Azərbaycan hökuməti 2030-cu ilə qədər turizm sektorundan daxilolmaların həcmini 2 dəfə artıraraq 6,3 milyard manata çatdırmağı hədəfləyir. Eyni zamanda, növbəti 5 ildə ölkəyə gələcək turistlərin sayını 8,1 faiz artıraraq 3,8 milyon nəfərə, mehmanxanalarda gecələmələrin sayını isə hazırda mövcud olan 4,4 milyondan 6,3 milyona qədər artırmağı nəzərdən keçirir.
Bununla bağlı hədəflər qəbul edilən “Azərbaycanda turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda göstərilir.
Bu göstəricilərə çatmaq üçün isə dövlət büdcəsindən Azərbaycan Biznesinin İnkişafı Fonduna ayırmalar olacaq.
Dövlət Proqramından məlum olur ki, 2026-cı ildən etibarən Azərbaycanda turizm məqsədli investisiya həyata keçirən təşkilatlar və sahibkarlar dövlətdən subsidiya alacaqlar. Buraya otellər, digər yerləşmə vasitələri, sanatoriya-kurort müəssisələri, qış idmanı stadionları və arenaları, konqres və peşəkar sərgi layihələri üçün manatla alınmış kreditlər üzrə faiz subsidiyaları daxildir.
Ölkəyə gətirilən hər turistə, tikilən hər otel otağına görə subsidiya veriləcək
Sənədə görə, turizm sektoru üzrə aşağıdakı sahələr dövlət maliyyə dəstəyi ilə subsidiyalaşacaq:
- Hava nəqliyyatı ilə qeyri-müntəzəm (çarter) uçuşların təşkilinə görə təşkilatçıların xərclərinin kompensasiya edilməsi üçün subsidiya mexanizminin yaradılması nəzərdə tutulub. Bunun əsas icraçıları sırasında Dövlət Turizm Agentliyi (DTA) ilə yanaşı, AZAL-ın da adı qeyd edilir.
- Turizm əhəmiyyətli konsert, festival və əyləncə proqramlarının təşkilatçılarının xərclərinin bir hissəsinin ödənilməsi üçün subsidiya veriləcək.
- Yeni tikilərək istifadəyə verilən hər otel otağına görə investorlara birbaşa subsidiya dəstəyi göstəriləcək. Proqramda bunu ölkədə fəaliyyət göstərən mehmanxanalarda yataq sayının azlığı ilə əsaslandırırlar. Sənəddə qeyd edilir ki, Azərbaycanda əhalinin hər 100 nəfərinə düşən mehmanxana otaqlarının sayı 2021-ci ildə 0,25 olub ki, bu da dünya üzrə orta göstəricidən 2,6 dəfə azdır.
Maraqlıdır ki, Dövlət Statistika Komitəsinin hesabatları Azərbaycandakı otellərin otaqlarından istifadə səviyyəsinin çox aşağı olduğunu, il ərzində otaqların boş qaldığını göstərir. Məsələn, 2026-cı ilin yanvar-iyun aylarında mehmanxana (otel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 19,3 faiz olub. 2025-ci ilin yanvar-iyun aylarında isə bu göstərici 21,4 faiz təşkil edib. Hazırda, 2026-cı ilin yanvar-iyun aylarında mehmanxana və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz azalaraq 1,8 milyon olub. O zaman boş qalan otel otaqları fonunda Dövlət Proqramında yeni otel tikintilərinin subsidiyalaşdırılması hansı hədəflərə nail olunacağına dair suallar yaradır. - Ölkəyə xarici turist gətirən yerli turoperatorlara gətirilən hər turistin sayına görə subsidiyaların verilməsi nəzərdə tutulur.
- Proqrama əsasən, ölkədə dağ, mədəniyyət qoruqları və kənd turizm zonalarının yaradılması nəzərdə tutulur. Bu münasibətlə turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik biznes subyektlərinə də maliyyə dəstəyi göstəriləcək.
Hələlik subsidiyaların məbləği açıqlanmır. Lakin ekspertlərin dövlət proqramında qarşıya qoyulan hədəflərə münasibəti birmənalı deyil.
Bir sıra ekspertlər sual edir ki, 2030-cu ildə hədəfə çatılmayacağı təqdirdə dövlətdən xərclənən vəsaitin hesabatlılığını və məsuliyyətini kim daşıyacaq. Eyni zamanda, subsidiyaların bəzi məmur-oliqarx şirkətlərinin korrupsiya yeminə çevriləcəyinə dair də narahatlıqlar var. İndiyədək hökumət ölkənin turizm potensalını inkişaf etdirmək üçün xarici bloqerlərə milyonlarla vəsait xərcləyib. Lakin bu təbliğat-təşviqat metodlarının effektivliyi aşağı olub. Dövlət Proqramına görə isə bu prosesin daha da genişlənməsi, xarici mediada turizm məqsədli materialların yayımının sayının artırılması planlaşdırılır.
