”Yazırlar ki, bunu bekarçılıqdan edirəm…”

Taleh Yüzbəyov
Taleh Yüzbəyov


Taleh Yüzbəyov internet məkanında qəfil və sürətlə tanındı. Maraqlıdır ki, Taleh aktyor olduğu halda, məşhurluğu ona filmlər və ya teatr deyil, sosial şəbəkələr gətirdi. İnsanların həvəslə izlədiyi, güldüyü, videolarını paylaşdığı aktyor kimdir, nə iş görür, izləyiciləri ilə münasibətləri necə qurur, özü nələrlə maraqlanır? Taleh Yüzbəyov Meydan TV-nin ona ünvanladığı suallara cavab verir.


Taleh bəy, izləyiciləriniz barənizdə müxtəlif informasiyalara sahibdirlər. Menecersiniz, aktyorluq təhsiliniz yoxdur, videolarınızı işlədiyiniz ofislərdə çəkirsiniz və s. Bəlkə, əslində necə olduğunu özünüz danışasınız?

– Əslində menecer deyiləm, korporativ xidmət üzrə mütəxəssisəm. Böyük şirkətlərin birində işləyirəm. Amma həm də aktyoram – Pantomim Teatrının aktyoru olmuşam. Videoları isə ofisdə və evdə çəkirəm. Çünki gün ərzində ən çox vaxtımı məhz bu iki məkanda keçirirəm. Bəzən şərhlərdə “bekarçılıqdan belə eləyir” yazırlar, bu, məni çox qıcıqlandırır. “Məşğul olub, neyləmisən?!” yazmaq keçir ürəyimdən. Əslində vaxtım çox azdır və videoları bir az vaxt tapan kimi çəkirəm. Bekar olsaydım, daha məhsuldar ola bilərdim, məncə.


Çəkdiyiniz videoların üstündə işləyən bir komanda varmı,yoxsa hamısını tək edirsiniz?

– Komanda iş yoldaşlarım və ailə üzvlərimdir. Sağ olsunlar, həmişə kömək edirlər. Biri operatorluq edir, biri ssenariyə duz qatır, çoxu aktyor kimi oynayır. Və bu işlərdə heç bir təcrübələri olmasa da, çox yaxşı bacarırlar. Evdə isə ya özüm çəkirəm, ya da evdəkilər kömək edir. Bəlkə də çox adam bilmir, amma videolarımın hamısını telefonuma çəkib, elə orda da montaj eləyirəm.


Şəxsən mən yaradıcılığınızla həyat yoldaşım vasitəsilə tanış olmuşam. Onun bütün videolarınızı izlədiyini görüb, maraqlandım. Bu hal onu təsdiq edir ki, ən yaxşı reklamçı yaxşı iş və razı qalan izləyicidir. Siz videolarınız vasitəsilə nə etməyə çalışırsınız? İnsanlara xoş ovqat bağışlamaq, özünüzə auditoriyaya toplamaq, yoxsa aktyor ya rejissor kimi özünüifadəni təmin etmək?

– Əslində sadaladığınız halların hamısından bir az var. İnsanlara xoş ovqat bağışlamaq özü də bir fetişdir. Yəni sənin zarafatılna kimsə gülürsə, sən özün də bundan zövq alırsan. Ona görə yenə də kimlərisə güldürməyə meyl edirsən. Auditoriya isə ayrı bir mövzudur. Əlbəttə, çox adama yetişmək daha xoşdur, amma mən hər adamı öz səhifəmdə görməyə şad deyiləm. Bir bilsəniz nə qədər adamı “block” eləmişəm. Əgər bir şəxs sarkazmı anlamırsa, – block! Söyüş söyürsə, – block! Məni söyməsə belə. Qızlara söz atırsa, – block! Videonu bəyənmədiyini kobud formada bildirirsə, – block! Mən onu bu əzabdan xilas edirəm. Əgər bu, sənə belə pis təsir edirsə, görməsən yaxşıdır prinsipi ilə. Yəni istəyirəm, səhifədə ancaq məni doğrudan bəyənən və anlayan insanlar qalsın. Özünüifadə isə səhifənin əsas məğzidir. Çünki deməyə sözüm, paylaşmağa sevincim və kədərim var. Əvvəllər bunu teatrda edirdim. İndi səhnəsiz qalmışam, burda edirəm.

