Özbəkistan və Seneqal millillərinin oyunçuları itlərlə yoxlanılır, İraq oyunçusu 7 saat sorğuya çəkilir. Afrikanın ən yaxşı hakimi çempionata qəbul edilmir. İran millisinin texniki heyətinə və Federasiyanın rəsmilərinə viza verilmir.
İyunun 11-də başlayan Dünya Çempionatı, yaşıl meydanlardakı qollardan və həyəcandan daha çox idman aləmini sarsıdan xaos, siyasi gərginlik və qəribə hadisələrlə gündəmə gəlib. Azarkeşlər böyük futbol bayramı gözləyərkən, turnirin pərdəarxası daha çox casusluq filmlərini xatırladır.
Bu dünya çempionatında ABŞ-nin təhlükəsizlik toruna ilişən idmançılar, viza böhranları və diplomatik divarlar yaşıl meydanın üzərinə ağır bir kölgə salıb. Hətta iş o yerə çatıb ki, siyasətin futbola birbaşa müdaxiləsi artıq gizlədilmir.
Prezident Donald Trampın FİFA rəhbərliyinə şəxsən zəng etməsindən sonra, ABŞ millisi oyunçusunun aldığı qırmızı kartın növbəti oyun üçün ləğv edilməsi idman ictimaiyyətində şok effekti yaradıb. Bu hadisə futbolun artıq sadəcə qolların deyil, dövlətlərarası güc nümayişinin və siyasi təzyiqlərin poliqonuna çevrildiyini növbəti dəfə sübut edir.
Dünya Çempionatının 1/32 mərhələsində keçirilən ABŞ – Bosniya və Herseqovina matçında braziliyalı baş hakim Rafael Klaus ilk anda qayda pozuntusu qeydə almasa da, Video Köməkçi Hakim sisteminin xəbərdarlığından sonra epizoda yenidən baxdı. Videotəkrar zamanı ABŞ millisinin ulduz hücumçusu və turnirdəki əsas qol silahı Folarin Baloqunun rəqib oyunçunun topuğunu qəsdən olmasa da, sərt şəkildə tapdaladığı müəyyən olundu. Hakim dərhal Baloquna birbaşa qırmızı kart göstərərək onu meydandan qovdu. ABŞ matçı 2-0 hesabı ilə qalib başa vursa da, qaydalara görə birbaşa qırmızı kart növbəti 1/16 mərhələsindəki Belçika matçı üçün avtomatik olaraq 1 oyunluq cəza demək idi.
Hadisələr məhz bu oyundan sonra tam bir siyasi dramatik xarakter aldı. ABŞ Prezidenti Donald Tramp FİFA prezidenti Infantinoya şəxsən zəng edərək epizodun qayda pozuntusu olmadığını iddia etdi və baş hakimi tənqid etdi. Bu zəngdən cəmi 4 gün sonra FİFA İntizam Komitəsi öz reqlamentinin 27-ci maddəsinə sığınaraq Baloqunun cəzasını 1 illik sınaq müddəti ilə təxirə saldığını açıqladı. Dünya Çempionatları tarixində 1962-ci ildən bəri ilk dəfə idi ki, birbaşa qırmızı kart alan oyunçunun cəzası növbəti oyun üçün qüvvədən düşürdü. FİFA-nın bu addımı Belçika Federasiyası tərəfindən “FİFA ofislərində 5 iyul tarixinin 1 aprel – gülüş günü kimi qəbul edilməsi” olaraq lağa qoyuldu, UEFA isə FİFA-nı futbolun dürüstlük prinsiplərini ayaqlar altına almaqda ittiham etdi.
Lakin bu baş verənlər futbol qardaşlığının ilk zədəsi deyil. Dünya Çempionatının tarixində elə hadisələr, elə siyasi krizislər yaşanıb ki, bu gün baş verən xaos həmin böyük dramların sadəcə bir davamıdır.
