Источник: Meydan TV

Vahid Əhmədov: 10 noyabr sənədi müqavilə yox, bəyanatdır, ona görə siyasi çəkisi yoxdur

Vahid Əhmədov: 10 noyabr sənədi müqavilə yox, bəyanatdır, ona görə siyasi çəkisi yoxdur

27 sentyabrdan başlanan 44 günlük müharibə nəticəsində Azərbaycanın Cəbrayıl, Füzuli, Hadrut, Qubadlı, Zəngilan rayonu və Şuşa şəhəri işğaldan azad edildi. 10 noyabrda imzalanan üçtərəfli bəyanat nəticəsində bölgəyə Rusiya sülhməramlıları yeridildi. Həmin bəyanata əsasən, 3 gün əvvəl Ağdam rayonu boşaldıldı, dekabrın 1-nə qədər isə Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarılmalıdır.

Mövcud vəziyyətin doğurduğu suallara Milli Məclisin deputatı Vahid Əhmədovdan cavab almağa cəhd etdik.

-       Vahid müəllim, 10 noyabr üçtərəfli bəyanatından sonra Milli Məclisin müzakirəsi, qərarı olmadan və BMT mandat vermədən Rusiya sülməramlıları Azərbaycan ərazisinə daxil oldu. Sadaladığım qərarlar olmadan başqa ölkənin ordusunun Azərbaycana daxil olması işğal deyilmi?

-       Gəlin, əvvəldən başlayaq. 27 sentyabrda başlayan hərbi əməliyyatlar məhz Ermənistanın təxribatı nəticəsində olub. Ermənistan ordusu Azərbaycana hücum etdi və dövlət başçısı əks hücum haqda göstəriş verdi, nəticədə vətən müharibəsi başlandı. Əlbəttə, 44 gündə ərazilərin azad olunması asan başa gəlmədi, biz şəhidlər verdik, yaralılarımız da var. Şəhidlərə rəhmət, yaralılara şəfa diləyirəm. Onların döyüşkənliyi nəticəsində ərazilərimizin bir hissəsini işğalçılardan təmizlədik. Şuşa əməliyyatı çox çətin idi, hərbçilər bunu daha yaxşı bilir, ermənilər və ruslar da inanmazdı ki, o cür yüksəklikdə yerləşən şəhəri azad edək. Amma Ali Baş Komandanın özünün hazırladığı plana uyğun olaraq Şuşa işğaldan azad edildi və bundan sonra vəziyyət bir qədər gərginləşdi. Yəni, ruslar gördülər ki, Azərbaycan faktiki olaraq bütün əraziləri azad etməyə hazırdır. Ona görə bəyanat təklifi gəldi, yəqin ki, şərtlər də ölkə başçısı tərəfindən irəli sürüldü, onun da müəyyən hissəsi qəbul olundu. Aldığım məlumata görə, 10 noyabr bəyanatının hazırlanmasında Türkiyə Prezidenti Ərdoğan da iştirak edib. Onsuz da əməliyyatlar başlanan gündən Türkiyənin prezidenti, xarici işlər və müdafiə nazirləri, parlament sədri, fraksiyalar Azərbaycanın yanında olub. Mən 10 noyabr bəyanatının imzalanmasını Rusiyanın sifarişi yox, xahişi nəticəsində olduğunu düşünürəm. Azərbaycan dövlət başçısı da öz şərtlərini irəli sürüb, onlardan biri də təmas xəttinin qorunub saxlanılmasıdır. Bura Laçının, Kəlbəcərin və Ağdamın azad olunması da daxildir, hələ yalnız üçüncü rayon azaddır. Şübhəm yoxdur ki, 25 noyabrda Kəlbəcər də azad olunacaq, 30 noyabrda da Laçın boşaldılacaq. Faktiki olaraq, 3 rayonu güllə atmadan Ermənistan ordusundan azad edirik. Ümumi götürdükdə, Azərbaycanın işğal edilən ərazilərinin 16-17 faizi azad olunub. 3-4 faizi qalıb ki, ora Xankənd, Ağdərənin, Xocalının və Xocavəndin bir hissəsidir. Bir daha deyirəm, Kəlbəcər və Laçının qaytarılacağına şübhəm yoxdur. Çünki bəyanata imza atan Rusiyanın dövlət başçısı və Xarici işlər naziri bildirmişdi ki, tərəflərdən hansısa maneə yaradarsa, ciddi problemlə üzləşər. Bütün bunları ümumləşdirsək, mən Azərbaycanın qələbə qazandığını hesab edirəm. Bu qələbəyə görə ilk növbədə Azərbaycan ordusuna, əsgər və zabitlərimizə minnətdarıq. İkinci, bütün siyasi qüvvələr eyni mövqedən çıxış etdilər, prezidentin dediyi kimi yumruq kimi birləşdik. Üçüncü, ölkə başçısının xarici mətbuata müsahibələri, qərəzli suallara baxmayaraq bunlar haqq səsimizi dünyaya çatdırmaq üçün əhəmiyyətli məsələdir. Milli Məclisdə də dedim ki, müharibədə əsas ağırlıq əsgər və zabitlərimizin, informasiya müharibəsində prezident uğurlu siyasət apardı, qətiyyətli münasibətini göstərdi. İndi sualına gələk, rus yox, türk sülhməramlıları olsaydı, biz də onu istəyirdik. Yadınıza gəlirsə, 10 noyabrdan bir gün əvvəl helikopter təxribatı oldu, əgər türk əsgərləri orda olsaydı, əleyhimizə təbliğat ardıcıl və aramsız səciyyə daşıyardı. Ona görə Rusiya sülhməramlılarının gətirilməsi ağıllı və razılaşdırılmış idi. İnsanları rus sülhməramlılarının uzun müddət ərazidə qalıb-qalmaması narahat edir. Bir gün əvvəl Rusiya dövlət başçısı artıq ikinci dəfə qeyd etdi ki, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ərazisidir, başqa söhbət ola bilməz.

