Tofiq Yaqublunun həbsdə qalmasına qərar verildi

Tofiq Yaqublunun həbsdə qalmasına qərar verildi

Aprelin 20-də Bakı Apelyasiya Məhkəməsində Milli Şuranın üzvü Tofiq Yaqublunun həbsindən verilən şikayətə baxılıb. Hakim Kamran Əkbərovun sədrlik etdiyi prosesdə Yaqublunun həbsinin davam etməsinə qərar verilib.

“Tofiq Yaqublu özü də məhkəmədə iştirak edirdi və bizim apelyasiya şikayətimizi tam müdafiə etdiyini bildirdi. Dedi ki, onun həbsi birbaşa ifadə azadlığının pozulmasıdır. Tutulmasına səbəb “Facebook” üzərindən yazdığı statuslar, mediaya verdiyi müsahibələrlə bağlıdır”-vəkil Elçin Sadıqov danışıb.

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu Cinayət Məcəllisinin 221.3-cü, xuliqanlıq maddəsi ilə ittiham olunur. Lakin özü bu iddianı qəbul etməyərək, təxribatla üzləşdiyini, heç kimə zərbə yetirmədiyi halda şərləndiyini deyir.

“Bu həbs sifarişli, qondarma, uydurma, saxtadır. Hakimiyyətdən onun dərhal azad olunması tələb olunmuşdu. Görünür ki, İlham Əliyev, türkiyəlilər demiş, burnunun dikinə getməyə çalışır, ancaq onun özünün də vəziyyəti yaxşı deyil. Bu dəfə Tofiq Yaqublu və digər siyahi məhbusları həbsdə saxlaya bilməyəcək”-qızı Nigar Yaqublu deyir.

Martın 23-də Nizami Rayon Məhkəməsinin qərarı ilə Tofiq Yaqublu barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu, T.Yaqublunun sayca üçüncü həbsidir. Daha öncəki iki həbsini beynəlxalq təşkilatlar siyasi sifariş kimi qiymətləndirib.

Ana səhifəVideoTofiq Yaqublunun həbsdə qalmasına qərar verildi