Yadigar Sadıqlı

Источник: Meydan TV

Başlıq: Yadigar Sadıqlı

Vəli bəy Yadigar

Ağır və mərhumiyyəli həyata baxmayaraq, polkovnik müxtəlif ictimai təşkilatların yaranmasında və fəaliyyətində fəal iştirak edir

Adlı-sanlı azərbaycanlı soylarından olanYadigarovlar Borçalının Təkəli kəndindən idilər. Hətta deyilənlərə görə, kəndin əsasını məhz bu nəslin üzvləri qoyublar. Yadigarovlara mənsub nümayəndələr müxtəlif illərdə gürcü çarlarına, rus imperatorlarına və Azərbaycan Cümhuriyyətinə xidmət ediblər, bir çox savaşın, önəmli siyasi hadisələrin iştirakçısı olublar. Amma aralarında ən keşməkeşli həyat yaşayan, yəqin ki, Vəli bəy Yadigar olub.

***

Qəhrəmanımız 1897-ci ildə Təkəlidə anadan olub. Atası Sadıq bəy Yadigarov, anası isə Polşa tatarlarından Olqa Rusiva-Kroçibaşeva idi. O, 1915-ci ildə Tbilisidə gimnaziyanı bitirdikdən sonra Kiyev politexnik institutuna daxil olur, amma qısa müddət sonra fikrini dəyişərək nəslinin çoxlu nümayəndələri kimi hərbçi olmağı qərara alır və Tiflis kadet korpusuna qoşulur.

Həmin dövrdə Birinci dünya müharibəsi gedirdi və Rusiya imperiyası da bu müharibədə iştirakçı idi. Vəli bəy 1916-cı ildə Dağıstan süvari alayının tərkibində cəbhəyə göndərilir, həmin müharibənin önəmli hadisələrindən biri olan Brusilov hücumunda iştirak edir. Qısa müddət ərzində Yadigar “Georgi xaçı” ordeni və “İgidliyə görə” medalı ilə təltif olunur.

Daha sonra isə Kiyevdəki Nikolayevski artilleriya məktəbində təhsil almağa başlayır. 1917-ci ilin oktyabrında baş verən bolşevik çevrilişindən sonra məktəb bağlandığından, Vəli bəy Təkəliyə qayıdır. Həmin dövrdə Cənubi Qafqazı Leninin rəhbərlik etdiyi bolşevik hökumətini tanımayan kolisyon hökumət – komissarlıq idarə edirdi. Daha sonra isə burada üç müstəqil dövlət yaradıldı. Vəli bəy Yadigar da Azərbaycan ordusuna qoşulur və Üçüncü Şəki alayında xidmət edir.

1920-ci ilin martında Qarabağda ermənilərlə növbəti toqquşmalar zamanı Üçüncü Şəkil alayının komandiri Tengiyev general Həbib bəy Səlimova göndərdiyi məlumatda yazırdı: “Düşmənin çoxsaylı süvari dəstəsini başılovlu qaçmağa məcbur etmiş birinci yüzlüyün korneti Vəli bəy Yadigarovun çevik süvarilərinin hücumunu xüsusi qeyd etmək istəyirəm”. Bəzi mənbələr bu döyüşlərə görə Vəli bəyin Cümhuriyyətin “İgidliyə görə” ordeni ilə təltif olunduğunu yazırlar.

Bolşevik işğalı və Cümhuriyyətin süqutundan sonra Vəli bəy Gəncə üsyanında iştirak edir, üsyan məğlubiyyətə uğradıqda xidmət etdiyi alayın qalıqları ilə Gürcüstana keçir. Amma Gürcüstanın da tezliklə işğal ediləcəyini anlayan atası Sadıq bəy ona anasının vətəni, həmin dövrdə Rusiya ilə uğurlu müharibə aparan Polşaya getməyi məsləhət görür. O da 1921-ci ilin martında Türkiyəyə keçir, oradan da Polşaya yollanır.

Vəli bəy Yadigar 1922-ci ilin noyabrında kapitan rütbəsində Polşa ordusunda müqaviləli xidmətə başlayır. On il müddətində müxtəlif hərbi hissələrdə eskadron komandiri vəzifəsini tutur. 1932-ci ildə isə Hərbi akademiyanı fərqlənmə ilə bitirir və Baranoviçi süvari briqadasında xidmət edir. 1934-cü ildə mayor rütbəsini alır və 7-ci Lüblin ulan alayının komandir müavini təyin edilir.

Bu illərdə Yadigar olduqca bacarıqlı bir komandir kimi nüfuz qazanır və Polşa hərbi dairələrində geniş əlaqələr qurur. Türkiyə nümayəndə heyətinin səfəri zamanı tərcüməçilik edir. 1935-ci ildə Polşa dövlətinin de-fakto lideri marşal Pilsudskinin vəfatı zamanı fəxri qarovulda duran hərbçilərdən biri də Yadigar olur. 1938-ci ildə Vanda Eminoviç adlı polyak xanımla ailə qurur.

