Həbsdə olan baş redaktor Aynur Elgünəşin də səhhətindəki problemlərə görə müalicə müəssisəsinə köçürüləcəyi gözlənilir.
“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Şəmşad Ağa (Ağayev) Penitensiar Xidmətin 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə (Tubzon) köçürülüb.
Bu barədə AzadlıqRadiosuna jurnalistlərin yaxınları məlumat veriblər. Onların sözlərinə görə, Şəmşad Ağanın səhhətində ciddi problemlər yaranıb.
Yaxınları bildiriblər ki, Meydan TV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəşin də bu həftə müalicə müəssisəsinə köçürülməsi gözlənilir.
Aynur Elgünəşin səhhətinin ağırlaşdığı barədə oktyabrın 8-də məlumat yayılmışdı. Jurnalistin yaxınları onun böyrəyində ciddi problemlər yarandığını, kəskin ağrılardan və yüksək təzyiqdən əziyyət çəkdiyini bildirmişdilər.
Həmin gün keçirilən ultrasəs müayinəsi zamanı böyrəyindəki daşın 14 millimetrdən 11 millimetrə qədər kiçildiyi müəyyənləşib. Ancaq yaxınlarının sözlərinə görə, daş artıq böyrəyə ciddi zərər vurub və orqanın fəaliyyətini itirməsi təhlükəsi yaranıb.
Aynur Elgünəş II qrup əlilliyi olan şəxsdir. Onun çanaq nahiyəsində endoprotez var. Yaxınları həbs şəraitinin jurnalistin hərəkət imkanlarını məhdudlaşdırdığını, ayağında şişkinlik və güclü ağrılara səbəb olduğunu bildirirlər.
Onlar həmçinin Bakı İstintaq Təcridxanasında Aynur Elgünəşin xəstəliklərinin müalicəsi üçün lazımi mütəxəssis və tibbi şəraitin olmadığını vurğulayırlar.
Jurnalistlərin müalicə müəssisəsinə köçürülməsi ilə bağlı məlumatları hələlik rəsmi qurumlardan təsdiqlətmək mümkün olmayıb.
Meydan TV-nin baş redaktoru Aynur Elgünəş və daha beş əməkdaşı 2024-cü il dekabrın 6-da saxlanılıblar. Sonrakı aylarda cinayət işi üzrə başqa jurnalistlər də həbs olunublar.
Şəmşad Ağa 2025-ci ilin fevralında saxlanılıb.
“Meydan TV işi” üzrə həbs edilən şəxslərə qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və vergidən yayınma ittihamları irəli sürülüb.
Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər. Azərbaycan hakimiyyəti isə ölkədə jurnalistlərin peşə fəaliyyətinə görə təqib olunmadığını bəyan edir.