Qəbul edilən dövlət proqramının şəffaflığı suallar yaradır
Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədri, iqtisadçı ekspert Zöhrab İsmayıl Meydan TV-yə açıqlamasında dövlət proqramının xeyli qeyri-şəffaf tərəflərinin olduğunu bildirir:
“Turist agentliklərinə, aviaşirkətlərə, investorlara, tədbir təşkilatçılarına, biznes qurumlarına subsidiyalar nəzərdə tutulur. Ancaq burada problem ondan ibarətdir ki, bu təşkilatlar necə seçiləcək. Hazırda turizm sektorunda bu işlə məşğul olan və işlərini qurmağı bacaran biznes təşkilatları var. Belə çıxır həmin biznes təşkilatları avtomatik subsidiya kateqoriyasına düşəcək. Burada meyarların necə müəyyənləşəcəyi bəlli deyil. Yəni artıq mövcud olan biznes üçün proqramın başladığı dövrdən etibarən subsidiyalar veriləcəkmi, yoxsa yeni başlayanlara şamil ediləcək?”.
Z.İsmayılın fikrincə, burada səmərəliliyin ölçülməsinin detalları da bəlli deyil:
“Subsidiyaların verilməsi zamanı maraqların toqquşması, məmur biznesi, dövlət şirkətləri və sair bu kimi məsələlər gündəmə gələcək. O zaman subsidiyaların verilməsinin meyarları, şəffaflığı ilə bağlı məsələlər ortaya çıxacaq. Dövlət proqramında şəffaflığın təmini ilə bağlı suallar açıq qalıb”.
İqtisadçı deyir ki, ehtiyac yaranan sahələrə subsidiya verilməsi mümkündür, ancaq öncə onun sərhədləri müəyyənləşməlidir:
“Dövlət maliyyəsi ayrılırsa, benefisiarların seçilməsi, səmərəlilik ölçüsü öncədən müəyyən olunmalıdır. Yoxsa bir şirkət bir tədbir təşkil edib, 50 nəfəri Azərbaycana gətirəcək. Belə bir praktika indi də var. Sual yaranır ki, belə tədbirlər dövlətə turizm fəaliyyəti kimi satılacaqmı?”.
Z.İsmayılın sözlərinə görə, otel tikintisinə, aviaşirkətlərə birbaşa maliyyənin ayrılması doğru deyil:
“Azərbaycanda otellərdə gecələmələrin qiyməti o qədər də ucuz deyil. Onlar onsuz da turist qəbul edirlər. İndi niyə subsidiya alsın? Burada investorun tikdiyi otelə görə hansısa güzəştlər tətbiq edilə bilər, lakin bu güzəştlər birbaşa maliyyə şəklində olmamalıdır. Yəni bunu subsidiyalı sektora çevirmək doğru deyil.
Ümumiyyətlə, qəbul edilən dövlət proqramında çoxlu boşluqlar, qeyri-müəyyənliklər var. Dərindən baxanda görünür ki, onun hədəfləri heç də böyük hədəflər deyil. Turist sayının artırılması qarşıya qoyulan hədəfdir. Amma maliyyə nəticələrinə dair hədəflərə baxanda görünür ki, o nəticə qarşıdakı 4 il ərzində elə inflyasiya hesabına əldə olunacaq”.
“Quru sərhədləri 6 ildir bağlı olan ölkədə turizm inkişaf edə bilməz”
İqtisadçı ekspert Natiq Cəfərli isə sosial media hesabında yazır ki, quru sərhədləri 6 ildir bağlı olan ölkədə turizm inkişaf edə bilməz, bu mümkün deyil. Yəni sənədin ilk maddəsi quru sərhədlərin açılması olmalıdır:
“Çox sadə misallarla bunu dəfələrlə izah etmişik – bir də deyək: Gürcüstan öz əməyi və doğru siyasəti, “turizm məhsulları icad etmək” nəticəsində regionda turizmin mərkəzinə çevrilib. Bu artıq faktdır. Qonşu ölkələr bundan doğru istifadə etməlidirlər. Avropa, ABŞ, Yaponiya, Çin kimi çox pul xərcləyən yerlərdən gələn turistlər bir bölgəyə gedəndə, çalışırlar ki, ətraf ölkələrə də səfər etsinlər, çünki Cənubi Qafqaz bir dəfə səfər ediləsi coğrafiyadır”.
“İndi nə baş verir: Tutalım, Polşadan böyük bir turist qrupu Gürcüstana gəlir, 2-3 gün gəzdikdən sonra minir avtobusa, Ermənistana keçir, 1-2 gün oranı da gəzir, sonra həmin avtobusla Azərbaycana da gəlmək istəyir – amma sərhədi keçə bilmir. Bu, turizmə, əsasən də Qax-Şəki-Qəbələ və Gəncə-Qazax bölgəsinin turizm potensialına böyük zərbə vurur.
Ermənistan bunu anladı və Gürcüstanla birgə turizm layihələri həyata keçirməyə başladılar – son bir ildə Ermənistana turist səfərləri 19% artıb. Azərbaycana gələn turistlərin sayı isə son bir ildə 14% azalıb.
Bu faktdır. Quru sərhədlərin turizmin inkişafına böyük əngəl olduğunu sübut edən fakt”, – deyə iqtisadçı qeyd edib.