Azərbaycanda hicab qadağası ilə bağlı etirazlar fonunda bir neçə nəfər inzibati qaydada həbs edilib. Həbs edilənlərə 10, 25 və 30 sutkalıq cəzalar verildiyi bildirilir.
Yerli medianın verdiyi məlumata görə, saxlanılan şəxslərdən bəziləri insanları icazəsiz aksiyalara çağırmaqda, digərləri isə məktəblərdə mübahisə yaradaraq ictimai asayişi pozmaqda ittiham olunublar.
Bildirilir ki, hadisələrin əksəriyyəti Abşeron rayonunun Xırdalan şəhərində qeydə alınıb. Ceyranbatan qəsəbəsində, eləcə də Göyçay, Goranboy, Masallı və Astara rayonlarında da oxşar hadisələrin baş verdiyi iddia olunur.
Məlumata əsasən, həmin şəxslər polis tərəfindən saxlanılıb və barələrində inzibati protokollar tərtib edilib. Məhkəmə qərarları ilə saxlanılanlardan bir neçəsinə 10, 25 və 30 sutkalıq inzibati həbs cəzası verilib.
Bununla belə, neçə nəfərin saxlanıldığı, onlardan neçəsinin inzibati həbsə məhkum edildiyi, hansı maddələrlə məsuliyyətə cəlb olunduğu açıqlanmayıb. Həbs edilən şəxslərin adları və məhkəmə qərarlarının təfərrüatları da məlum deyil.
Bundan əvvəl 37 nəfərin həbs edildiyi açıqlanmışdı
Oktyabrın 12-də Daxili İşlər Nazirliyi məktəblərdə vahid geyim qaydalarının tətbiqi ilə bağlı yaranan etirazlar zamanı 37 nəfərin həbs edildiyini açıqlayıb.
Nazirliyin iddiasına görə, həmin şəxslər Bakıdakı bəzi məktəblərdə təhsil işçiləri ilə münaqişələr yaradıb, təhsil müəssisələrinin fəaliyyətinə və nəqliyyatın hərəkətinə mane olmağa cəhd göstərib, ictimai qaydanı pozublar.
Faktlarla bağlı Cinayət Məcəlləsinin 233-cü maddəsi (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya belə hərəkətlərdə fəal iştirak etmə) ilə cinayət işi başlanıb.
Oktyabrın 12-də axşam saatlarında isə Bakıda “28 May” metro stansiyası yaxınlığında 200-dən çox şəxsin saxlanıldığı barədə məlumatlar yayılıb.
Azərbaycan mediasında yayılan xəbərlərdə saxlanılanlardan 100-dən çoxu barəsində cinayət işi açıldığı da iddia edilib.
Lakin bu rəqəmlər rəsmi mənbələr tərəfindən təsdiqlənməyib. DİN həmin hadisə ilə bağlı ayrıca açıqlama verməyib.
Oktyabrın 14-də inzibati həbs edildiyi bildirilən şəxslərin əvvəlki günlərdə saxlanılanlarla əlaqəsinin olub-olmadığı da məlum deyil.
Etirazlara nə səbəb olub?
Sentyabrın 21-də Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim qaydalarına dəyişiklik edib.
Yeni tələblərə əsasən, məktəblərdə müəyyən edilmiş vahid geyim formasının görünüşünü pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan əlavə geyim elementlərindən istifadəyə yol verilmir.
Oktyabrın 6-da isə dövlət ümumi təhsil müəssisələrində müəllimlərin geyiminə dair tələblər təsdiqlənib.
Qərarlarda hicabın adı birbaşa çəkilməsə də, dəyişikliklər dindar vətəndaşların bir hissəsinin narazılığına səbəb olub.
Sosial şəbəkələrdə hicablı məktəbli qızların dərslərə buraxılmadığı, müəllimlərdən isə yeni geyim qaydalarına əməl etmələrinin tələb olunduğu barədə məlumatlar yayılıb.
Bəzi valideynlər məktəb rəhbərliklərinin hicablı qızlardan baş örtüklərini çıxarmağı tələb etdiyini, əks halda onların dərslərə buraxılmadığını bildiriblər.
Oktyabrın 9-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəblərdə şagird və müəllimlərin geyim qaydalarına əməl etməsinə nəzarətin gücləndiriləcəyini açıqlayıb.
Lakin idarə hicablı şagirdlərin dərslərə buraxılmaması ilə bağlı şikayətlərə ayrıca münasibət bildirməyib.
Yeni qaydalar Türkiyədə də müzakirələrə səbəb olub. Oktyabrın 12-də Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral sosial şəbəkədə paylaşım edərək hicablı şagirdlərin təhsil hüququnun məhdudlaşdırılmasını qəbuledilməz adlandırıb.
O, Azərbaycan hakimiyyətini bu yanaşmadan imtina etməyə çağırıb.
Oktyabrın 13-də hakim Yeni Azərbaycan Partiyası Saralın və Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından olan bəzi deputatların açıqlamalarına cavab verərək onların fikirlərini “populist və məsuliyyətsiz” adlandırıb.