Neftin dünya bazarında qiymətinin 110 dollar\bareli ötməsi Azərbaycanın neft-qaz sektorundan daxil olan gəlirlərinə müəyyən qədər müsbət təsir göstərib. Qiymətlərin bahalaşmasının təsirlərini ölkənin xarici ticarət dövriyyəsindəki müsbət saldonun kəskin yüksəlməsində də görmək olur. Lakin bu artım cari ilin yanvar-sentyabr aylarında ÜDM-in neft-qaz sektorundakı geriləməni örtə bilməyib.
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, yanvar-sentyabr aylarında neft-qaz sektorunda yaradılan əlavə dəyər 1,2 faiz azalaraq 30,3 milyard manat təşkil edib. Bunun da başlıca səbəbi neft-qaz hasilatının aşağı düşməsidir.
OPEC-in oktyabr ayı üzrə dərc etdiyi hesabatına əsasən, Azərbaycanın gündəlik neft hasilatı 2026-cı ilin ilk üç rübündə 5 min barel və ya 1,1 faiz azalıb.
Belə ki, rüblər üzrə gündəlik orta hasilat aşağıdakı kimi olub:
- I rübdə gündəlik hasilat 454 min barel,
- II rübdə 456 min barel,
- III rübdə isə 449 min barel.

Hesabata görə, sentyabr ayında xam neft hasilatında cüzi artım olub. Belə ki, sözügedən ayda gündəlik hasilat 448 min barel təşkil edib. Bu, avqust ayı ilə müqayisədə 6 min barel və ya 1,36 faiz artım deməkdir. Lakin aylıq artım üçüncü rübdə müşahidə olunan ümumi geriləmənin qarşısını almağa kifayət etməyib. Üçüncü rübün ilk ayı olan iyulda gündəlik neft hasilatının həcmi 455 min bareldən başlayıb və növbəti aylarda azalma müşahidə edilib.
APA-nın məlumatına görə, Azərbaycan “OPEC+” çərçivəsində üzərinə götürdüyü hasilat öhdəliyindən geridə qalır. “OPEC+” ölkələrinin nazirləri arasında əldə olunan razılaşmaya əsasən, 2026-cı ilin sonunadək Azərbaycan üçün gündəlik neft hasilatı kvotası 551 min barel müəyyən edilib. Lakin mövcud göstəricilər ölkənin faktiki hasilatının bu həddən xeyli aşağı olduğunu göstərir. Sentyabr ayında gündəlik hasilat “OPEC+” kvotasından təqribən 103 min barel az olub.
Beləliklə, Azərbaycan nəinki hasilatı kvota səviyyəsinə çatdırmağı və ya stabil vəziyyətdə saxlamağı bacarıb, son illərdə davamlı azalma ilə üz-üzədir. Yeni kəşfiyyat işləri ilə bağlı investisiyalar yönəldilsə də, hələ ki əhəmiyyətli dönüşün yarandığını görmək olmur.
Müqayisə üçün qeyd edək ki, Azərbaycanda gündəlik neft hasilatı 2024-cü ildə 481 min barel, 2025-ci ildə isə 461 min barel təşkil edib. Beləliklə, bir il ərzində gündəlik hasilat 20 min barel və ya 4,16 faiz azalıb.
Prezident İlham Əliyev də bir müddət əvvəl keçirdiyi müşavirədə ölkədə neft hasilatında baş verən azalmanı etiraf edərək, yeni resurslar üzrə axtarışlar apardığını bəyan etdi
Maraqlıdır ki, Azərbaycanda təkcə neft hasilatında deyil, təbii qaz istehsalında da azalma qeydə alınıb. DSK-nın məlumatına əsasən, Avropaya təbii qaz ixracını artırmağa çalışan Azərbaycanın yanvar-avqust aylarında əmtəəlik təbii qaz hasilatı 0,9 faiz azalaraq 25,6 milyard kubmetr olub. Azərbaycan rəsmi statistikasında həmin dövr üzrə əmtəəlik neft hasilatının 3,8 faiz azalaraq 17,6 milyon tona endiyi qeyd edilib.
Türkmənistan və Qazaxıstan BTC üzərində neft tranzitini artırıb
Hasilatdakı geriləmə Azərbaycanın magistral neft kəmərləri ilə nəql olunan neftin həcminə də təsir göstərib. Ölkənin əsas ixrac marşrutu olan Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə nəql edilən Azərbaycan neftinin həcmi azalsa da, Mərkəzi Asiya ölkələrindən daxil olan tranzit neftin nəqlində artım müşahidə olunub.
DSK-nın məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında magistral neft kəmərləri ilə ümumilikdə 21,8 milyon tondan çox neft nəql edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz azdır.
Əsas ixrac marşrutu olan BTC kəməri vasitəsilə hesabat dövründə 16,7 milyon ton neft nəql olunub ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə kəmərlə nəql olunan neftin ümumi həcminin 8,7 faiz azalması deməkdir.
BTC vasitəsilə nəql edilən Azərbaycan neftinin həcmi azalsa da, Mərkəzi Asiya ölkələrinin bu məhsul üzrə tranzit həcmlərinin artdığını görürük. “Azərlayt” neftinin BTC ilə nəqli 11,3 faiz gerilədiyi halda, Türkmənistan və Qazaxıstan neftinin ölkəmiz üzərindən tranzit həcmləri 5 faizə yaxın artıb. Belə ki, 2026-cı ilin ilk səkkiz ayında BTC kəməri ilə 3 milyon 28,5 min ton tranzit neft nəql edilib.