“Üst mərtəbədən siçovullar başımıza düşür”

Qəzalı vəziyyətdə olan binanın sakinləri aidiyyəti qurumlardan kömək istəyir

Source: Meydan TV


Qəzalı vəziyyətdə olan binanın sakinləri aidiyyəti qurumlardan kömək istəyir

“Üst mərtəbədə uşaq bağçası vardı. On ildən çoxdur ki, fəaliyyəti dayandırılıb, qapısına qıfıl vurulub. Bağçanın damı hissə-hissə dağılıb. Yağış bağçanın otaqlarına, ordan da evlərimizə axıb gəlir. On ildir ki, icra hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə müraciət edirik, heç bir tədbir görülmür. Ötən il həm icra hakimiyyətinin, həm Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəldi, bir-birləriylə mübahisə etdilər, o dedi, sizin işinizdir, siz məşğul olmalısız, bu dedi, bizim yox, sizin işinizdir, siz məşğul olmalısız, sonra da çıxıb getdilər, söhbət elə orada da qaldı“.

Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi 1 ünvanda yerləşən ikimərtəbəli yaşayış binasının üst mərtəbəsində 79 saylı uşaq bağçası fəaliyyət göstərib. Təqribən 10 il əvvəl bağça bağlanıb və satışa çıxarılıb. Sakinlərin deməsinə görə, bağça alınsa da, qapısı hələ də qıfıllı qalıb. Nəticədə istifadəsiz məkan ilbəil qəzalı vəziyyətə düşüb, həmin binanın sakinlərinin əmlaklarına da zərər vurub.


“Yüklənmiş tavan çökmək üzrədir”

Sakin İlqar Abbasov danışır:

“Dedilər, bağçanı kimsə alıb, ancaq neçə ildir o kimsə hələ də ortalığa çıxmır ki, dərdimizi deyək. Bağçanın otaqlarının tavanı hissə-hissə qoparaq döşəməyə tökülüb, döşəmənin altı da bizim tavandır. Bizim evdə 5 uşaq, 72 yaşlı anam var, ürək xəstəsidir, üstəlik, revmatizmadan əziyyət çəkir. Yağış suları bağçanın otaqlarına dolur, döşəmədən bizim tavanla evimizin içərisinə axır. Bağçanın döşəməsi qopub düşən tavanın hissələri ilə yüklənib, nəticədə həmin döşəmənin altındakı bizim tavan da yüklənib və çökmək üzrədir. Qəfil başımıza çöksə, qaçıb canımızı xilas etmək imkanımız da olmayacaq. Evin içində səksəkəli həyat sürürük”.


“11 nəfər iki otağa sığınıb”

Üst mərtəbəsi qəzalı keçmiş uşaq bağçasıdır, alt mərtəbədə ümumilikdə altı ailə yaşayır. Bu ailələrdən ikisi binanın hər an uça biləcəyini gözə alaraq evlərindən kirayələrə daşınıblar:

“Şəxsən bizdə 4 otaqdır, onun ikisinin tavanı uçmaq üzrədir. Qapısını qıfıllamışıq ki, uşaqlar girməsin. Digər iki otaqda 11 nəfər qalır. Dediyim kimi, onlardan beşi 3-4 yaşlı uşaqlardır. İndi havalar bir az xoşdur, bir neçə günə yağışlar tökəndə vəziyyətimiz ağırlaşacaq. Otaqlara yenə bu başdan- o başa vedrələr düzüləcək. Hamısı xəstəlikdir. Hələ üst mərtəbədən evin içərisinə tavanın yarılmış yerlərindən siçovullar düşür, ilbizlər sallanır. Adamları o dərəcəyə çatdırıblar ki, ev-eşiklərini atıb gedirlər. Bizim getməyə yerimiz yoxdur. Sabunçu Rayon İcra Hakimiyyətindən, Fövqəladə Hallar Nazirliyindən gəlib baxış keçiriblər, son sözləri bu olub ki, narahat olmayın, düzələcək”.

Sabunçu Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, qeyd olunan ünvandakı ikimərtəbəli binanın yüzdən çox yaşı var, qəzalı binaların siyahısındadır. Sabunçu rayonu ərazisindəki qəzalı binalarla bağlı mərhələli şəkildə tədbirlər görülür. Binaya baxış keçirilib, sakinlərlə danışılıb, yaxın vaxtlarda yenə ünvana gedib vəziyyətlə maraqlanacaqlar.

Evin vəziyyəti
Evin vəziyyəti
Ana səhifəBölgə“Üst mərtəbədən siçovullar başımıza düşür”