***

1939-cu il sentyabrın 1-də nasist Almaniyasının Polşaya hücumu ilə İkinci dünya müharibəsi başladı. Həmin dövrdə Vəli bəy Varşavadan şimalda yerləşən Qrudzönds şəhərindəki süvari təlim mərkəzində müəllim işləyirdi. Sentyabrın 11-də isə Mazovetsk süvari briqadasında xidmətə başlayır.

Bu təyinatdan altı gün sonra sovet qoşunlarının Polşaya təcavüzü başlayır və polyakların onsuz da ağır olan vəziyyəti lap ümidsizləşir, onların bir hissəsi ruslara, bir hissəsi də almanlara əsir düşürlər. Vəli bəy sonuncuların sırasında olur. O, nasistləri İran kökənli olduğuna inandıra bilir və buna görə də bir neçə ay sonra azad edilir.

Alman işğalından dərhal sonra, sentybarın 27-də polyak vətənpərvərləri “Polşanın qələbəsinə xidmət” təşkilatını yaratdılar. Noyabrın 13-də isə onun əsasında “Silahlı mübarizə ittifaqı” yaradıldı. Bu təşkilat özündə qeyri-leqal hərbi hissələri birləşdirirdi. Vəli bəy Yadigar da bir zamanlar xidmət etdiyi 7-ci Lüblin ulan alayının “Yelen” (Maral) kod adı altında bərpası ilə məşğul olur və onun komandiri təyin edilir. 1942-ci ildə bu hissələr Armia Krajowa (AK, Vətən ordusu) deyilən və Londondakı mühacir Polşa hökumətinə tabe olan hərbi təşkilatda birləşdilər. Elə həmin il Vəli bəyə podpolkovnik rütbəsi verilir.

Müqavimət hərəkatının əsas təşkilatı olan Armia Krajowanın məqsədi müharibədən əvvəlki sərhədlər çərçivəsində Polşa dövlətinin bərpa edilməsi idi. Bu məqsədlə AK almanlar sovet ordusunun zərbələri altında geri çəkilərkən genişmiqyaslı əməliyyatlar keçirməyi, Polşa ərazisində hakimiyyətə yiyələnməyi nəzərdə tuturdu.

Vəli bəy Yadigar

Vəli bəy Yadigar

Источник: Meydan TV

1942-1944-cü illərdə AK üzvləri daha çox hazırlıq, kəşfiyyat və sabotaj işlərilə məşğul olurdular. Müharibə illərində Böyük Britaniya xüsusi xidmət orqanlarının işğal altındakı Avropadan aldıqları məlumatların 48%-ni AK verir. Onların arasında V-1 və V-2 silahları, Polşa ərazisindəki ölüm düşərgələri haqqında və başqa məlumatlar vardı.

1944-cü ilin yanvarın 4-də sovet ordusunun köhnə Polşa sərhədlərini keçməsi ilə Armia Krajowa “Tufan” əməliyyatına (Akcja “Burza”) başlayır. Bu əməliyyat müəyyən ərazilərdə üsyan qaldırmağı, hakimiyyətə yiyələnməyi və nəticədə müttəfiq qüvvə statusu əldə etməyi nəzərdə tuturdu. Bu zaman sovet ordusu ilə müəyyən taktiki əməkdaşlıq da nəzərdə tutulurdu.

“Tufan” əməliyyatında fəal iştirak edən hissələrdən biri də Yadigarın komandiri olduğu 7-ci Lüblin ulan alayı idi. Armia Krajowanın komandanı general Bur-Komarovski müharibədən sonrakı xatirələrində yazırdı ki, podpolkovnik Yadigarın bərpa etdiyi “7-ci Lyüblün alayı Armia Krajowanın tarixində layiqli iz buraxıb. Mən onun igid əsgərlərini həm gizli fəaliyyət, həm də döyüşdə görmüşəm... Mən Armia Krajowanın komandanı kimi öz rəhbərliyim altında 7-ci Lüblin ulan alayının olması fürsətindən qürur duyuram”.

Amma sovet hökuməti müharibədən sonrakı Polşada kommunistlərdən ibarət hökumət formalaşdırmaq niyyətində idi. Tezliklə AK-nın bir çox komandirləri danışıqlar adı ilə aldadılaraq dəvət olunduqları görüş zamanı həbs edildilər, hərbi hissələr isə mühasirəyə alınaraq sovetpərəst polyaklardan ibarət Berlinq ordusuna qoşulmaq tələb olundu. Etiraz edənlər almanların keçmiş ölüm düşərgələrinə dolduruldular, daha sonra isə Sibirə sürgün edildilər.

1944-cü ilin iyulunda Bur-Komarovski keçmiş Rusiya imperiyasında doğulan zabitlərə, o cümlədən Vəli bəy Yadigara sovetlərə əsir düşməmək üçün ölkəni tərk etməyi tapşırır. Çünki sovet hökuməti belələrinə “vətən xaini” kimi yanaşırdı və onların cəzası başqa AK zabitlərinə nisbətən daha ağır - edam ola bilərdi. Artıq polkovnik rütbəsi daşıyan Yadigar öz xanımı və iki yaşlı qızı Züleyxa ilə birlikdə Vyanaya gedir.