Tarixin yaddaşını vərəqləsək görərik ki, soyuq müharibənin pik nöqtəsində Şimali Koreya millisi İngiltərəyə gələndə, Britaniya hökuməti qırmızı rejimdən gələn bu komandanı tam bir casus şəbəkəsi kimi qarşıladı. Futbolçuların hər addımı izlənir, otelləri nəzarətdə saxlanılırdı. Lakin siyasi təzyiqlərə rəğmən, Şimali Koreya dünya nəhəngi İtaliyanı 1-0 hesabı ilə məğlub edərək turnirdən kənarlaşdırdı. Bu nəticə o qədər böyük siyasi şok yaratdı ki, İtaliya millisi ölkəsinə qayıdanda azarkeşlər tərəfindən hava limanında pomidor atəşinə tutuldu, Şimali Koreya isə Qərbin ortasında kommunizmin qələbəsini bayram etdi.
Bu gün İraq və ya İran komandalarının qarşılaşdığı təzyiqlər, 1978-ci ildə Argentinada yaşanan dəhşətin yanında sadəcə yüngül bir prosedur kimi qalır. Argentinada hakimiyyətdə olan qanlı hərbi xunta – General Videla rejimi ölkədəki müxalifləri edam edir, insanları gizli həbsxanalarda saxlayırdı. Stadionların cəmi bir neçə yüz metrliyində işgəncə mərkəzləri fəaliyyət göstərirdi.
2022-ci ildə Qətərdə keçirilən Dünya çempionatı da işçi ölümləri və rüşvət qalmaqalı ilə yadda qaldı. Hər şey 2010-cu ilin dekabrında, Sürixdəki qapalı qapılar arxasında başladı. Dönəmin FİFA prezidenti səhnəyə çıxıb zərfdən “Qətər” adını çıxaranda, hamı bunun idman uğuru olmadığını bilirdi.
Futbol ənənəsi olmayan, yayda temperaturun 50 dərəcəyə çatdığı balaca bir körfəz ölkəsi, ABŞ və Avstraliya kimi nəhəngləri geridə qoymuşdu. Çünki pərdəarxasında trilyonluq neft-qaz müqavilələri və FİFA rəsmilərinin satın alınan səsləri danışırdı. Sonradan o səsvermədə iştirak edən icraiyyə komitəsi üzvlərinin demək olar ki, hamısı korrupsiya ittihamı ilə həbs olunacaq və ya futboldan uzaqlaşdırılacaqdı. Amma ox yaydan çıxmışdı.
Səhra ortasında sıfırdan 7 müasir stadion, bütöv bir şəhər və nəhəng infrastruktur qurulmalı idi. Bunun üçün Nepal, Hindistan, Banqladeş və Pakistandan milyonlarla miqrant işçi gətirildi. Ölkəyə ayaq basan kimi işçilərin pasportları əllərindən alındı, azadlıqları məhdudlaşdırıldı. Beynəlxalq insan haqları təşkilatlarının hesabatlarına görə, 50 dərəcə bürkülü havada, qeyri-insani şəraitdə işlədilən 6500-dən çox miqrant işçi bu tikintilərdə can verdi.
Futbol hər nə qədər yaşıl meydanda bitən saf bir idman oyunu kimi görünsə də, tarix bizə onun böyük güclərin siyasi şahmat taxtası olduğunu dəfələrlə sübut edib.
Çünki tribunalar susub projektorlar sönəndə belə, pərdəarxasındakı bu diplomatik savaşlar və insan dramları idmanın unudulmaz, bir o qədər də qaranlıq salnaməsi olaraq qalmağa davam edir.
Filosof Əli Şəriətinin bu məsələ ilə bağlı bu fikrini yada salmaq yerinə düşərdi: “Əgər tribunalardan gələn qışqırıqlar müharibələrdə ölən məzlumların səsini basdırırsa, futbol tiryəkdir”.
Bəs sizcə, yaşıl meydandakı 90 dəqiqəlik həyəcan dövlətlərin geosiyasi maraqlarını, gizli sövdələşmələri və insan dramlarını ört-basdır etməyə bəs edirmi?