gürcüstanda beynəlxalq turnir keçirmək mümkündür; qanunvericilik buna imkan verir. Əslində, biz qaydaları sərtləşdiririk və xüsusi olaraq bu cür turnirlər üçün monitorinq həyata keçiririk”, – deyə 28 oktyabrda keçirilən plenar iclasda “Gürcü Arzusu”nun deputatı və iş adamı Şota Berekaşvili bildirib.

Gürcüstanın İctimai Müdafiəçi Ofisi düzəlişləri tənqid edərək parlamenti onları qəbul etməməyə çağırıb:

“Xüsusilə zərərli olan bu sosial cəhətdən həssas məsələnin müvafiq ekspertlərin iştirakı və insan hüquqları üçün risklər tam qiymətləndirilmədən sürətli şəkildə nəzərdən keçirilməsidir”.

Qurum qumarı ictimai səhiyyə problemi kimi qiymətləndirən və onu psixi sağlamlığın pisləşməsi, yetkinlik yaşına çatmayanlara zərər, maliyyə çətinlikləri və ailə münaqişələri ilə əlaqələndirən Ümumdünya Səhiyyə Təşkilatına istinad edərək əlavə edib:

“Qumar oyunları fundamental insan hüquqlarına ciddi mənfi təsir göstərir”.

Gürcüstan Pravoslav Kilsəsi Patriarxlığının İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri, protokeşiş Andria Jagmaidze İctimai Müdafiəçinin arqumentlərini bölüşdüyünü söyləyib. O, Interpressnews-a bildirib ki, “patriarxlıq belə bir prosesin kənarında qala bilməz”.

Düzəlişlər plenar iclas zamanı müxalifət deputatlarının kəskin tənqidinə səbəb olub.

“Tbilisi narkotik ticarətində iş təklif edən reklamlarla doludur. İndi beynəlxalq qumar oyunları üçün də reklamlar olacaq. Gənclər haqqında düşünürsünüzmü?” – parlamentdə təmsil olunan yeganə müxalifət qüvvəsi olan “Gürcüstan Naminə Qaxariya” partiyasından deputat Sofio Xorquani bildirib.

Gürcüstanın Sosial Ədalət Mərkəzinin məlumatına görə, parlament 2024-cü ilin noyabrından 2026-cı ilin iyun ayına qədər təxminən 300 qanunvericilik təşəbbüsünü qəbul edib. Bunların əksəriyyəti əsaslı şəkildə müzakirə olunmadan sürətləndirilmiş prosedurlarla qəbul edilib.

Patriarxlıq kazinolara tətbiq edilən vergi güzəştlərini açıq şəkildə tənqid edib. Bu barədə Patriarxlığın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Andria Jagmaidze bildirib. Onun sözlərinə görə, qanunun sürətlə qəbul edilməsi sual verməyə belə vaxt saxlamayıb:

“Qumar oyunları haqqında qanunun bu qədər tez qəbul edilməsi bizim üçün sürpriz oldu. Sual verməyə belə vaxtımız yox idi, hadisələr bu qədər sürətlə inkişaf etdi və qanun üç oxunuşda qəbul edildi”.

“Bu məsələni dərindən araşdıra və aydınlaşdıra bilmədiyimiz üçün çox təəssüf edirik. Katolikos-Patriarx bu dövrdə Qərbdə idi və biz mütləq bu barədə hakimiyyət orqanları ilə danışmağı planlaşdırırıq ”, – deyə Andria Jagmaidze bildirib.

Patriarxlığın İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri həmçinin qaydaların tətbiqi və zərərin azaldılması yolları barədə danışıb. Onun sözlərinə görə, Patriarxlıq əvvəllər qaydaların hazırlanmasında iştirak edib və o vaxt müzakirələr 4 il davam edib.

“Kazinolar və qumar oyunları insanlar və ailələr üçün dağıdıcı bir xəstəlikdir!” – deyə Marneuli və Hujabi yeparxiyasının yepiskopu Giorgi Jamdeliani sosial mediada yazıb. Onun sözlərinə görə, ölkədə bu sahənin inkişafı narahatlıq doğurur və həm dövlət, həm də kilsə insanları qorumağa borcludur.

Onun fikrincə, ailələrin və gənclərin qorunması, eləcə də insan ləyaqətinə hörmət edilməsi təkcə sosial deyil, həm də mənəvi və əxlaqi məsuliyyətdir.

“Bir yepiskop olaraq, insanları mənəvi və zehni cəhətdən məhv edən, ailələri dağıdan və cəmiyyəti çətin vəziyyətə salan böyük bir bəla görürəm. Qumar ümid əvəzinə bir çoxları üçün ümidsizlik, borc və faciə mənbəyinə çevrilir”, – deyə o bildirib.

Azərbaycanda kazino qanunu və Emin Ağalarovun layihəsi

Azərbaycanda 1998-ci ildən qüvvədə olan kazino qadağası 2025-ci ilin iyulunda Milli Məclisin qəbul etdiyi qanunvericilik dəyişiklikləri ilə aradan qaldırılıb. Yeni qanuna əsasən, kazinolar yalnız Xəzər dənizinin Azərbaycanın suverenliyinə aid hissəsində yaradılan süni torpaq sahələrində fəaliyyət göstərə bilər. Qanunun qəbulundan sonra müxalifət nümayəndələri onun Emin Ağalarovun maraqlarına uyğun hazırlandığını əsas gətirərək “Ağalarov qanunu” adlandırıblar.

Bakı şəhərinin Nardaran qəsəbəsi yaxınlığında, Prezident İlham Əliyevin keçmiş kürəkəni, iş adamı Emin Ağalarovun sahibi olduğu Sea Breeze kompleksinin ərazisində Avropanın ən böyük kazinosunun tikintisi aparılır. Ağalarovun açıqlamasına görə, təxminən 90 min kvadratmetr sahəni əhatə edəcək kazino 100-dən çox oyun masası və 1 500-dən artıq oyun avtomatı ilə təchiz olunacaq. O, layihəni Avropanın ən böyük kazinosu kimi təqdim edir.

Layihənin Azərbaycanın ən dindar və mühafizəkar yaşayış məntəqələrindən biri hesab olunan Nardaranın yaxınlığında həyata keçirilməsi mübahisələrə səbəb olub. Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məsələ ilə bağlı heç bir bəyanat və açıqlama verməyib.

Ana səhifə ▸ Xəbərlər ▸ Gürcüstanda kilsə nümayəndələri beynəlxalq qumar turnirləri ilə bağlı qanuna etiraz ediblər