''Tanrının qəzəbi'' əməliyyatı

İsrail ordusu bombardıman edir, 1973

İsrail ordusu bombardıman edir, 1973

Bundan əvvəlki məqaləmdə Münhen qətliamından bəhs etdim. 1972-ci il Münhen olimpiadası zamanı "Qara sentyabr" adlı terror təşkilatının üzvləri İsrail nümayəndə heyətinin 11 üzvünü (5 idmançı, 4 məşqçi və 2 hakim) girov götürdülər. Təcrübəsiz alman polisinin xilasetmə əməliyyatı tam fiasko ilə nəticələndi. Girovların hamısı həlak oldu. Terrorçuların isə beşi öldürüldü, üçü sağ ələ keçdi.

Terror İsraili matəmə bürüdü. Tezliklə isə bu matəm intiqam arzusu ilə əvəzləndi. Ölkədə böyükdən kiçiyə, fəhlədən siyasətçiyə kimi hamı intiqam barədə danışırdı. Hadisədən iki gün sonra İsrail aviasiyası "Qara sentyabr"ın daxil olduğu Fələstin Azadlıq Təşkilatının (FAT) Livandakı 10 bazasını bombaladı. Lakin ictimai rəy Münhen qətliamında əli olanlara qarşı daha ünvanlı aksiyalar tələb edirdi.

Hadisədən bir neçə gün sonra İsrailin baş naziri Qolda Meir Münhendə həlak olanların ailə üzvləri ilə məxfi görüş keçirdi. İştirakçılardan birinin söylədiyinə görə xanım Meir cinayətdə əli olanların mütləq cəzalandırılacağını vəd etdi: "İsrailin baş naziri kimi sizi əmin edirəm ki, bu qanlı cinayətdə əli olan hər bir kəsi dünyanın istənilən yerində izləyib tapacağıq və onlar etdiklərinə görə cavab verəcəklər".

İntiqam əməliyyatına rəhbərlik etmək üçün Qolda Meirin, müdafiə naziri Moşe Dayanın, mədəniyyət və təhsil naziri İqal Alonun, portfelsiz nazir İsrael Qalilinin daxil olduğu "X (iks) komitəsi" yaradıldı. Son iki nəfərin bu komitədə yer alması təəccüblü görünə bilər. Lakin həm Alon, həm də Qalili keçmiş hərbçilər idilər, İsrail ordusunun yaranmasında və ərəblərə qarşı uğurlu müharibələrdə müstəsna xidmətləri vardı. Üstəlik, hər ikisi Qolda Meirə yaxınlıqları ilə seçilirdilər.

X komitəsi İsrailin xarici kəşfiyyat idarəsi olan Mossada Münhen cinayətinin ilhamvericisi və təşkilatçısı hesab etdiyi şəxslər haqqında məlumat toplamağı tapşırdı. Bütün toplanan və təhlil edilən məlumat X komitəsinə göndərilirdi. Məlumatın bəhs etdiyi adamın öldürülüb-öldürülməməsi barədə son qərar komitə tərəfindən verilirdi. "Tanrının qəzəbi" adını alacaq əməliyyat çərçivəsində haqqında ölüm hökmü çıxarırılan ilk şəxs Abdel Vael Zuayter oldu.

***

38 yaşlı Zuayter FAT-ın Romadakı nümayəndəsi sayılırdı. O, tərcüməçi, ədəbiyyatşünas və intellektual biriydi. Həmin dövrdə "Min bir gecə" nağıllarının italyan dilinə tərcüməsi ilə məşğul idi. Mossadın qənaətinə görə , məhz Zuayter "Qara sentyabr" üzvlərini silahla təchiz edərək Münhenə yola salmışdı.

Qətliamdan 40 gün sonra, oktyabrın 16-da Zuayter axşam saatlarında yaşadığı binaya daxil olaraq liftin düyməsini basdı. Lakin lift aşağı düşənə qədər iki nəfər arxadan ona yaxınlaşdı. Onlar "Siz Vael Zuaytersinizmi?" sualına müsbət cavab alandan sonra Beretta markalı tapançalarını çıxararaq bütün güllələrini Zuayterə sıxdılar. O, dərhal keçindi.

Münhendə həlak olan qılıncoynatma məşqçisi Andre Şpitserin xanımı Enke xatırlayır ki, ertəsi gün səhər onun telefonu zəng çaldı və naməlum şəxs növbəti xəbərlər buraxılışını dinləməyi məsləhət gördü. Xəbərlərdə Romada FAT təmsilçisinin öldürüldüyünü eşidən Enke Şpitser bunun qisas aksiyası olduğunu anlayır.