-       Sizə elə gəlmir ki, son bir həftədə Putin iki dəfə “Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımayıbsa, ərazi beynəlxaq hüquqa görə Azərbaycandır” bəyanatını səsləndirmək özündə təxribat elementləri daşıyır?

-       Məsələ ondadır ki, Putin Qarabağın və 7 rayonun Azərbaycan ərazisi olduğunu söylədi. Faktiki, Şuşa işğaldan azad olunana qədər Rusiya o qədər də müdaxilə etmirdi. Silah və sursatın verilməsi haqda informasiyalar inandırıcıydı, amma siyasi cəhətdən bildirdi ki, Azərbaycan öz ərazisində müharibə apardığından Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ora müdaxilə edə bilməz. İndi əsas məsələ rus sülhməramlılarının nə qədər qalacağıdır. Əvvəla, 10 noyabr sənədi müqavilə yox, bəyanatdır, ona görə siyasi çəkisi yoxdur. Çünki hansısa ölkənin ordusu ərazimizə daxil olursa, Milli Məclis razılıq verməlidir. Yəni, vəziyyət dəyişərsə, Azərbaycan həmin sülhməramlıları ordan çıxarda bilər. Bunun üçün Azərbaycan Türkiyə ilə bir yerdə olmalıdır. Əvvəllər də demişəm, bir daha təkrar edirəm, Türkiyə Silahlı Qüvvələri mütləq Azərbaycanda olmalıdır. Mütləq deyil ki, türk ordusu Bakıda olsun, Gəncədə, Şuşada, Xocavənddə, Laçında ola bilər. Açığını deyim ki, hələ 1 dekabrı gözləyirəm, Laçın və Kəlbəcər rayonları da Azərbyacana keçəcəksə, ondan sonra da Xankəndi başda olmaqla, digər bölgələrdə də müəyyən idarəetmə prinsipi gerçəkləşdiriləcək.

-       Etiraz doğuran məqamlardan biri də Rusiya Müdafiə naziri Şoyqunun ermənistanlı həmkarlyla sühməramlıların fəaliyyətini tənzimləyən müqavilə imzalamasıdır. Çox qəribə durum yaranıb, sülhməramlılar Azərbaycan ərazisindədir, amma müqavilə Ermənistanla imzalanır. Yaxud Rusiyanın Fövqəladə Nazirliyinin rəsmiləri Xankəndində dağılan binaların qiymətləndirilməsini aparır, tikinti materialları gətirir, amma rus sülhməramlıları Kəlbəcərdə meşələrin, evlərin yandırılmasına, ağacların kəsilməsinə susqun yanaşır. Bunları necə şərh edərdiniz?

-       Dediklərin tamamilə doğrudur və razıyam. Burda bir məsələ var və heç vaxt yaddan çıxartmayın ki, Rusiyanın bu prosesdə marağı Nikol Paşinyanı devirmək idi. Səbəbi bəllidir, Paşinyan qərbmeylli siyasətçidir. Amma son hadisələr Rusiyanın istəyinin gerçəkləşmədiyini göstərdi. Paşinyan hələ Baş nazirdir, onu dəstəkləyənlər də var, ona görə gedişat necə olacaq, bilinmir. Yəni, mövcud gedişatda mən Rusiyanın uduşunu o qədər də görmürəm. Udan tərəf Azərbaycandır, kifayət qədər ərazilərimiz azad olunub, bundan sonra orada quruculuq işləri gedəcək. Bizim məqsədimiz nədir? Mənim istəyim odur ki, Xankəndində, Xocalıda, Xocavənddə və Ağdərədə Azərbaycan bayrağı dalğalansın, bu rayonlarda idarəetmə orqanlarımız olsun. Bunlar olacaq.

