“Sea Breeze” istirahət kompleksinin hovuzunda azyaşlı uşaq ölüb

Sea Breeze Resort Water Park – Mənbə: Sea Breeze

Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət kompleksinin hovuzunda azyaşlı uşaq ölüb. Hadisə avqustun 14-də baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, “112” qaynar xəttinə hovuzda uşağın ayağının su nasosunda sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Bundan sonra əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin əməkdaşları cəlb olunub.

Xilasetmə əməliyyatı başa çatdıqdan sonra nazirlik bildirib ki, xilasedicilərin və təcili tibbi yardım briqadasının müdaxiləsinə, o cümlədən reanimasiya tədbirlərinə baxmayaraq, 2022-ci il təvəllüdlü Akif Cavid oğlu Abdullayevin həyatını xilas etmək mümkün olmayıb.

FHN hadisə ilə bağlı aidiyyəti qurumların araşdırma apardığını bildirib. Hansı qurumun araşdırmanı həyata keçirdiyi və hadisənin hansı səbəbdən baş verdiyi barədə əlavə məlumat verilməyib.

Nazirliyin açıqlamasında hadisənin “Sea Breeze” istirahət mərkəzində baş verdiyi qeyd olunsa da, kompleks ərazisindəki konkret hansı hovuzdan söhbət getdiyi, həmin hovuzun hansı hotelə, yaşayış kompleksinə və ya digər obyektə aid olduğu göstərilmir.

Nardaran qəsəbəsindəki dəbdəbəli “Sea Breeze” istirahət-kurort kompleksinin sahibi İlham Əliyevin keçmiş kürəkəni və ölkənin əyləncə sənayesinin əsas siması olan Emin Ağalarovdur. 

Ana səhifəXəbərlər“Sea Breeze” istirahət kompleksinin hovuzunda azyaşlı uşaq ölüb