Xədicə İsmayılova: “Hökuməti əməlinə görə peşman etmişəm”

Avropa Məhkəməsi jurnalist Xədicə İsmayılovaya görə Azərbaycan hökumətini 16.750 avro cərimələyib. Şikayət jurnalistin 2012-ci ildə özəl həyatının görüntülənib yayımlanması nəticəsində açılmış cinayət işi üzrə effektiv araşdırmanın aparılmamasından verilmişdi.

Xədicə İsmayılova məhkəmənin qərarından razı qalıb. Amma istərdi, Avropa Məhkəməsi Azərbaycan hökumətinin qarşısına vəzifə qoysun ki, ona qarşı törədilən cinayətin təqsirkarlarının tapılmasında konkret addımlar atılsın.

Azərbaycan höküməti Xədicə İsmayılovaya mənəvi zərərə görə 15 min, məhkəmə xərcləri üçün isə 1750 avro ödəməlidir. Qərardan 3 ay müddətində hökumətin etiraz etmək hüququ var.

“”Azərfon”a İlham Əliyevin qızlarına məxsus Panama şirkətləri nəzarət edir” başlıqlı araşdırmasından sonra Xədicə İsmayılovanın evinə kamera qoyulub. Növbəti araşdırma zamanı jurnalist videolarının yayımlanacağı ilə bağlı şantaj məktubu alıb. Ya özəl həyatının görüntüləri yayılacaqdı, ya da araşdırmalarını dayandıracaqdı.

Xədicə İsmayılova 2014-cü ildə həbs olunaraq vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O özünü təqsirli bilməyib, həbsini prezidentin ailə biznesi ilə bağlı araşdırma yazıları ilə bağlayıb.

Jurnalist 2016-cı ildə şərti azadlığa buraxılıb.

Xədicə İsmayılovanın Avropa məhkəməsində hələ 9 şikayəti var.

Ana səhifəVideoXədicə İsmayılova: “Hökuməti əməlinə görə peşman etmişəm”