Təəccübə təəccüblənmək

Mən hələ vətəndaş cəmiyyəti institutlarının aradan götürülməsini, müstəqil mətbuatın sıradan çıxarılmasını demirəm.

Foto: Meydan TV


Nə vaxt eyni ortaq təpkini seçkilərin saxtalaşdırılmasına göstərib?

Uca millət, sevgili xalq hansısa məmur oğlunun özünə 2,5 milyonluq saatının aldığını eşidincə heyrətə düşməzmi, gözü kəlləsinə çıxmazmı?

Sanki böyük iş olub. Sanki ilk dəfədir.

Sanki milyardlarca neft pulu bunun ölkəsində oğurlanmayıb, elə bil 1000 manatlıq maaşla 200 min manatlıq "inomarka" sürənlər, 3-4 milyon manatlıq imarət ucaldanlar bunun ölkəsində yaşamır.

Sanki Allahın lift idarəsinin müdiri qızına yarım milyonluq toyu bunun ölkəsində eləməyib.

Lift müdirində o qədər pul varsa, neft müdirində bunun beşqatının, onqatının olmasında sanki qeyri-adi nəsə var.

Həqiqətən anlamıram, anlamağa çətinlik çəkirəm: çayxanadan, toyxanadan ta sosial şəbəkələrəcən günlərcə müzakirə mövzusu o 2,5 milyonluq saat olan uca millət, sevgili xalq bu cür rəzilliyin yaşanmaması üçün nə edib indiyəcən?

Nə vaxt eyni ortaq təpkini seçkilərin saxtalaşdırılmasına göstərib?

Nə vaxt eyni ortaq səslə ədalətli məhkəmə istəyib?

Azad seçki, ədalətli məhkəmə tələbi ortaya gələndə bir ovuc insanı "mən siyasətə qarışmıram" deyərək meydanda tək qoyub, "evdə balalarım var" bəhanəsinin arxasında gizlənib, hansısa məmur oğlunun təkcə bir qol saatına 2,5 milyon manat xərcləndiyini eşidəndə qəzəblənmək bir işə yaramaz, canım-gözüm!

Azad seçki, ədalətli məhkəmə tələbi ortaya gələndə bir ovuc insanı "az aşım, ağrımaz başım", "ac qulağım, dinc qulağım" deyərək meydanda tək qoyub, "onsuz da heç nə düzələn deyil, belə gəlib, belə də gedəcək" bəhanəsinin arxasında gizlənərək, hansısa məmur qızına 400 min manatlıq toy eləyəndə cin atına minməkdən bir şey çıxmaz, göz bəbəyim!

Biriləri sənin haqqın olan milyardları rahat-rahat həzm-rabedən keçirirsə, bunun başlıca səbəbi sənin xalq olaraq, millət olaraq iradənin hakimiyyətə yansımamasıdır. Deməli, azad seçkinin olmamasıdır.

Biriləri sən bir qarın çörəyə möhtackən sənin haqqın olan milyardlar sayəsində dəbdəbə, təmtəraq içində üzürsə, bunun başlıca səbəbi cəzasız qalacağına əminliyidir, qanunlar qarşısında cavab verməyəcəyinə arxayınlığıdır. Deməli, ədalətli məhkəmənin yoxluğudur.

Mən hələ vətəndaş cəmiyyəti institutlarının aradan götürülməsini, müstəqil mətbuatın sıradan çıxarılmasını demirəm.

Qeyri-hökumət təşkilatları pərən-pərən salınıb yeri hökumət təşkilatları ilə doldurularkən, qəzetlər susdurularkən, sən buna sadəcə tamaşa edirsənsə, o zaman məmurların, onların balalarının milyonlarca manatlıq maşınlarına, saatlarına, mülklərinə də eləcə tamaşa etməyə məcbursan.

Nə təəccübün bir işə yarayar, nə heyrətin.

Nə qıcığın bir yaralı barmağa dərman olar, nə də qəzəbin.

Arxadan atılan daşdan başqa bir şeyə bənzəməz çayxanalarda, toyxanalarda, sosial şəbəkələrdə asıb-kəsməklərin.

Asıb kəsdiklərinin də bir qulağından girib o biri qulağından çıxar, vecinə belə olmaz!

Əlbəttə, səni də başa düşürəm: on illər boyu qorxu, xof mühitində yaşamısan.

Sənin ölkənin təhsil sistemi tənqidçi, sorğulayıcı fərdlər yetişdirməkdən uzaqdır.

Sənin ölkənin ədəbiyyatı sarayların qoltuğunda, dürlü-dürlü maddi imtiyazların, mükafatların, fəxri adların kölgəsində yaranıb.

Sənin ölkənin alimi, bəstəkarı, şairi, yazıçısı sənətin qiyamçı, etirazçı ruhunu unudub, tərk edib, yüksək təltiflərə təslim olub.

Başa düşürəm, gözümün işığı, başa düşürəm.

Başa düşmədiyim bircə şey var: illər uzunudur bu qədər talan görürsən, yağma görürsən, qamarlama, çırpışdırma görürsən, hələ də necə sanki ilk dəfəymiş kimi, sanki indiyədək heç vaxt şahidi olmayıbsanmış kimi necə heyrətlənə bilirsən, necə təəccüblənə bilirsən?

İncimə, ancaq mən də sənin bu təəccübünə təəccüblənirəm, iki gözüm!..

Ana səhifəXəbərlərTəəccübə təəccüblənmək