Unudulmuş peykimiz

Zəmanə, həqiqətən, dəyişib, qabaqkı deyil, adamlar elə bil hər şeyə biganə olub

Source:

Zəmanə, həqiqətən, dəyişib, qabaqkı deyil, adamlar elə bil hər şeyə biganə olub. Ölkənin sürətli inkişafı, eyni cinsli saitlərin bir-birini izləməsindən yaranan ahəng qanunu kimi islahatların ardıcıllığı sanki kimsənin vecinə deyil. Heç nəyə ciddi reaksiya yoxdur. Aparılan uğurlu xarici və daxili siyasət nəticəsində bu gün işğal altındakı torpaqlarımızda baş verənlər də kimsəni narahat eləmir.

Bu uğurlu siyasətin nəticəsi kimi Ermənistanda siyasi böhran, Sarkisyanın uzaqlaşdırılması, onun yerinə Paşinyanın gətirilməsi də elə bil bizimkiləri maraqlandırmır. Qabaqlar hər belə hadisəyə vətəndaşlarımız uzaq, heç internet olmayan kəndlərdən belə prezidentin elektron poçtuna anındaca məktub yazmaqla reaksiya verir, aparılan siyasəti dəstəklədiklərini bildirirdilər. Bu gün ölkəboyu genişzolaqlı internet ola-ola həmin reaksiya yoxdur. Hakimiyyəti çağında Sarkisyan və ətrafı tez-tez Qarabağa gəlirdi, üstəlik, bir də görürdün, xarici qonaqları işğaldakı torpaqlarımıza gətirir, müxtəlif tədbirlərdə birgə iştirak edirdilər. İşğaldakı torpaqlarımızın sayıq keşikçisi olan Xarici İşlər Nazirliyimiz, düzdür, buna anındaca reaksiya verir, həmin xarici qonağı “persona non grata” elan edirdi; həm də, ürəyə bax, kimliyindən – deputat, senator, müğənni, biznesmen, artist, sadə vətəndaş olmasından asılı olmayaraq.

Ancaq bu gün Paşinyan Qarabağı su yoluna döndərib, günü orda keçir, oğlunu əsgərliyə Qarabağa saldırıb, bütün bunlar bir yana, a kişilər, indi adamın arvadı da gündə işğaldakı torpaqlarımıza gəlib-gedir. “Persona non grata” nədir, hələ əməlli persona kimi onun əriylə bizim prezident görüşür, danışıqlar aparır. Ancaq gərək haqqı nahaqqa verməyəsən, düz danışasan, hər şeyi qara görməyəsən. Həmin görüşdən sonra bizim atəş sayanlarımızın işi xeyli azalıb, gecələr bir qədər rahat yatırlar. Məsələn, sentyabrın 29-da 98 dəfə pozulan atəşkəs oktyabrın 1-də 83-ə düşüb. Ondan sonrasa əməllicə sakitlik olub da demək mümkündür; oktyabrın 2-də atəşkəs rejimi 34, 3-də 30, 4-də 28, dünənsə 23 dəfə pozulub. Ancaq siz prezidentin saytında siyasətimizin bu uğuruyla bağlı bircə məktuba da rast gəlməzsiz…

Əvəzində Novruzəli Aslanov adlı deputatın məktubu var. İsmayıllı rayonu ilə bağlı prezidentin hər sərəncamına bu adam məktubla reaksiya verir: “…bütün bunlar müasir Azərbaycan Respublikasının banisi, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində mümkün olmuş və Sizinlə çiyin-çiyinə çalışan Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu sahədə əməli işi ilə davamlılığı tam təmin etmişdir”. Bu məktub prezidentin “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun idarə edilməsi, qorunması ilə bağlı imzaladığı Sərəncamla bağlı yazılıb. Ancaq Novruzəli məktubun sonunda mübahisəli cümlə də işlədib: “…mən İsmayıllıdan seçilmiş deputat olaraq həm öz adımdan, həm də sakinlər adından rayonumuzun inkişafı üçün atdığınız hər bir addıma görə Sizə sonsuz təşəkkürümü bildirirəm. Əminəm ki, müasir Azərbaycan Sizin rəhbərliyinizlə davamlı olaraq inkişafa doğru iri addımlarla irəliləyəcəkdir”.

Öz işidir, sadəcə bu adam prezidentin elektron poçtuna ölkəmizin davamlı, dinamik, analoqsuz inkişafıyla bağlı ardıcıl yazdığı məktublara görə hörmətə və diqqətə layiqdir.

Eyni diqqətisə başqalarından görmürük. Yadımdadır, bizim ilk peykimiz kosmosa buraxılanda qədirbilən xalqımızın nümayəndələri o peykin tüstüsü hələ çəkilməmiş prezidentin poçtuna məktublar yazırdılar. Həm də saysız-hesabsız, ölkənin bütün regionlarından, hətta Rusiyaya iş dalınca gedənlərimiz belə, çətin şəraitdə olsalar da, burdakı yaxınlarına pul yollaya bilməsələr də, təşəkkür məktubları göndərirdilər. Vətənimizin uğuruna necə sevindiklərini indi xatırlayanda belə kövrəlməmək olmur.

Bunlara nə oldu, qara yellər hardan əsdi, bilmirəm. Artıq “Azərspeys-2” peykimiz (rəsmilər ona “Azərspace” deyir) orbitdədir. Sentyabrın 26-da bizdən ayrılıb göylərə çəkilib, həmin gün ölkə prezidenti də xalqımızı bu əlamətdar gün münasibətilə təbrik edib. Bu peykin bizim ölkəmiz üçün çox mühüm olan yubiley ilinə həsr olunduğunu deyib: “…Biz “Azerspace 2” peykimizin orbitə çıxarılmasını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, Azərbaycanın dövlət müstəqilliyinə həsr edirik”. Daha nə istəyirsiz? Hələ də şokdayam, bu peyk uçurdulandan bir dənə də təşəkkür məktubu qoyulmayıb sayta. Çünki xalq o məktubları yazmayıb, yollamayıb. Ələt-Astara yolu qədər bu peykimizin hörməti olmadı, ancaq verdiyi fayda baxımından bunları müqayisə etmək belə qüsurludur. Hələ “abadlıq və yenidənqurma işlərinə görə” Gəncəyə ayrılan 10 milyon, Kürdəmirə ayrılan 10,7 milyon manata və s. görə gələn təşəkkür məktublarını demirəm.

Hardan hara gəldik…

Ah, unudulmuş Vətən! Ah, yazıq Vətən!..



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəUnudulmuş peykimiz