Həbsdə olan müxalif siyasətçi Tofiq Yaqublunun ailəsi onun saxlanıldığı 17 saylı cəzaçəkmə müəssisəsində siyasətçiyə qarşı təzyiqlərin artdığını bildirir.
Bu barədə noyabrın 12-də siyasətçinin qızı Nigar Həzi sosial şəbəkə hesabında paylaşım edib.
Nigar Həzinin sözlərinə görə, atası noyabrın 10-da görüşləri zamanı ona təzyiqlərin artması barədə məlumat verib. Siyasətçi bu vəziyyətin Penitensiar Xidmətə Sahib Rzayevin yeni rəis təyin edilməsindən sonra başladığını deyib.
Həzi bildirib ki, görüş günü məsələni ictimailəşdirməməyə qərar verib və təzyiqlərin səngiyəcəyinə ümid edib. Lakin atasının bu gün ailəsinə telefonla zəng etməməsi onlarda ciddi narahatlıq yaradıb.
“Bu gün atanın evə zəng etməməsi bizdə ciddi narahatlıq, onun başına nəsə gəldiyi ehtimalını yaradır”, – Nigar Həzi yazıb.
O, atasının saxlanıldığı müəssisədəki şəraiti də tənqid edib. Həzinin sözlərinə görə, həbsxanada yarımqapalı rejim, antisanitariya şəraiti və davamlı təzyiqlər mövcuddur.
Nigar Həzi Tofiq Yaqubluya qarşı təzyiqlərin siyasi sifarişlə həyata keçirildiyini deyib və bunun Prezident Administrasiyasından qaynaqlandığını bildirib. O, Penitensiar Xidmətin yeni rəisi Sahib Rzayevi də təzyiqlərin artmasına görə məsul tutub.
Sahib Rzayev oktyabrın 27-də Prezident İlham Əliyevin sərəncamı ilə ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsinə təyin edilib. Məsələyə Penitensiar Xidmətin münasibəti məlum deyil.
Tofiq Yaqublu 2023-cü ilin dekabrında saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi 2025-ci il martın 10-da onu 9 il müddətinə azadlıqdan məhrum edib.
Məhkəmə Yaqublunu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi – külli miqdarda ziyan vurmaqla dələduzluq, həmçinin 320-ci maddənin müxtəlif hissələri – saxta sənədlərin hazırlanması və istifadəsi ilə bağlı ittihamlar üzrə təqsirli bilib.
Yaqublu ittihamları qəbul etmir və həbsini siyasi motivli hesab edir. Hökm sonradan apellyasiya və kassasiya instansiyalarında da qüvvədə saxlanılıb. Ali Məhkəmə 2026-cı il aprelin 2-də kassasiya şikayətini təmin etməyib.
Tofiq Yaqublu bundan əvvəl də siyasi fəaliyyəti ilə əlaqəli müxtəlif həbslərə məruz qalıb. 2025-ci ildə həbsxanada aclıq aksiyası keçirib. 2026-cı ilin martında isə vəkili onun qısa müddətdə ciddi çəki itirdiyini bildirib.