“Trampın addımları gələcəkdə ona qarşı cinayət məsuliyyəti yarada bilər”

“Amerika isə qanunun ali olduğu ölkədir, oturuşmuş institutlar var, onlar 4 illik hakimiyyəti zamanı Trampla qarşıdurmada olublar”

Source: Specify Source


Altay Göyüşov: “Hadisələr Amerikanın fundamentlərini silkələmək cəhdiydi”

Bir sutkadır siyasi dünyanın gündəmi ABŞ Konqresində baş verən hadisələrlə bağlıdır. Yanvarın 6-da Prezident Donald Trampın tərəfdarları ABŞ Konqresinin binasına daxil olub və polislə onlar arasında qarşıdurma yaranıb. Nəticədə 4 nəfərin öldüyü bildirilir.

ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Bayden Konqres binası qarşısında polislə Tramp tərəfdarları arasında yaranan qarşıdurmanı “qiyam” adlandırıb.

O, Donald Trampdan televiziyaya çıxmağı və Kapitoliyanın "mühasirəsinə" son qoyulmasına çağırış etməyi tələb edib:

“Tramp Konstitusiyanı müdafiə etmək andını yerinə yetirmək üçün dərhal televiziyaya çıxmalı və tərəfdarlarından Konqresin yerləşdiyi Kapitoliyanın “mühasirəsinə” son qoyulmasını tələb etməlidir”.

ABŞ-ın keçmiş prezidenti Barak Obama da baş verənlər haqda "Tvitter" hesabında açıqlama verib:

"Tarix haqlı olaraq qanuni seçkilərin nəticələri barədə əsassız yalan danışmağa davam edən hazırkı dövlət başçısının təhriki ilə törədilən bugünkü Kapitoli vəhşiliyini xalqımız üçün böyük biabırçılıq və utanc anı olaraq xatırlayacaq”.

Barak Obama Respublikaçılar Partiyasının tutduğu mövqeyi də tənqid edib. Onun fikrincə, respublikaçılar iki ay ərzində tərəfdarlarına seçkilər barədə həqiqətləri çatdırmaq istəməyib. Bu da sonda Kapitoli təpəsindəki zorakılıqlara gətirib çıxarıb.

Keçmiş prezident bildirib ki, respublikaçılar ilk addımı özləri atmalı və aranı sakitləşdirməlidirlər. O, Respublikaçılar Partiyasının prezident Donald Trampın siyasətinə qarşı çıxan tərəfdarlarını dəstəkləyib.

5ff62597c9de3d169c1fb436.jpg
Vaşinqton, Kapitoli qarşısında mitinq

Məlum hadisələrdən sonra ABŞ Prezidenti Donald Tramp yanvarın 20-də postunu tərk edəcəyini açıqlayıb.

Məlumatı CNN yayıb. Cozef Baydenin qələbəsi ABŞ Konqresi tərəfindən təsdiqləndikdən az sonra prezident həmin açıqlamanı verib. Amma Tramp seçkilərin nəticələri ilə razılaşmadığını da söyləyib:

“Baxmayaraq ki, seçkilərin nəticəsi ilə tamamilə razılaşmıram və faktlar məni dəstəkləyir, lakin yanvarın 20-də nizamlı bir şəkildə hakimiyyət keçidi baş tutacaq”.

Vaşinqton olaylarını Meydan TV-yə şərh edən Altay Göyüşov bildirib ki, demokratiya seçki deməkdir, seçkidə də narazı qalanlar olur:

“Narazılığın da səbəbləri var. Həm vergi, həm liberal və mühafizəkar düşüncə arasında qarşıdurma var. Son vaxtlar iqtisadi problemlər, Latın Amerikasından gələn qaçqınlar, müəyyən mənada irqi məsələlər, xüsusilə istehsalın Amerikadan başqa ölkələrə köçürməsi əhalidə idarəçiliyə qarşı narazılıq yaradırdı. Nəticədə 4 il əvvəl xalq Vaşinqton isteblişmentindən narazılığını dilə gətirib Donald Trampa səs verdi. Tramp da hakimiyyətə gələndən sonra atdığı addımlarla göstərdi ki, Amerikanın dəyərlərinə və institutlarına sədaqət nümayiş etdirmir. Azad mediadan başlamış siyasi partiyalara qədər, hamısına çox etinasız yanaşırdı. Bununla belə, narazılığın ifadəçisi kimi populizmlə tərəfdarlarını idarə edə bilirdi. Xüsusən demokratları, liberal düşüncəni bir növ düşmən edə bilmişdi və ölkədə parçalanmanı dərinləşdirməklə öz bazasını möhkəmləndirmişdi. Amma Trampdan narazılıqlar da artırdı, əsasən pandemiya zamanı buraxdığı davamlı səhvlər pis qarşılandı. İkinci, xarici siyasətdə, Avropa müttəfiqlərinə münasibəti daxildə əhalinin xeyli hissəsini ondan uzaqlaşdırmışdı. Seçkidə isə narazılar mobilizə olunub Trampın əleyhinə səs verdilər və nəticədə o, seçkini uduzdu”.

Altay Göyüşov
Altay Göyüşov

Altay Göyüşov deyir ki, Tramp ciddi məğlub olsa da, nəticəni qəbul etmək istəmir:

“Amerika isə qanunun ali olduğu ölkədir, oturuşmuş institutlar var, onlar 4 illik hakimiyyəti zamanı Trampla qarşıdurmada olublar. Hətta Tramp məhkəmələrə müraciət etsə də, rədd cavab verildi, amma bu da onu mövqeyindən geri çəkdirmədi. Sonuncu dəfə tərəfdarlarını topladı, Konqresə etiraza çağırdı və ordakı toplantını pozmağa çalışdı. Amma Trampın yaxın ətrafı, başda vitse-prezident Mayk Pens ona qarşı çıxdı, çünki tapşırıqları qanunun əleyhinə idi. İndi öz hökumətinin üzvləri prezident müddətinin başa çatmasını gözləmədən Trampın hakimiyyətdən uzaqlaşdırılmasını müzakirəyə çıxartmaq istəyirlər. Güman ki, Tramp andiçmə mərasiminə qədər hakimiyyətdən uzaqlaşdırılacaq. İstənilən halda Tramp hakimiyyətdən gedəcək”.

Altay Göyüşov ehtimal edir ki, Trampın çıxışları və addımları gələcəkdə ona qarşı cinayət məsuliyyəti də yarada bilər:

“Amma indidən bu barədə danışmaq çətindir. Sadəcə, 4 adam ölübsə, hansısa məsuliyyət olacaq. Çünki hadisələr Amerikanın fundamentlərini silkələmək cəhdiydi”.

5ff62599c9de3d169c1fb43c.jpg
Vaşinqton
5ff6c142c03c0e1df80c52de.jpg
Konqres
5ff6c143c03c0e1df80c52e4.jpg
Konqres
Ana səhifəDünya“Trampın addımları gələcəkdə ona qarşı cinayət məsuliyyəti yarada bilər”