Zaqatala sakini: Fövqəladə Hallar Nazirliyi evimə ayrılan pulu mənə demir

“Ombudsmanın səlahiyyəti var ki, informasiyanın verilməsini tələb etsin”.

Source: Specify Source


“Belə çıxır ki, mənim evimi özümdən gizlin tikiblər”

Zaqatala rayonunun Çobankol kəndində Eldar Atayevə məxsus ev son səkkiz ildə iki dəfə yerlə-yeksan olub. Birinci dəfə 2012-ci ildə zəlzələdən, ikinci dəfə də 2019-cu ilin 27 iyulunda yanğından…

Eldar Atayev Meydan TV-yə danışır ki, ikimərtəbəli, beşotaqlı bu ev atasından qalıb:

“Ev rəhmətlik atamdan qalsa da, sonradan özüm xeyli əl gəzdirmişdim. Demək olar ki, yenidən tikmişdim. 2012-ci ilin mayında Zaqatalada zəlzələ olanda bizim evin divarları da bir neçə yerdən əməlli-başlı partladı. Hökumət nümayəndələri gəldi, yoxladılar. Sübut olundu ki, ev qəzalı vəziyyətdədir, bu barədə rəy verdilər. Sonra o evi yenidən tikib bizə verdilər. Keçən il iyulun 27-də yanıb kül oldu…”


“Eşitdiyimə görə, üçotaqlı evə 140-150 min pul yazılıb”

Ev sahibinin sözlərinə görə, mülkü icbari qaydada sığortalanmışdı. Ona görə də yanğından sonra sığorta şirkətinə üz tutub. Amma təklif olunan məbləğ onu qane etməyib. Deyir ki, sığorta şirkəti ona çox aşağı məbləğ vermək istəyir. E.Atayev əmlakının dəyərini sübut etmək üçün Fövqəladə Hallar Nazirliyinə üz tutub ki, evinə xərclənmiş vəsait və podratçı şirkət haqda məlumatı alıb, sığorta şirkətinə təqdim edə bilsin:

“Fövqəladə Halların rəyi və başqa sənədlərin hamısı bizdədir. Onları sığorta şirkətinə təqdim eləmişik. Amma o sənədlərdə evin tikintisinə nə qədər pul xərcləndiyi yoxdur. Ev yanıb kül olub. Sübut eləyə də bilmirik ki, neçəyə başa gəlib. Mən də smetanı bilmirəm. Eşitdiyimə görə, üçotaqlı evə 140-150 min pul yazılıb. Yenə deyirəm, eşitdiyimdir, dəqiq bilmirəm. Pulu sığorta şirkətindən tələb etmək üçün tikintinin smetasını müəyyənləşdirməliyik ki, neçəyə başa gəlmişdi…”

image_from_ios (1).jpg
“Ev rəhmətlik atamdan qalsa da, sonradan özüm xeyli əl gəzdirmişdim”.


“Öz evimə xərclənən pulu mənə demirlər”

E.Atayev deyir ki, özü də, vəkili də dəfələrlə FHN-nə sorğu göndərib, məktublar yazıb. Amma onun evinin tikintisinə xərclənən məbləğ barədə məlumat almaq cəhdləri uğursuz olub. Nazirlik bir neçə sorğuya ümumiyyətlə, cavab verməyib. Cavab verdiklərində də yazılıb ki, bu barədə məlumat məxfidir, daxili istifadə üçün nəzərdə tutulub, açıqlana bilməz: “Birincisi, dövlət büdcəsindən ayrılan vəsaitin xərclənməsindən söhbət gedir, bu məsələdə şəffaflıq olmalıdır. İkincisi, öz evimin smetasını istəyirəm, başqasına aid məlumatı istəmirəm ki. Anlaya bilmirəm ki, öz evimə aid məlumatı niyə vermək istəmirlər? Hətta məxfi olsa belə, şəxsin özünə verilməlidir”.

Ev sahibinin fikrincə, məlumatın gizlədilməsi şübhələrə yol açır. Onun versiyalarından biri budur ki, ola bilsin, sənədlərdə xərclənən vəsaitin məbləği şişirdilib, daha çox göstərilib. Bu üzdən rəqəmləri açıqlamaq istəmirlər.


“Təəssüf ki, Ombudsman səlahiyyətindən istifadə etmir”

FHN-dən müsbət cavab ala bilməyən E.Babayev yardım üçün Ombudsmana üz tutub: “Ombudsmanın səlahiyyəti var ki, informasiyanın verilməsini tələb etsin. Ona görə vəkilim vasitəsilə Ombudsmana məktub yazıb xahiş etdik ki, evimə xərclən pulun məbləği və podratçı təşkilat haqqında məlumatı almağıma yardımçı olsun. Amma bu cəhdimiz də hələ nəticəsiz qalıb. Təəssüf ki, Ombudsman bu cür məsələlərdə öz səlahiyyətindən istifadə etmir”.

copy_of_untitled9.png
Eldar Atayev


Fövqəladə Hallar Komissiyasının sədri: “Tikintini nazirlik aparıb”

E.Atayev evinə aid məlumatları almaq üçün Zaqatala Rayon İcra Hakimiyyətinə də müraciət edib. Çünki icra başçısının birinci müavini həm də rayonda Fövqəladə Hallar Komissiyasının sədridir.

“Zaqatala rayonunda zəlzələdən sonra qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin tikintisi Fövqəladə Hallar Nazirliyi tərəfindən aparıldığından istənilən məlumatları almaq üçün bu quruma müraciət etmək tövsiyə olunur”, – icra başçısının birinci müavini, komissiyanın sədri Tofiq Əhmədovun imzasıyla E.Atayevə gələn cavab məktubunda belə yazılıb.

Zaqatala Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, bu məsələlərlə FHN məşğul olduğundan onlarda məlumat yoxdur. FHN-dən isə münasibət öyrənmək mümkün olmayıb.

E.Atayev hazırda məhkəmədə sığorta şirkətilə çəkişir. Amma yaxın günlərdə FHN-nə qarşı da ayrıca iddia qaldırmaq niyyətindədir: “Belə çıxır ki, mənim evimi məndən gizli tikiblər…”.

image_from_ios.jpg
“Anlaya bilmirəm ki, öz evimə aid məlumatı niyə vermək istəmirlər?”
image_from_ios_3_rydj1so
İcra Hakimiyyətinin cavab məktubu
Ana səhifəBölgəZaqatala sakini: Fövqəladə Hallar Nazirliyi evimə ayrılan pulu mənə demir