(embedded content removed)


Sizcə, videobloqların bol olduğu bir zamanda, insanların sizin videolara maraq göstərməsinin səbəbi nədir? Onlar niyə bu videolardan xoşlanır, paylaşır, xoş sözlər deyir?

– Doğrusu, dəqiq səbəbini deyə bilmərəm. Həmçinin, böyük maraq olduğunu da deməyə dilim gəlmir. Amma xoşlamaqlarına səbəb özüməməxsus olması ola bilər. Mən qəbul olunmuş stildə çəkmədim. Videolarım “vine” və “instagram” videolarından uzundur. Bir çoxunda isə müəyyən ideya var. Yumorum bir az fərqlidir. Təvazökarlıqdan uzaq da olsa, məncə, müəyyən qədər səbəblər budur.


Sizcə, sosial şəbəkələr olmasaydı, aktyor kimi uğur qazana bilərdiniz?

– Əgər bu illər ərzində qazanmamışamsa, yəqin ki, yox. Mən 2008-ci ildən teatrda işləmişəm, 10-a yaxın reklamda, bir neçə klipdə, teletamaşada, bir kinoda çəkilmişəm. Öz ətrafımdan başqa heç kəs tanımırdı. Amma bir “Ceyhun” videosu ilə bir çox adam tanıdı. İki serialda və bir filmdə baş rol, bir neçə reklam təklifi gəldi. Əlbəttə, sırf belə tanınmaq istəməzdim. Heç buna ümid də etmirdim. Sadəcə belə alındı. Bir dəfə status da yazmışdım: “Biz Hamlet oynamaq iddiasında olub, Şrek paltarı geyib, toylara gedən aktyor nəsliyik!”.


Başqa ölkələrdə internet fenomenlərinin izləyici auditoriyasını maddi gəlirə konvertasiya etməsi çox asandır. Çoxlu izləyiciləri olanlar xeyli reklam təklifləri alır, bununla da gəlir əldə edirlər. İnternet fenomeni olmağınız sizə nəsə qazandıra bilirmi?

– Yavaş-yavaş qazanmağa başlayıram. Bu yaxınlarda bir sıra reklam silsiləsinə də çəkilmişəm. “Youtube” kanalından isə bu vaxta kimi 57 sent qazanmışam. Min bərəkət.


Diqqətimi çəkən məqamlardan biri də, oyunlarınızda, mövzularınızda populizmin, kütləyə işləyən nüansların olmamasıdır. Necə oldu ki, insanların rəğbətini qazanmaq üçün istifadə olunan üsullardan (vətənpərvərlik, pafoslu çıxışlar, əməlisaleh, super əxlaqlı yaxşı oğlan kimi tanınmaq) imtina etdiniz?

– Çünki bu, əzəldən məqsədim olmayıb. Mən də bilirəm ki, bu cür çıxışla daha çox rəğbət qazanmaq olur. Amma niyə? Əlbəttə, mənim də gündəmə uyğun videolarım var, amma həmin videoların məqsədləri bu deyil. Bəzən kütlənin heç xoşuna gəlməyəcək videolar da çəkirəm. Məsələn, yalançı dindarlar haqda video çəkəndə bilirdim ki, tənqid olunacam, amma həqiqət hər şeydən üstündür. Mən özüm də inanclıyam. Lakin nəyinsə xatirinə həqiqəti niyə danmalıyam ki?! Və ya evli kişilərin dramı haqda. Nə qədər xanım incidi, sərt şərhlər yazdı, səhifəni “unlike” etdi. Amma mən yalandan özümdən heç nə uydurmuram ki. Sadəcə bəzəyirəm.


Taleh, sizin də rol aldığınız “Oğlan evi” filmini izlədim. Komediyanın uğurlu alınmasından başqa orda elə nüanslar vardı ki, yerli komediya nədənsə o nüsanslara gəlib çata bilmir. Bu mənada siz bir yaradıcı adam və komediyanın, gülüşün nə olduğunu bilən biri kimi, filmin uğurunu nədə görürsünüz? Filmin yaradıcı heyəti nədən istifadə etməklə yanaşı, nələrdən imtina etmişdi?

– Film mənim də xoşuma gəldi. Yaradıcı heyət hər şeyə peşəkarlıqla yanaşmışdı. Filmin digər komediya filmlərindən əsas üstünlüyü ideyasının olması idi. Və bu ideya həqiqi və konkret problemlərə dayanırdı. Həmçinin düşünülmüş, konfliktli sujet. Buna da bizdə hər komediyada rast gəlmək olmur. Yaxşı fikirləşilmiş zarafat və “gag”-lar. Filmin yaradıcıları bayağı zarafatlardan və vulqarizmlərdən imtina etmişdilər. İndiki bazarda isə bu, böyük risk sayılır.