Avqust ayında Armia Krajowanın ən böyük hərbi əməliyyatı – Varşava üsyanı başlayır. Bu haqda xəbər alan Yadigar üsyanda iştirak edən 7-ci Lüblin alayına qoşulmaq üçün təkrar Varşavaya qaydır. Amma o gələnə qədər alay gestaponun Şux küçəsindəki mənzil-qərargahına uğursuz hücum zamanı ağır itkilər vermişdi. Buna baxmayaraq, Vəli bəy iki ay sürən üsyanda iştirak edir.

“Tufan” əməliyyatı və xüsusən də Varşava üsyanı Polşa vətənpərvərlərinin qürur mənbəyi olsa da, nə hərbi, nə də siyasi məqsədlərinə nail olmadı. Əvəzində Armia Krajowa ağır itkilərə məruz qaldı və alman əsarətini əvəz edən sovet əsarətinə müqavimət göstərmək üçün qüvvəsi qalmadı. Bunu nəzərə alan AK-nin son komandanı Leopold Okulitski ordunun buraxılması barədə əmr imzaladı.

Polşa ordusunda göstərdiyi xidmətlərə görə “İgidlik xaçı”, “Armia Krajowa xaçı” və “Xidmətlərə görə qılınclı xaç” ordenləri ilə təltif olunan Vəli bəy Yadigar ikinci Vətənini bu dəfə həmişəlik tərk edərək İtaliyada döyüşən və daha çox “Anders ordusu” kimi tanınan 2-ci Polşa korpusuna qoşulur. İkinci dünya müharibəsi bitdikdə bir müddət Londonda yaşayır. 1949-cu ilin fevralında isə Yadigar ailəsi Argentinaya köçür.

Burada onlar çox ağır həyat sürürlər. “Borçalı şahzadəsi” limanda yük daşıyır. Bir qədər sonra isə tekstil fabrikində fəhlə işləyir. 1953-cü ildə ağır itki ilə üzləşir: həyat yoldaşı Vanda Yadigar ağır xəstəlikdən vəfat edir. Bundan sonra Vəli bəy qızı Züleyxanı tək böyüdür.

Ağır və mərhumiyyəli həyata baxmayaraq, polkovnik müxtəlif ictimai təşkilatların yaranmasında və fəaliyyətində fəal iştirak edir. O, Armia Krajowa veteranlarının bu ölkədəki təşkilatının prezidenti, əsarət altındakı xalqların “Liberacion Europea” təşkilatının vitse-prezidenti olur.

Vəli bəy Yadigar 1960-cı illərdə iki dəfə infarkt keçirir. Ölümün yaxınlaşdığını hiss edən polkovnik özünün bir gün azad Polşada dəfn edilməsi vəsiyyət edir. 1971-ci il dekabrın 13-də keçirdiyi üçüncü infarktdan sonra isə üç ordunun tərkibində qəhrəmancasına döyüşmüş, Birinci və İkinci dünya müharibələrinin veteranı Vəli bəy Yadigar 74 yaşında vəfat edir.

***

Vəli bəyin ölümündən 18 il sonra Polşadakı kommunist rejim çökməyə başladı. 1989-cu ilin avqustunda “Solidarnost” təşkilatının nümayəndəsi Tadeuş Mazovetskinin formalaşdırdığı hökumət İkinci dünya müharibəsindən sonra Polşanın ilk qeyri-kommunist hökuməti idi.

Vəli bəy Yadigarın nəşi vəsiyyətinə uyğun olaraq Polşada dəfn olunub

Vəli bəy Yadigarın nəşi vəsiyyətinə uyğun olaraq Polşada dəfn olunub

Источник: Meydan TV

Bu hadisədən təxminən bir il sonra Vəli bəy Yadigarın nəşi vəsiyyətinə uyğun olaraq Polşaya gətirildi. 1990-cı il avqustun 4-də Azərbaycan və Polşanın ortaq qəhrəmanının cənazəsi Varşavadakı müsəlman qəbirstanlığında hərbi ehtiramla yenidən dəfn edildi.

Maraqlıdır ki, bu zaman Polşanın daha da adlı-sanlı xadimlərinin nəşi hələ vətənə gətirilməmişdi. Məsələn, mühacir Polşa hökumətinin ilk başçısı Vladislav Sikorskinin nəşi 1993-cü ildə, Armia Krajowanın komandanı Tadeuş Bur-Komarovskinin nəşi yalnız 1994-cü ildə Polşaya gətirildi.

2017-ci ilin sentyabrın 7-də Varşavanın Yuzef Polinski (1944-cü il Varşava üsyanını zamanı həlak olub) adına parkda iki büstün açılışı oldu. Onlardan biri kökəncə Polşa tatarı olan, Azərbaycan Cümhuriyyət ordusunun Baş qərargah rəisi Matsey Sulkeviçin, digəri isə kökəncə azərbaycanlı olan, Polşa ordusunun polkovniki Vəli bəy Yadigarın idi.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/sig6tm

Самое читаемое