Ürəyimin çökək dərdləri…

Bizə “həsəd aparan” dünya bir yana, bu aksiyaları düşmən görür axı… Ayıb deyilmi, cənablar?

Source:

Bizə “həsəd aparan” dünya bir yana, bu aksiyaları düşmən görür axı… Ayıb deyilmi, cənablar?

Bacım gəlin köçəndə anamın qucağında olmuşam. Bu yaxınlara qədər onu özümə xala, bibi səviyyəsində görürdüm və dərhal da anamın eynisi olan zərif cizgilərini xatrılayıb özümü qınamağa başlayırdım. Onun mənə münasibəti də bəlkə bacılıqdan çıxıb “anasının qızı” kimi bir halda olub. Bir ildən sonra özü ana kimi ailəsinə, körpəsinə həsr olunan gəlin xeylağından bundan artığını ummaq da insafsızlıqdı. Bu düşüncələrin az sonra keçəcəyim mətləbə dəxli olub-olmadığını bilmirəm. Bildiyim odur ki, mən o mətləbə keçməyə çox qorxuram və bu giriş də yəqin o mətləbə gedən yolu uzatmaq üçündür…

İlki Rəhilə ilə təxminən yaşıd idik, növbəti uşaqlar da üstəcər doğulmuşdular. Onlara gedəndə yeddi uşağın ən böyüyü kimi görünürdüm. Otağın hər yerini tutan döşəklərin üstündəki yerimizdə uzun zaman yuxuya getməyib ordan-burdan danışardıq. Bir gecə yastığa dirsəklənib qızğın “söhbət etdiyimiz” yerdə birdən qolumu sanki arı vurdu, dik atıldım. Hamı qalxıb yerinin içində oturdu. Rəhilə qolumun kökünə baxıb arxa tərəfimdə yatan kiçik Xanların başına çəkdiyi yorğanı qaldırdı. Uşaq ürkək-ürkək məni süzüb bacısına pıçıldadı ki, “xalanın qolu bombadı”. Görünür, qolumdakı yanpörtü vurulmuş peyvəndin çökək “naxışı” uşağın xoşuna gəlibmiş, oranı “yoxlamaq” istəyib. Körpə, nazik dırnaqların yeri heç ağrımırdı da. Sadəcə yumşaq nahiyə olduğuna qəfil təmasdan səksənmişdim. O bəxtəvər gecə balaca, sevimli varlığı qıdıqlayıb gözlərindən yaş gələnə qədər güldürdüm. Bilsəydim o kiçik şən erizod bir ömür daşıyacağım ən kədərli xatirə olacaq, o oyunu səhərə qədər uzadardım…

İllər keçdi, dövran dəyişdi, ilk gəncliyi artıq qocalmış Qarabağ müharibəsinə düşən Xanları da tay-tuşları kimi qanlı doxsan üç-doxsan dördüncü illərin döyüş zonasına əsgər apardılar. Son dəfə evə gələndə yüngül yaralanıbmış. Doğmalarından “tibbi yardım” alanda təsadüfən boynundan asılı adı-soyadı yazılmış dəmir nişan (“birka”) görünür. Həyəcanlanıb soruşurlar, “elə-belə şeydir, qayıdanda başa salaram”, – deyir. O gedişdən sonra xəbər-ətərsiz bir aydan artıq müddət keçir, o müddətdə çox qapılara kimliyi o “elə-belə şeylə” tanınan neçə-neçə oğullar gətirirlər.

Yerə-göyə sığmayan nigaran bacım ismarıc yollayana qədər də yetkililərdən Füzuli-Ağdam tərəfləri soruşurdum. Hər dəfə peşə suallarına yozub açıqca “oralarda itki çoxdur” deyirdilər. Hər dəfə peyvəndli sağ qolum kökündən qırılırdı, amma susub ağrımı içimə çəkirdim. Yerli qəzetin xətti ilə hər həftə bir-iki dəfə getdiyim şəhid yaslarında evlər bacımgilin evlərinə, analar bacıma oxşadıqca ikiqat göynəyirdim. Hər yeni tabutdan sonra “xalası tapacaq” deyə mənə güvənən anamın-bacımın yanında kiçilib toza dönürdüm.