“Evli kişinin dramı” xüsusi paylaşılan videolardandır. Bu mövzu sizin üçün niyə belə həssasdır?

– Çünki özüm evliyəm. Əsas səbəb isə kökündə həqiqətlərin olmasıdır. Evli xanımlar kimi evli kişilər də bir çox şeydən məhrum olur. Mən sadəcə kişilər adından çıxış etdim. Amma boynuma alıram ki, evli xanımlar daha çox əziyyət çəkən tərəfdir. Və bir xanım bu haqda çəksə, çox sevinərəm. Amma çəkə bilməsələr, söz verirəm ki, “Evli xanımın dramı”nı da özüm çəkəcəm.


Evli kişi demişkən, fanatlarınız arasında ifrat səmimiyyət göstərib problem yaradan, qarğış tökən, təhqir edən, gündə iyirmi səkkiz min dəfə yazanlar yəqin çoxdur. Hiperdiqqətli izləyicilirinizlə münasibəti necə qurursunuz?

(embedded content removed)

– Çalışıram, ümumiyyətlə, yazılan heç bir mesajı cavabsız qoymayım. Və nə qədər ki, bunu etməyə vaxtım olacaq, edəcəm. Çünki yazılan salama cavab verməməyi bir az mədəniyyətsizlik sayıram. Nəsə soruşulanda, çalışıram cavablandırım. Amma adam sadəcə söhbət eləmək istəyirsə, artıq cavab yazmıram. Çünki şəxsi yazışmağı xoşlamıram və buna səbəb görmürəm. Xanımların yazmasına görə bəzən problemlər də yaşayıram. Bir ara hətta yaşlı xanımlar da yazırdı. Amma indi sakitlikdir.


Adətən müsahiblərimə belə suallar vermirəm, amma nədənsə mənə sizin gündəlik həyatınız, necə dolanmağınız, necə əylənməyiniz, gecə həyatı keçirib-keçirməməyiniz maraqlıdır. Düşünürəm ki, izləyiciləriniz arasında da bu suallara cavab axtaranlar az deyil. Bəlkə bir az bütün bu şeylər barədə danışasınız?

– Gündəlik həyatım adətən ev və işdən ibarətdir. Çəkiliş olanda işdən sonra ora gedirəm, həftədə bir-iki gün dostlarla görüşüb Fəvvarələr Meydanında gəzirəm, çəkmək istədiyimiz kinodan danışırıq, amma hələ də çəkə bilmirik, çünki ssenarini heç cür yazıb qurtara bilmirəm. Bəzən uşaqlarla yığışıb futbol oynayırıq, bəzən hardasa otururuq. Çayxanada oturmağı elə də xoşlamıram. Gecə həyatına heç vaxt meyilli olmamışam. Valideyn olandan sonra, ümumiyyətlə, buna nə vaxt, nə də imkan olur. İndi adətən işdən sonra ya kinoya baxıram, ya ssenari yazıram, ya da “PlayStation” oynayıram. Ümumiyyətlə, dağınıq adamam. Yaxınlarıma çox vaxt ayıra bilmirəm. Ona görə çox yaxınım məndən inciyir.


Son olaraq, məşhur aktyorun, videobloqqerin özünün kimləri izləməsi maraqlıdır. İnternetdə, kinoda sizə kimlər, hansı mövzular maraqlıdır?

– Özüm bir çox video bloqqerləri izləyirəm. Bəyəndiklərimi like eləyirəm, bundan çəkinmirəm. Kinoda zövqüm bir az qarışıqdır. Rasim Ocaqovu, Vaqif Mustafayevi, Emir Kusturiçanı, Asqar Fərhadini, Çarli Kaufmanı, K. Nolanı, Robert Zemekisi, Nuri Bilge Ceylanı və Çarli Çaplini eyni maraqla izləyə bilirəm. Aktyorlardan Şon Penn və Qarri Oldman favoritlərimdir. Janr kimi isə tragikomik filmlər daha çox xoşuma gəlir. Özüm də gələcəkdə məhz bu janrda işləməyi düşünürəm.

Ana səhifəVideo”Yazırlar ki, bunu bekarçılıqdan edirəm…”