Son illər əhalinin yığımlarını xarici valyutada, xüsusilə də dollarda saxlamasına tələbat kəskin azalıb. Bir vaxtlar dollarda olan yığımlarını isə sataraq daha likvid sahələrə yatırım etməkdə maraqlıdırlar. Bu baxımdan, cari ilin birinci yarısına olan məlumatlara görə, kreditləşmə və əmanət qoyuluşlarında dolların payı sürətlə azalır. Eyni zamanda, kommersiya bankları tərəfindən dolların alış və satış həcmləri də aşağı düşüb.
Maliyyə bazarı “manatlaşır”
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov APA-ya müsahibəsində bildirib ki, 2026-cı ilin ilk altı ayında Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarında 757 milyon ABŞ dolları satılıb. 2025-ci ilin eyni dövründə bu rəqəm 2,7 milyard ABŞ dolları, 2024-cü ilin ilk altı ayında isə 3,5 milyard ABŞ dolları olub.
T. Kazımov onu da əlavə edib ki, bu ilin altı ayı ərzində Mərkəzi Bank 1,5 milyard ABŞ dolları həcmində alışyönümlü müdaxilə edib:
“Azərbaycan manatının möhkəmlənməsinin qarşısının alınması üçün müdaxilə etdik ki, məzənnə 1.7 səviyyəsində qalsın. Yəni valyuta bazarında, yenə dediyim kimi, təklif tələbi üstələyir. Əhalinin manata olan inamı son 4 ildə çox artıb. Bu sadəcə sözlər deyil, bunun arxasında rəqəmlər də var”.
O bildirib ki, 2021-ci ildə rezident fiziki şəxslərin əmanətlərinin 40 faizi valyutada idisə, bu gün bu göstərici cəmi 25 faizdir:
“Yəni azala-azala dollarlaşma səviyyəsi düşür. Son 4 ildə manatla olan əmanətlərin həcmi iki dəfədən çox artıb. Rəqəmlə desək, 6,3 milyard artıb və 12,5 milyard manat səviyyəsində formalaşır. Bu da əhalinin manata inamının gücləndiyini və valyutaya tələbatın azaldığını göstərir”.
Dollara tələb niyə azalıb?
İqtisadçı-ekspert Toğrul Vəliyev Meydan TV-yə açıqlamasında bildirir ki, mövcud prosesdə Azərbaycan Mərkəzi Bankının banklara satdığı valyuta həcmi ilə bazarda baş verən prosesləri fərqləndirmək lazımdır. İqtisadçının sözlərinə görə, Mərkəzi Bank və Dövlət Neft Fondu bir çox hallarda dövlət büdcəsi ilə bağlı hansısa tələbləri, öhdəlikləri yerinə yetirmək üçün satış həyata keçirir:
“Yəni o hərraclar sistemi fərqlidir, real bazarda baş verən proseslər isə tam fərqlidir. 2025 və 2026-cı illərin ilk 6 ayını müqayisə etdikdə banklar tərəfindən bazardan əldə olunan valyuta həcmlərində demək olar ki, ciddi dəyişiklik yoxdur. Yəni insanların satdığı dolların həcmində dəyişiklik mövcud deyil. 2023-2024-cü illə müqayisədə cari ildə daha yuxarı səviyyədədir. Əhali 950 milyon dollar həcmində banklara valyuta satıb. Bu da 2022-ci illə eyni səviyyədədir”.
İqtisadçı deyir ki, əhalinin dollar alışı kəskin şəkildə azalıb:
“Bunun da əsas səbəbi müəyyən məhdudiyyətlərin qoyulmasıdır, həm də hər hansı bir ciddi dəyişikliklərin baş verməməsidir. Yəni ən pik dövrlər 2023 və 2024-cü illərə düşür. Əhali banklardan daha çox dollar əldə edirdi. Bunun səbəbi müəyyən kataklizmlərlə bağlı idi. 2022-ci ildə Rusiya-Ukrayna müharibəsinin başlanğıcı, 2024-cü ildə bunun intensivləşməsi və digər münaqişələr əhalinin dollara olan tələbatını artırmışdı. Eyni zamanda nəzərə almaq lazımdır ki, valyuta təkcə yığım vəsaiti kimi istifadə olunmur. Həm də idxalın ödənilməsi üçün istifadə olunur. Son 3 ildə idxal inflyasiyasının daha yüksək təsirə malik olduğunu hiss edirik. İdxalın bahalaşması dollara olan tələbatı da artırır. 2026-cı ildə dövlətin iri neft layihələrini çıxmaq şərti ilə real idxalda azalma baş verdiyini görürük. Bunun da səbəbi həm qiymət artımıdır, həm də iqtisadi vəziyyətdə artım olmadığına görə tələbat da yaranmayacaq”.
T.Vəliyev əmanətlərdə və kreditlərdə manatlaşmanın yüksəlməsinin səbəbini manatın dollar qarşısında uzun müddətdir sabit qalması ilə izah edir:
“2017-ci ildən bəri Azərbaycanda dolların məzənnəsi dəyişmir. Eyni zamanda dollarda olan əmanətlərin faizləri kəskin şəkildə aşağı düşdü. İndiki məqamda manatla faizlər daha yuxarıdır – 11-12 faizə qədər çatıb. Amma dollarda, digər xarici valyutalarda əmanətlərin faiz dərəcələri çox aşağıdır. Məzənnə sabit olduğu üçün əhali xarici valyuta əldə etməkdə maraqlı deyil. Eyni zamanda limitlər və məhdudiyyətlər tətbiq edilib ki, bunlar da təsir göstərir. Məhdudiyyətlər daha çox rəsmi əməliyyatlara təsir edir. Amma banklar tərəfindən dolların alış həcmi 2026-cı ildə 2025-ci illə müqayisədə stabildir”.
“Mərkəzi Bankın məlumatına görə, bu ilin 6 ayında 450 milyon dollar satış həyata keçirilib. 2025-ci ildə 980 milyon, 2024-cü ildə 785 milyon dollar olub. Bundan yuxarı rəqəmlər olarsa, bu, artıq iqtisadi problemin göstəricisidir. İndiki göstəricilər onu deməyə əsas verir ki, artıq dollar almağın mənası qalmayıb. Vaxtilə kimdəsə qalıbsa, hazırda nəyəsə yatırım edir. Burada Mərkəzi Bankın xüsusi bir rolu yoxdur. İqtisadi vəziyyət bərbaddır deyə, müəyyən təsirlər baş verib. Sabit məzənnə olmasaydı, vəziyyət tam başqa şəkildə olacaqdı. Sabit məzənnə olduğuna görə, xarici valyutalara yatırım etməyin mənası qalmır. Bu da Mərkəzi Bank üçün problemdir. Çünki onlar sabit məzənnəni saxlamalıdır. Saxlamaq üçün məcburi qaydada intervensiyanı həyata keçirməlidir”,– deyə iqtisadçı vurğulayır.