Və bir gün böyük bacımın alnından vurulmuş kiçik oğlu bütün suallara, şübhələrə son qoyaraq anasının üstünə həmişəlik gəldi. Daha odun-alovun içinə qayıtmayıb silah səsindən, ölüm təhlükəsindən uzaq axar-baxarlı kəndinin bir guşəsində əbədi dincələcəkdi. Yorğun, yaralı canını doğulub-böyüdüyü torpağa əmanət edib dərin bir yuxuya gedəcəkdi. O qədər dərin ki, heç anasının ah-naləsinə, sözlüsünün həsrət çağırışına oyanmayacaqdı…

***

Bu günlərdə bacıma dəyməyə getdim. Nəvəsinin əsgərlikdən qayıtması ilə üst-üstə düşən o səfərdə “qan pulu” söhbəti düşməsin deyə yolboyu allaha yalvarmışdım. Di gəl ki, əsgər görüşünə gələnlər yalnız bu barədə danışırdılar. Heç nə eşitməmək üçün özümü bacıma köklədim…

İnfarkta, iflicə əsir düşsə də, baxışlarının dərinliyində hələ uşaq xəyallarımdan süzülüb gələn qoçaq, gözəl gəlinlə zəif bağlar qalmışdı. Dizinə söykədiyi ağacsız artıq addım ata bilməyən, daim diqqətə möhtac “qoca nənəyə” son zamanlarında anama baxdığım kimi ürəkdolusu baxdım. Övlad nisgilli bacım üstəlik xəstəliyi üzündən əmələ gələn borca-xərcə, yuxusuz gecələrə görə çəkdiklərinin ara-sıra danışan qəm heykəliydi. İflicin çətinləşdirdiyi o danışmaqlarda ən hamar söz Xanlardı, daim dilinin ucundakı sonbeşik oğlan…

Ayrılanda arxamca yavaşdan səslənib, “özündən muğayat ol”, deyəndə kürəyim odlandı. “Sən də özünə yaxşı bax!” deyə bilmədim. Bacım özünə baxa bilmir… Ona və onun kimi analara baxacaq adamların kredit, kommunal, dükan-bazar, aptek, gündəlik dolanışıq borcları, işsizlik, qapını kəsdirmiş qışın od bahasına istilik problemləri var. Hələ hesabda olmayan qəfil xərclərdən, əsassız cərimələrdən, şərdən, böhtandan da kimsənin sığortalanmadığını desək, hakimiyyətin şəhid ailələrinə qıyıb vermədiyi məbləğlə yalnız illik büdcəni bağlamaq olar. Bacımın həsrətinin iyirmi dörd yaşı var, oğlundan dörd yaş böyük… O həsrətin dəyəri hansı tariflə hesablanacaq?

Yeri gəlmişkən…

Bu gün bacım sağlam olsaydı belə, “almısınız” deyə sənədsiz-sübutsuz üzə duran dəyyuslardan övladının haqqını tələb edə bilməzdi. İfrat mülayimlik, cəfakeşlik, övlad dağları ona tələbkar olmağı unutdurub. Normalda isə sözügedən kompensasiya şəhidlərin ruhu incidilmədən tələbsiz, şikayətsiz böyük ehtiramla onların yaxınlarına təqdim edilməliydi. Sadəcə xislətinə sadiq iqtidar bu məsələdə belə, çarəsiz insanları həftələrlə rəsmi qapılarda süründürüb əzməkdən çəkinmədi. Həm də orta dövlət məmurunun cibxərcliyi qədər bir məbləğdən ötrü. Bizə “həsəd aparan” dünya bir yana, bu aksiyaları düşmən görür axı… Ayıb deyilmi, cənablar?



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəÜrəyimin çökək dərdləri…