Ucar sakini: Evimiz yanıb bitdi, yanğınsöndürənlər gəlib çıxmadı

İndi bir işdir də düşmüşük

Source: meydan tv


''Pulumuz, qızılımız, geyimimiz, uşaqların dərs ləvazimatları, sənədlərimiz, hamısı yanıb''

Ucar rayonunun Bərgüşad kəndinin sakini Asif Səbzəliyevin ailəsi ilə birgə yaşadığı evi martın 12-də yanıb. Hazırda küçədə qalan ailənin getməyə yeri yoxdur. Yanğın zamanı ailə üzvlərindən bəziləri evdə olub, yanğınsöndürənə zəng ediblər. Ancaq xidmət vaxtında gəlib çıxmadığından ev yanıb-külə dönüb.


“Uşaqların əyinlərinin dəyişəyi yoxdur”

“Yoldaşım ancaq uşaqları götürüb çıxa bilib. 2 azyaşlı övladımız var. Sizi inandırım ki, əyinlərinin dəyişəyi yoxdur. Bütün əşyalarımız, pulumuz, qızılımız, geyimimiz, uşaqların dərs ləvazimatları, sənədlərimiz, hər şeyimiz yanıb. Uşaqlarım necə qorxublarsa, bu gün də özlərinə gələ bilmirlər. Həkimə aparmağa imkanımız yoxdur. Hazırda çöllərdə qalmışıq”, – Asif Səbzəliyev belə deyir.

Ailə evin həyətindəki toyuq hininin qapısını düzəldib, içinə sığınıb. Ancaq yağış yağanda günləri qara olur. Deyirlər ki, qohum-əqrəbanın yatmaları üçün verdikləri yorğan- döşəyin hamısı qalıb suyun altında.

image00003.jpeg
Asif Səbzəliyev

'

'Nə vaxtacan 2 körpə uşaqla küçələrdə qalacağıq, bilmirəm''

A.Səbzəliyev deyir ki, anasıgildə də qalmağa şərait yoxdur. 2 qardaşı, uşaqları ilə birlikdə yaşayırlar, yer yoxdur:

“İnanın ki, həqiqətən də orada qalmağımız mümkün deyil. Kimsəni narahat etmək də istəmirəm. Nə qədər olar? İllərlə işlədik, bu evi tikdik, qurduq, birtəhər yığıldıq içinə. O da yanıb külə döndü. Ucar Rayon İcra Hakimiyyətinə, kənd icra nümayəndəliyinə, bələdiyyəyə dəfələrlə müraciət etmişik, kömək edəcəyik deyiblər, hələlik, bir səs-soraq yoxdur”.


“Borular normal çəkilsəydi, qaz sızması da olmayacaqdı”

Ələsgər Eyvazov Asif Səbzəliyevin dayısıdır. Deyir, bacısı oğlu bu evi çox çətinliklə, borc-xərclə tikib başa vurmuşdu. Heç evin hamısı hazır deyilmiş:

“2 otağını hazırlayıb yaşayırdılar. Nə etsinlər, kasıb adamlardı. Biz də əlimizdən gələn köməyi etmişdik. Daha edə bilmirik. Çünki ev tamamilə yanıb külə dönüb. 10 ildən çoxdur ailə qurub. Hələ indilərdə evi hazır olmuşdu. İndiki dövrdə kirayə qalmaq da çətindir, bilirsiniz. İndi iki uşaqla qalıblar küçələrdə”.

image00008.jpeg
yanan ev

A.Səbzəliyev deyir ki, evin necə yanmasının özü də bir məsələdir. Onun vaxtında söndürülməməsi də:

“Qaz sızması baş verib. Əgər evə çəkilən borular normal olsaydı, qaz sızması da olmayacaqdı. Deyək ki, hadisədir, oldu. Bu zaman yanğınsöndürənlər niyə vaxtında gəlib çıxmayıblar? Rayon rəhbərliyinə yazdıq, xahiş etdik ki, bütün bunları nəzərə alıb bizə kömək etsinlər. Gəlib baxış keçirdilər. O gedən getdilər”.


“Uşaqları küçələrdə, yerdə, şəraitsizlikdə yaşatmaqdan xəstə salacağıq”

Evin xanımı, Gülnaz Səbzəliyeva həmin gecənin şoku içindədir. Deyir, evi, illərlə çəkdiyi əziyyəti, bütün var- yoxu, hamısı gözlərinin önündə yanıb külə dönüb. Təkcə uşaqlarını salamat çıxara bilib:

“Salamat çıxardım, çıxarmasına. İndi küçələrdə, yerdə, şəraitsizlikdə yaşatmaqdan xəstə salacağıq. Məktəbə də gedə bilmirlər. Geyimləri, dəftər-kitabları, çantaları və s.

Salamat heç nələri qalmayıb. Nə də pulumuz, zinyət əşyalarımızı filan da çıxara bilməmişik ki, heç olmasa, kirayə çıxaq”.

image00006.jpeg
ev


“Bu evi güc-bəla ilə illərlə işləyib tikmişdik”

G.Səbzəliyeva deyir ki, ailəsi bir günün içində hər şeyini itirib, sıfırın altına düşüb:

“Hər şeyimizi itirmişik. Məncə, belə olan halda dövlət bir kömək göstərməlidir. Vallah, güc-bəla ilə illərlə işləyib, zülmlə bu evi tikmişdik. İndi qalmışıq toyuq hinində. Həyətdəki o kiçik tikilini görürsünüz, baxın orada. 2 uşaqla zülm çəkirik. Tək qalan həmin gün əynimizdə olan paltarlarımızdır, vəssəlam. İndi başımıza haranın daşını tökək, bilmirik”.


“Yenidən ayaq üstə dura bilmək üçün dəstəyə ehtiyacımız var”

Ailə yanğında onlara nə qədər zərər dəydiyini bilmir. Deyirlər ki, bunu oturub hesablamaq lazımdır dəqiqliyi ilə. Ancaq təxmini götürəndə 40 min manata yaxın ziyanları var:

image00004.jpeg
evi yanan Səbzəliyevlər ailəsi

“İndi bir işdir də düşmüşük. Nolar, dövlət bizə kömək etsin. Yenidən ayaq üstə dura bilmək üçün dəstəyə ehtiyacımız var. Və bizim dövlətimizdən başqa kimsəmiz yoxdur. Yəni bizə kömək edə biləcək yeganə güc dövlətdir. Anamız, atamız da kasıb adamlardır. Pensiyayla dolanırlar. Özlərinə güclə baxırlar”.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Ucar Rayon İcra Hakimiyyətinə müraciət edib. İcra hakimiyyətindən yanğınöndürənin əraziyə vaxtında çatdığını, sadəcə vətəndaşın vaxtında müraciət etmədiyini deyiblər:

“Görünür, şokda olublar, bilmrəm. Kömək göstərilməsinə gəlində, maraqlanacağıq, görək əlimizdən nə gəlir. Deyəsən mənzilin sığortası da olmayıb, belə olan halda çətindir nəsə etmək”.

image00009.jpeg
ev
Ana səhifəBölgəUcar sakini: Evimiz yanıb bitdi, yanğınsöndürənlər gəlib çıxmadı