-       Əminsizmi?

-       Mən inanıram ki, olacaq, çünki başqa cür mümkün deyil. Sadəcə, müəyyən qədər vaxt lazımdır. Həmin vaxt da 1 ay, 2 ay, yaxud 1 il də ola bilər. İndi fikir verirsinizmi, müəyyən qədər ermənilər Xankəndinə köçürülür, orda hazırda yaşamaq üçün şərait yoxdur, hətta Rusiyanın dövlət başçısı dedi ki, maksimum 5 min erməni yaşaya bilər. Azərbaycan dövləti də bunları düşünür ki, idarəetməni necə həyata keçirmək lazımdır. İkinci ciddi məsələlərdən biri status məsələsidir.

-       Siz statusla bağlı Rusiyanın mövqeyinin fərqli olduğunu yəqin bilirsiniz, amma Azərbaycan Prezidenti statusun olmayacağını söyləyib...

-       Bəli, dövlət başçısı bildirib ki, nə qədər o prezidentdir, status məsələsinə baxılmayacaq. Elə Putinin də “Dağlıq Qarabağ Azərbaycanın ərazisidir” açıqlaması buna işarəydi. Hazırda status haqda söhbət getmir, bəli, Fransa dövləti Qarabağı Artsax kimi tanımaq istəyir, amma bunlar baş tutan deyil. Elə bir neçə gün əvvəl Fransa Prezidenti Makron da Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu dedi. Məsələ ondadır ki, bölgədə vəziyyət dəyişib, Türkiyə regionda əsas faktordur. Naxçıvanla Bakını birləşdirən yolun açılması çox ciddi məsələdir, bu yol Asiya və Çini Avropayla birləşdirən nəqliyyat dəhlizidir. Təsəvvür edin ki, Azərbaycandan İran vasitəsilə keçən hər maşına görə 300 dollar veririk.

-       Bütün hallarda Rusiyanın sülhməramlıları ilə bağlı narahatlıqlar qalır. Xüsusilə Moskvanın ötən əsrin 80-ci illərinin sonunda yaratdığı “Volski Komitəsi”nin yenidən qayıtdığını düşünmüsünüzmü?

-       Yox, o mümkün olan deyil. Əvvəla, Azərbaycan artıq müstəqil dövlətdir, ikincisi, dövlət başçısı mövqeyində qətidir, yəni heç bir statusdan söhbət gedə bilməz. Sülhməramlıların da 5 il qalacağına inanmıram, tədricən gedəcəklər. Bilirsiniz, Türkiyənin bölgəyə gəlməsi, Azərbaycanda hərbi bazalarını yerləşdirməsi bizim üçün çox önəmli məsələlərdən biridir, dövlət bunun üzərində işləməlidir. Türkiyə NATO-nun üzvüdür və sözünü deyən ölkələrdəndir, onunla zarafat etmək olmaz. Əgər NATO dövləti Qafqaza daxil olubsa, deməli, razılıq var, özbaşına girməyib ki. Üçüncü, Ərdoğan güclü liderdir, Ankaranın Suriyada, Liviyada, Aralıq dənizində neftlə bağlı məsələlərdə açıq danışırdı. Nəhayət, Ərdoğanla İlham Əliyevin münasibətləri çox yüksək səviyyədədir. Bəli, mən insanların narahat olduğunu bilirəm, suallar verirlər, məktublar alıram, özüm də narahatam. Biz heç vaxt rusa arxayın olmamışıq. Çünki 80 və 90-cı illəri, Xocalı faciəsini görmüşük.

-       Yəqin onu da bilirsiniz ki, Rusiya ordusu elə həmin 90-cı illərdə Gürcüstanın separatizm olan ərazilərinə daxil oldu və indi də çıxmır. Həmin vəziyyət bizdə təkrarlana bilərmi?

-       Görəcəksiniz, Gürcüstandan da, Ukraynadan da çıxacaq. Moldovada yeni seçilən qərbyönümlü prezident var, orda da vəziyyət dəyişəcək. Həm də Rusiya əvvəlki Rusiya deyil. Amma Rusiya haqda yatmış ayı ifadəsi var, yəni qıcıqlandırmaq olmaz, çox incə, ehtiyatlı siyasət aparılmalıdır. Niyə biz şimal qonşuyla münasibətləri korlamalıyıq?! Sülhməramlıdır, gəliblər, qorusunlar, bizim tərəfi də, o tərəfi də, bu, vacibdir. Ancaq ərazi Azərbaycanın olduğundan ortaya iradə qoyulmalıdır. Biz normal idarəetmə mexanizmi yaradıb əhalimizi yurdlarına qaytarmalıyıq.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/lrw8zo

Самое читаемое