Yanğından zərərçəkənlər: Sizi puldan başqa heç nə maraqlandırmırdı

Həkim təqsirləndirilən şəxsin əleyhinə ifadə verib

Source:
Narkoloji Mərkəz
Narkoloji Mərkəz

Həkim təqsirləndirilən şəxsin əleyhinə ifadə verib

 Martın 2-də səhər saat 6 radələrində Respublika Narkoloji Mərkəzində 25 nəfərin öldüyü yanğınla bağlı məhkəmə araşdırması davam etdirilib.

Oktyabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə keçirilən prosesdə Mərkəzdə tibb bacısı işləyən Çimnaz Ağayeva, qəbul şöbəsinin müdiri Eldad Talıbov və həkim Etibar Kazımov ifadə verib.

Tibb bacısı bildirib ki, o, günorta saat 3-ə qədər növbədə olur. Onun sözlərinə görə, martın 1-də gündüz yanğın baş verən ikinci şöbədə 55 xəstə var varmış.

Yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov haqqında danışan Ç.Ağayeva söyləyib ki, bu xəstə 4 ay idi Mərkəzdəydi: “Məhəmməd xəstə kimi ora gətirildiyi ilk gün onunla söhbətim olub. İçkili gətirmişdilər, daha sonra ünsiyyətim olmayıb. Düzdü, bəzən gəlib deyirdi ki, mədəm ağrıyır, mən də dərman verirdim. Alkoqolizmdən müalicəsi isə həkimin təyinatına uyğun aparılırdı”.

Hakim xatırladıb ki, Ç.Ağayeva istintaqa ifadəsində M.Məmmədovun qaçmağa meyilli xəstə olduğunu deyib. Lakin Ç.Ağayeva məhkəmədə bunu təkzib edib. Bildirib ki, M.Məmmədov günortaya qədər palatadan çıxmırdı: “Özünə qapalı idi”.

Lakin təqsirləndirilən M.Məmmədov deyib ki, o, otağa qapanmırdı, əksinə, orada həyətdə təmir işləri görürdü: “Mən “santexnik” kimi həm hamamı, çarpayıları, boruları təmir edirdim, həm də lazım olanda “oxranlıq” edirdim. Mərkəzin həyətində “svarka” edirdim. Qaçmaq istəsəydim, açarlar özümdə olurdu, onda qaçardım da”.

Ç.Ağayeva da M.Məmmədovda qapının açarı olduğunu təsdiqləyib.

Mərkəzin qəbul şöbəsinin müdiri Eldar Talıbov bildirib ki, təqsirləndirilən M.Məmmədov orada müalicə alarkən onun telefonu ilə oğluyla bir neçə dəfə danışıb: “Nəvələri üçün darıxdığını deyirdi, oğlundan siqaret istəyirdi. Soruşurdu ki, onu nə vaxt çıxaracaqlar? Məhəmməd mərkəzə könüllü qəbul olmuşdu, bu tip xəstələr orada qalmaq istəməyəndə sərbəst buraxılmalıydılar”.

Yanğında ölənlərin ailə üzvləri məhkəmədə ifadə verərkən bildirmişdilər ki, xəstə qəbulu zamanı pul alınırdı. E.Talıbov rüşvət barədə deyilənləri təkzib edib.

Zərərçəkmişlər ona etiraz ediblər: “Sizi puldan başqa heç nə maraqlandırmırdı”.

Zərərçəkmişlər onu da qeyd edib ki, yanğından sonra həkimlərlə danışarkən onlara yanğının qısaqapanmadan baş verdiyi deyilib. Onların fikrincə, indi Səhiyyə Nazirliyi bu məsələni ört-basdır edir, məsuliyyət M.Məmmədov kimi adamların üzərinə atılır.

Mərkəzdə həkim-narkoloq işləyən Etibar Kazımov isə məhkəmədə M.Məmmədovun əleyhinə danışıb, onun özünə qapalı, başqalarıyla problem yaşayan biri olduğunu bildirib: “Mən onun həkimi deyildim. Amma Məhəmmədin palatasında olan xəstələrim gəlib deyirdilər ki, “mənim yerimi dəyişin”. Yaddaşında problem vardı, əqli çatışmazlığı olduğunu düşünürəm”.

Lakin şahid həkim hansı xəstənin Məhəmməddən şikayətləndiyini, konkret nə dediyini açıqlaya bilməyib. Ondan soruşulub ki, M.Məmmədovu müayinə etmədiyi halda, onun yaddaş pozğunluğundan, əqli çatışmazlıqdan əziyyət çəkdiyini nəyə əsasən deyir. O, bu suallara da cavab verməyib.

M.Məmmədov bildirib ki, həkim yalan danışır, heç bir xəstə onun palatasından getməyib: “Mən xəstələrə kömək edirdim”.

Ana səhifəXəbərlərYanğından zərərçəkənlər: Sizi puldan başqa heç nə maraqlandırmırdı