Nigar Həzi: Tofiq Yaqublu komaya düşə bilər

Müdafiəçinin sözlərinə görə, T.Yaqublu ilə 6 gün öncə olan son görüşündən bu yana geriləmə aşkar görünür.

Source: Facebook

***


“Mən ölürəm. Artıq heç taqətim qalmayıb. Sümüklərim çox sızıldayır. Bilmirəm nə qədər ömrüm qalıb. Bircə bunu bil ki, mən bu mübarizəmi Məhəmməd Əmin Rəsulzadəyə ithaf etmişəm. Demokratiya uğrunda mübarizə aparan belarus xalqına da öz dəstəyimi bu yolla bildirirəm…”, – Tofiq Yaqublu sentyabrın 16-da günorta saat 13.30-da qızı ilə telefonla danışarkən danışarkən bunu deyib.


Qızı Nigar Həzinin verdiyi məlumata görə, bu gün qan analizləri götürülüb: “Nəticəsi çox pis çıxıb. Təcili qan köçürülməsinin zəruriliyi yaranıb. İndi qan bankından qanın alınması prosesi gedir. Həkim qeyd etdi ki, həyatı üçün ciddi təhlükə var. Hər an komaya düşə bilər və biz Tofiq Yaqublunu itirə bilərik”.


N.Həzinin sözlərinə görə, atasının vəziyyəti artıq çox ağırlaşıb, danışmağa belə, taqəti yoxdur: “Səsi çox zəif gəlirdi, vəziyyəti çox pisdir. Dəhşətli dərəcədə halsızdır. Dedi ki, köməksiz ayağa dura bilmir, nə qədər çalışsa da, yumruğunu sıxa bilmir. Hakimiyyət Tofiq Yaqublunu indi azadlığa buraxmasa, biz onu itirəcəyik. Zaman sürətlə Tofiq Yaqublunu ölümə aparır…”

***


Vəkili: “O qədər taqətdən düşüb ki, fikirlərini ifadə etməkdə də çətinlik çəkir”

Müsavat Partiyasının və Milli Şuranın həbsdə olan fəalı Tofiq Yaqublu 15-ci gündür ki, aclığı davam etdirir. Sentyabrın 12-dən xəstəxanaya köçürülən siyasi fəal üç gündür ki, orada sistemlərin vurulmasından imtina edib. O, bununla kifayətlənmək niyyətində deyil, belə davam edərsə, su içməkdən də imtina edərək, quru aclığa keçəcəyini bildirib. Bu barədə Meydan TV-yə T.Yaqublunun vəkili Aqil Layıc məlumat verib.

Vəkil deyir ki, T.Yaqublu hospitala köçürüləndən bu yana üç dəfə onunla görüşmək istəsə də, icazə verilməmişdi. Müvəkkili ilə görüşməyə dördüncü cəhdində, sentyabrın 15-də nail olub.

Müdafiəçinin sözlərinə görə, T.Yaqublu ilə 6 gün öncə olan son görüşündən bu yana geriləmə aşkar görünür. Orqanizm o qədər zəifləyib ki, T.Yaqublu xəstəxanada onu mühafizə altında saxlayan Penitensiar Xidmətin əməkdaşlarının köməyilə hərəkət edir: "Həm Penitensiar Xidmətin əməkdaşlarından, həm də həkim Adil Qeybulladan çox razılıq etdi. Ehtiyaclarını Penitensiar Xidmətin əməkdaşlarının köməyilə həyata keçirir. Adil Qeybulla haqqında da "uşaq kimi qayğıma qalır" dedi. Özünə gəlincə, o qədər taqətdən düşüb ki, fikirlərini ifadə etməkdə də çətinlik çəkir. Gözlərinin görməsində də problemlər yaranıb. Hətta əllərini yumub-açmaq da onun üçün çətinləşib".

T.Yaqublu həm həkiminə, həm də Penitensiar Xidmətin əməkdaşlarına deyib ki, tələbləri yerinə yetirilməsə, yaxın günlərdə sudan da imtina edəcək. Bunu da özü vəkilinə bildirib.

T.Yaqublu həmçinin hər gün vəkillərindən ən azı biri ilə görüşünə imkan verilməsini istəyib.

T.Yaqublunun qızı Nigar Həzi həkimin rəyinə əsaslanaraq, atasının koma təhlükəsi altında olduğunu bildirib. N.Həzinin sözlərinə görə, quru aclıq bu təhlükəni daha da artırır: "Onsuz da kifayət qədər zəifləyib, səhhətində ciddi problemlər yaranıb. Quru aclıq artıq ölüm deməkdir. Hakimiyyətdəkilər də Tofiq Yaqublunun necə prinsipial biri olduğunu yaxşı bilir. Ona görə qərar verilməlidir ki, ya Tofiq Yaqublu azad edilir, ya da ölümə məhkum edilir. 15 gün aclıq orqanizmə çox böyük zərbə vurur. Hətta Tofiq Yaqublu bu gün azad olunsa belə, o, uzun müddət müalicə olunmalıdır".

Martın 22-dən həbsdə olan T.Yaqublu sentyabrın 3-də Nizami Rayon Məhkəməsində çıxarılan hökmlə 4 il 3 ay azadlıqdan məhrum edilib. O, hökmdən bir gün öncə məhkəmədə son sözünü deyəndə çıxışının sonunda aclıq aksiyasına başladığını bildirib. T.Yaqublu qanunsuz həbsinə və məhkəmə ədalətsizliyinə etiraz olaraq bu addımı atdığını, azadlığa buraxılana qədər aclığı dayandırmayacağını bəyan edib.

Ana səhifəSiyasətNigar Həzi: Tofiq Yaqublu komaya düşə bilər