“Vətəndaş bu şaxtalı günlərdə çöldə yatsa da olar, təki məmurun istirahəti pozulmasın”

“Kəlbəcər Rayon İcra Hakimiyyətinin işçisi mənə deyir ki, “bayram qurtarsın, probleminizlə maraqlanarıq””

Source: Specify Source


Evi yanan köçkün heç kimin onlara kömək etmədiyini deyir

2020-ci il yanvarın 1-dən 2-nə keçən gecə Mingəçevirdə beşmərtəbəli yataqxananın beşinci mərtəbəsində yanğın olub. Kəlbəcərdən məcburi köçkün olan Gülxanım Kərimovanın məskunlaşdığı 12 kvadrat metrlik otaqdakı yanğın qısaqapanmadan başlayıb. Nəticədə otaqda nə varsa, yanıb kül olub.

G.Kərimova deyir ki, üç gündür ki, qohum-qonşu evində qalır. Yanğın zamanı olan-qalan pulu da yandığına görə çarəsiz duruma düşüb, heç bir addım ata bilmir. Ona görə də yardım üçün səlahiyyətli şəxslərə üz tutub. Meydan TV-yə bildirdiyinə görə, həm Kəlbəcərin, həm də Mingəçevirin icra hakimiyyətlərinə müraciət edib.

G.Kərimovanın sözlərinə görə, icra hakimiyyətləri onun durumundan xəbərdar olsalar da, heç birindən gəlib maraqlanan olmayıb.

“İcra başçısının hətta birinci müavininə də zəng eləmişəm. Kəlbəcər Rayon İcra Hakimiyyətinin işçisi mənə deyir ki, “bayram qurtarsın, probleminizlə maraqlanarıq”. Çarəsiz vəziyyətdə olan vətəndaşa qarşı belə münasibət nə deməkdir? Belə çıxır ki, vətəndaş bu şaxtalı günlərdə çöldə yatsa da olar, təki məmurun istirahəti pozulmasın. Bircə Zar kənd icra nümayəndəsi maraqlanıb. Onun da kömək eləmək imkanı yoxdur”, – məcburi köçkün belə deyir.

G.Kərimova bildirir ki, ağır vəziyyətdə olduğuna görə prezidentə məktub yazıb, yardım istəyib.

“Cənab prezident, bir həftə məmurlar bayram edir deyə, mən küçədə qalım?”, – bu da məcburi köçkünün prezidentə məktubundandır.

Yanvarın 7-nə qədər Azərbaycanda qeyri-iş günü olduğundan G.Kərimovanın şikayətinə Kəlbəcər və Mingəçevir icra hakimiyyətlərindən münasibət öyrənmək mümkün olmayıb.

20200104_182250 (1).jpg
G.Kərimova deyir ki, üç gündür ki, qohum-qonşu evində qalır.
Ana səhifəBölgə“Vətəndaş bu şaxtalı günlərdə çöldə yatsa da olar, təki məmurun istirahəti pozulmasın”