Utanmayan azərbaycanlı tipi

İstanbul seçiminin bitişi ilə birlikdə doğudan batıya dünyanın aparıcı xəbər agentliklərinin baş xəbəri İmamoğlunun qələbəsi idi.

Foto: Meydan TV


İstanbul seçiminə Azərbaycanda da böyük marağı adi qarşılamaq lazımdır

Təzəlikcə Türkiyədə, İstanbulda keçirilən Böyükşəhər Bələdiyyə başqanı seçkisi zamanı bir çoxumuzun Azərbaycanda diqqəti ora yönəlmişdi, sosial şəbəkələrdə Əkrəm İmamoğlunun qələbəsi elan ediləndə bizdə də əksəriyyəti sevinc dolu statuslar paylaşıldı, tvitlər atıldı. Təəccüblüdürmü? Deyil. Yaşadığımız coğrafiyada demokratiya adına ən kiçik uğurun belə, ona illər uzunu tamarzı qalan Azərbaycanda şadyanalığa səbəb olması təbiidir, qanunauyğunluqdur. Biz qonşuluğumuzdakı istənilən ölkədə bu cür proseslərə haqlı olaraq diqqət kəsilir, onu maraqla, həyəcanla izləyir, necə yekunlaşacağını dördgözlə gözləyir, təkcə həmin ölkədə yox, ümumiyyətlə bölgədə demokratik dəyərlərin ayaqda qalmasına yardım edəcəyini nəticələr ortaya çıxdıqda isə sevincdən az qala dombalaq aşırıq.

Bu, həm də yaşadığımız çağın tələbidir: indi elə bir zamanda yaşayırıq ki, demokratiya və hüquq adına baş verən heç nə, sadəcə və sadəcə, bir ölkənin daxili işi deyil. Bir ölkədə demokratiyanın, ədalətin təntənəsi ən azından həmin ölkənin yerləşdiyi bölgənin də taleyinə, gələcəyinə təsir edir.

Odur ki, İstanbul seçiminə Azərbaycanda da böyük marağı adi qarşılamaq lazımdır.

Necə ki, Rusiyada, Gürcüstanda, yaxud İranda, Ermənistanda ciddi siyasi hadisələr, təlatümlər baş verəndə diqqətlərimiz ora yönəlir, oturub sonsuz həyəcanla necə bitəcəyini gözləyirik.

Necə ki, Azərbaycanda da siyasi proseslər qızışanda bu sadəcə bizim maraq dairəmizlə yekunlaşmır.

Bir daha yazıram: yaşadığımız çağın tələbi budur! Bəyənin, ya da bəyənməyin, fərqi yoxdur, qloballaşan dünya belə diqtə edir!

Qonşunun evi yanarkən öz evində, televizor qarşısında oturub ayağını ayağının üstünə aşırıb, arabir qabağındakı pürrəngi çaydan bir qurtum yudumlayıb hansısa mənasız seriala baxmaq nə qədər gülməlidirsə, qonşu ölkədə ciddi siyasi təlatümlər yaşanarkən sənin sanki heç nə baş vermirmiş kimi başını aşağı salıb öz gündəlik həyatına davam etməyin bir o qədər gülməlidir.

"Mus-mus" bu qədər, gələk "Mustafa"ya…

İstanbul seçiminin bitişi ilə birlikdə doğudan batıya dünyanın aparıcı xəbər agentliklərinin baş xəbəri İmamoğlunun qələbəsi idi.

Elə bizdə də sosial şəbəkələrdə bu qələbə gündəmi zəbt etmişdi.

Lakin ağız büzənlər vardı: "Öz ölkənizin halı qalıb bir tərəfdə, gedib ona-buna gün ağlayırsınız".

Maraq güc gəldi, üç aşağı-beş yuxarı bu cür reaksiya verənlərdən bir neçəsinin profilinə baxdım: aylar, bəlkə illər uzunu heç bir siyasi paylaşım etməyib. Şəxsi səhifələrində Azərbaycanın ictimai-siyasi həyatı ilə bağlı heç bir önəmli hadisəyə münasibətləri yoxdur.

Lap dərindən araşdırsan, məlum olacaq ki, indiyədək nə bir dəfə müxalifətin mitinqinə çıxıb, nə hansısa siyasi məhbusun məhkəməsinə gəlib.

Ancaq hesab edir ki, ictimai-siyasi aktivistlərə öyüd-nəsihət verə, onların qonşuluğumuzdakı ölkələrdə yaşanan demokratik məsələlərə həssaslığını qırmanclaya, qamçılaya bilər.

Durub desən ki, "qardaş, görürsən hamı İmamoğludan yazır, neylək, sən də götür bizim siyasi məhbusların birindən yaz", o saat xətrinə dəyəcək.

Desən ki, "qardaş, görürsən hamı Tbilisidə anti-rus aksiyasından yazır, neylək, sən də götür, ofşora axıdılan neft milyardlarından yaz", dərhal qeybə çəkiləcək.

Məsələn, günü sabah mitinq təyin elə, dodaq büzəcək: "Boş şeydi, bu taktika köhnəlib, 88-ci ildə qalıb".

Yaxud, siyasi məhbuslara azadlıq petisiyası təşkil elə, mız qoyacaq: "Hökumət onları bununla azad etsəydi, çoxdan eləyərdi".

Lakin "Özümüz qalmışıq ortada, gedib onun-bunun dərdini çəkirsiniz. Ayıb olsun!" yazmağa əli də gəlir, üzü də. Utanma yox, qızarma yox.

Çoxillik müşahidələrim nəticəsində belə bir qənaətə gəlmişəm: yaxın-uzaq qonşuluğumuzda demokratiyanın gələcəyi sarıdan narahat olan Azərbaycanın da demokratik gələcəyini səmimi-qəlbdən arzulayanlar, bu yolda indiyədək bir işin qulpundan yapışan, bundan sonra da yapışmağa hazır olanlardır.

Əlbəttə, bəlli səbəblərdən ölkə daxilində baş verənlərə birbaşa münasibət sərgiləməkdən çəkib, ölkədən kənardakı pozitiv hadisələrə sevinənlər də var. Onları da alqışlamaq lazımdır. Onlar öz ölkələri ilə bağlı narahatlıqlarını, arzularını xaricdə baş verən həmin pozitiv hadisələr üzərindən ifadə edirlər.

Ancaq o adamlar ki var sərhədlərimizdən qıraqda hüquq, azadlıq, demokratiya adına hansısa ürəkaçan gəlişmə yaşandıqda sevinənləri, həyəcanlananları sancırlar, iynələyirlər, "özümüzə xəmir yoğura bilməyib başqasına kündə yapdığımızı" deyirlər, bax elələrinin əksərən Azərbaycanla bağlı da ciddi əndişəsi olmur, ölkələrinin özgür, işıqlı, çağdaş sabahı adına hansı əməl sahibidirlər, bəlli deyil, bir sözlə, "nə diriyə hay verərlər, nə ölüyə pay".

Canları sağ olsun, neyləyə bilərik, taleyimiz budur, biz də belə bəxtiqarələrik…

Ana səhifəXəbərlərUtanmayan azərbaycanlı tipi