Bakıda fəal İlkin Hüseynovdan bir neçə saatdır xəbər almaq mümkün deyil. Bu barədə ictimai fəal Cavid Ağa özünün Facebook səhifəsində məlumat yayıb. O, Hüseynovun məktəblərdə hicab qadağasından sonra yaradılan “Leylini qoy məktəbə getsin” təşəbbüsü ilə əlaqədar saxlanılmış ola biləcəyini ehtimal edir.
Cavid Ağanın sözlərinə görə, saat 16:00 radələrində İzzət Nəbiyev küçəsində yaşayan fəal İlkin Hüseynovun evinə naməlum şəxslər gəliblər.
Hüseynov həmin şəxslərlə birlikdə evdən çıxmazdan əvvəl açarını götürüb və dostuna susması üçün işarə verib.
Bundan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Saat 16:00-dan etibarən Hüseynovun telefonu sönülüdür və dostları onun harada olduğunu bilmirlər.
Cavid Ağa bildirib ki, Facebook Messenger vasitəsilə Hüseynova mesaj göndərdikdən bir müddət sonra onun yazışmaya yeni cihaz əlavə etməsi barədə bildiriş alıb.
“Facebook Messenger-də mesaj yazmışdım və az öncə ‘Huseynov Ilkin added a new device to this conversation’ bildirişini gördüm. Görünür ki, hesabı ələ keçirilib. İlkindən ötrü narahatıq”, – deyə o yazıb.
Cavid Ağa hazırda Azərbaycanda olmadığını və hadisə ilə bağlı əlavə məlumatının olmadığını qeyd edib. O, Hüseynovun vəkili varsa, baş verənlər barədə məlumatlandırılmasını xahiş edib.
Onun sözlərinə görə, fəal İlkin Hüseynov son hicab qadağasından sonra yaradılan “Leylini qoy məktəbə getsin” təşəbbüsü ilə əlaqəlidir.
Bu təşəbbüs məktəblərdə hicab qadağası ilə üzləşən şagirdlərin təhsildən kənarda qalmaması üçün müəllimlərin onlara dərs keçməsinə şərait yaradan platformadır. Təşəbbüsün Instagram səhifəsi “qoy_mektebe_getsin” adı ilə fəaliyyət göstərir.
“Mən güman edirəm ki, həbs edilib və səbəb də budur”, – deyə Cavid Ağa bildirib.
Hələlik fəal İlkin Hüseynovun hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb-saxlanılmadığı məlum deyil. Onun harada olması və evinə gələn şəxslərin kimliyi barədə də rəsmi məlumat yoxdur.
Hadisə Azərbaycanda məktəblərdə hicab qadağası ətrafında etirazların davam etdiyi bir vaxta təsadüf edir.