Yunis Səfərovun vəkili DTX-ya müraciət etdi

Yunis Səfərov təxminən 10 gün əvvəl DTX-da istintaq olunan başqa bir cinayət işi ilə əlaqədar Bakı İstintaq Təcridxanasından bu quruma köçürülüb, lakin onun konkret hansı məsələ ilə bağlı istintaqa cəlb olunduğu məlum deyil.

Yunis Səfərov, Foto: Meydan TV

"İstintaqda iştirak etməyimə şərait yaradılsın"

Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdə görə ömürlük azadlıqdan məhrum edilmiş Yunis Səfərovun vəkili Bəxtiyar Hacıyev Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət edib.

Vəkil DTX-da araşdırılan cinayət işi üzrə istintaqa buraxılmasını, müvəkkili ilə bağlı dindirmə, üzləşdirmə kimi istintaq hərəkətlərində prosesində iştirakına şərait yaradılmasını istəyir.

Yunis Səfərov təxminən 10 gün əvvəl DTX-da istintaq olunan başqa bir cinayət işi ilə əlaqədar Bakı İstintaq Təcridxanasından bu quruma köçürülüb, lakin onun konkret hansı məsələ ilə bağlı istintaqa cəlb olunduğu məlum deyil.

Anası Leyla İsmayılova bildirib ki, oğlunun köçürülməsi və onunla bağlı baş verən başqa məsələlər haqda ailə üzvlərinə heç bir məlumat verilməyib: "Köçürülməsi haqda da bizə heç nə deyiməmişdi. Bir neçə gündən sonra özümüz başqa kanallar vasitəsilə bunu öyrəndik. Hətta əvvəl eşitmişdik ki, Qobustan həbsxanasına aparıblar. Sonra vəkil öyrəndi ki, DTX-ya aparıblar".

Elmar Vəliyevə qarşı sui-qəsdlə bağlı məhkəmə prosesində Yunis Səfərovun hüquqlarını müdafiə etmiş Bəxtiyar Hacıyev Meydan TV-yə bildirib ki, DTX-dakı istintaq prosesində də iştirak edə bilməsi üçün onun ailəsilə artıq yeni müqavilə bağlayıb: "Müraciətimdə də qeyd eləmişəm ki, mən artıq bu iş üzrə də onun vəkiliyəm. Bu səbəbdən də istintaq prosesinə cəlb olunmağımı, Yunis Səfərovla görüşməyimə şərait yaradılmasını istəmişəm".

2018-ci il iyulun 3-də odlu silahla Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazova xəsarət yetirən Yunis Səfərov bu ilin avqustunda ömürlük azadlıqdan məhrum edilib.

İttihamda iddia olunur ki, Yunis Səfərov ölkədə dövlət çevrilişi etmək, dini dövlət qurmaq məqsədilə bu terror aktını törədib.

Yunis Səfərov isə bu ittihamı rədd edir.

O bildirib ki, Elmar Vəliyevi əhaliyə zülm elədiyinə, vətəndaşların hüquqlarını pozduğuna və bu qəbildən olan şikayətlərə yuxarı dövlət orqanları baxıb tədbir görmədiyinə görə öldürmək istəyib.

Ana səhifəSiyasətYunis Səfərovun vəkili DTX-ya müraciət etdi