Ötən həftə Göygöldə keçirilən V Milli Yaylaq Festivalı uçan çardaq və faciə ilə yadda qalıb. Göygöl Rayon İcra Hakimiyyəti və Gənclər və İdman Nazirliyinin təşkil etdiyi festivalda biri 8 yaşlı uşaq olmaqla, 8 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
“Qafqazinfo”nun məlumatına görə, yaylaqda quraşdırılmış çardaq uçaraq ərazidə olan insanların üzərinə aşıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları və aidiyyəti dövlət qurumlarının əməkdaşları cəlb olunub.
Hadisə nəticəsində 58 yaşlı Həmayə Fətullayeva, 8 yaşlı D.A. (ad şərtidir), 51 yaşlı Təranə Cəfərova, 36 yaşlı Aytəmiz Oruci, 27 yaşlı Əli Məmmədzadə, 58 yaşlı Nailə İsmayılova, 28 yaşlı Kamran Zeynalov və 29 yaşlı Vüsət Zeynalov Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.
Milli Yaylaq Festivalının təşkilatçıları hadisə ilə bağlı yaydıqları açıqlamada bildiriblər ki, festival zamanı səhnə aşmayıb. Cıdır meydanının yaxınlığında yerləşən, atlar üçün saman saxlanılması məqsədilə nəzərdə tutulmuş yüngül taxta konstruksiyalı, üstü qarğı ilə örtülmüş çardaq çöküb.
Açıqlamada qeyd olunub ki, çökən çardaq insanların oturması üçün nəzərdə tutulmayıb, masa və oturacaqlarla təchiz edilməyib, həmçinin onun altında heç bir xidmət təşkil olunmayıb.
Hadisənin başvermə səbəblərinin aparılan araşdırmanın nəticələrinə əsasən müəyyən ediləcəyi bildirilib.
Dövlət satınalmaları portalındakı məlumata əsasən, Gənclər və İdman Nazirliyi Milli Yaylaq Festivalının təşkili üçün 215,2 min manat vəsait xərcləyib. Tenderin qalibi isə “VATA” MMC olub.
2021-ci ilin oktyabrında yaradılan şirkətin qanuni təmsilçisi Məmmədov Faiq Məhəmməd oğlu göstərilir.
Meydan TV-nin araşdırmasına görə, “VATA” MMC “VATA GROUP” MMC-nin törəmə şirkətidir. “VATA GROUP”un iki qanuni təmsilçisi var – Kənan və Vüsal Fuad oğlu Atayevlər. Vüsal Atayev Neftçala Rayon İcra Hakimiyyəti başçısının köməkçisi Mirhəsən Seyidovun köməkçisi, Kənan Atayev isə “ATA CONSULTING” şirkətinin rəhbəridir.
MMC yarandığı 2021-ci ildən etibarən dövlət qurumlarından milyonlarla manat dəyərində tenderlər qazanıb.
Şirkət, xüsusilə Dövlət Turizm Agentliyinin xarici jurnalistlərin, blogerlərin və turizm şirkətlərinin nümayəndələrinin Azərbaycana tanışlıq səfərlərinin təşkili ilə bağlı keçirdiyi tenderlərin qalibi olması ilə tanınır.
Cari ilin əvvəlində isə şirkət Gənclər və İdman Nazirliyinin dəyəri 1 milyon 87 min manat olan “Gənclər Həftəsi 2026” tədbirinin təşkili üzrə tenderini də qazanıb.
Artıq 5 ildir keçirilən Milli Yaylaq Festivalının təşkilatçılığında Göygöl Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman Nazirliyi ilə yanaşı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), “Cavad Xan” Tarix və Mədəniyyət Fondu və “KAP.AZ” MMC də iştirak edir.