Qolda Meirə yaxın olan adamlardan birinin xatırladığına görə, "Tanrının qəzəbi" əməliyyatı ilə bağlı baş nazir ambivalent hisslər keçirirdi. O, bir tərəfdən intiqam tələb edən ictimai rəyi nəzərə alırdı və müəyyən cavab verilməsinin zəruri olduğunu anlayırdı. Lakin əməliyyatın çox genişlənməsini istəmirdi, başqa ölkələrin qanunlarının pozulmasından, onun gedişində günahsız insanların ölə biləcəyindən ehtiyat edirdi. Bu zaman onun tərəddüdlərinə son qoyan hadisə baş verdi.

Oktyabrın 29-da Qərbi Almaniyanın Lufthansa şirkətinə məxsus təyyarə "Qara sentyabr" təşkilatının iki üzvü tərəfindən ələ keçirildi. Onların tələbinə əsasən Münhen hücumu zamanı sağ ələ keçən üç terrorçu Zaqreb aeroportunda təhvil verildilər. Bir çoxu ehtimal edirdi ki, bu hadisə Qərbi Almaniya hökuməti ilə razılaşdırılmışdı.

Üzvlərinin azad edilməsi müqabilində "Qara sentyabr" Qərbi Almaniya ərazisinidə, eləcə də onun vətəndaşlarına və təyyarələrinə qarşı terror həyata keçirməməyi vəd etmişdi. Digər tərəfdən, sağ qalan terrorçular üzərində məhkəmə zamanı xilasetmə əməliyyatının gedişində buraxılan biabırçı səhvlər aşkara çıxa bilərdi., Qərbi Almaniya hökuməti də bunda maraqlı deyildi.

Bu hadisə Qolda Meirə intiqam aksiyası ilə bağlı mənəvi bəraət verdi. Aydın oldu ki, terrorçuların həbs olunaraq məhkəmə qarşısına çıxarılmasına ümid etmək olmaz. Qərbi Avropa ölkələri terror aktları qarşısındakı qorxularından bunu etməyəcəklər. Sosialist bloku olan Şərqi Avropa, eləcə də ərəb ölkələrindən isə bunu heç gözləməyə dəyməz.

1973-cü il Oktyabr döyüşlərindən

1973-cü il Oktyabr döyüşlərindən

Beləcə, Münhen qətliamının ilhamvericiləri və təşkilatçılarının sırasına Almaniyanın azad etdiyi 3 iştirakçı da əlavə edildi. Üstəlik, aksiya intiqamla yanaşı, terrora qarşı önləyici mahiyyət daşımağa başladı. Yəni qətli müzakirəyə çıxarılan şəxsin Münhen cinayəti ilə əlaqəsi mütləq deyildi. "Əgər "Qara sentyabr"ın üzvü dünən terror etməyibsə, sabah edəcək" - naməlum əməliyyat iştirakçısı bunu belə şərh edirdi.

Qətl aksiyalarını adətən 15 nəfərlik qrup həyata keçirirdi. 2 nəfər bilavasitə icracı idi. 2 nəfər saxta sənədlərlə təmin edir, iştirakçılar üçün yalançı əfsanələr hazırlayırdı. 2 nəfər təşkilati işlərlə məşğul olurdular: otellərdə yer tutr, konspirativ mənzillər tapır, icarəyə avtomobil götürürdilər. 2 nəfər mərkəzlə əlaqəyə cavabdeh idilər. Yerdə qalanlar isə gələcək qurbanı izləyir, qətldən sonra təxliyəni təmin edirdilər. Əməliyyata rəhbərliyi Mossadın "Qeysəriyyə" dəstəsinin komandiri Mayk Harari həyata keçirirdi.

Mossadın rəhbəri Zvi Zamirin qarşısına yetərincə çətin vəzifə qoyulmuşdu. Bir tərəfdən əməliyyatlar heç bir iz buraxılmadan aparılmalı idi. Bu qətllərdə İsrailin əli olduğuna dair kiminsə sübut tapmasına yol vermək olmazdı. Digər tərəfdən, onların məhz qətl olduğu şübhə doğurmamalı idi. Yəni bədbəxt hadisə pərdəsi altında öldürmək olmazdı.

Üstəlik, küçədə güllələyərək öldürmək o qədər də təqdir olunmurdu. Bomba ilə partlatmağa üstünlük veilməli idi. Burada psixoloji amil nəzərə alınırdı. Bir tərəfdən bu daha dəhşətli ölüm sayılırdı. Digər tərəfdən, düşmənlərə göstərməli idi ki, Mossadın nüfuz edə bilmədiyi yer yoxdur. İsrailin düşməni avtomobildə, oteldə, evdə, hətta yataq otağında belə özünü təhlükəsiz hiss etməməlidir.

Növbəti hədəf FAT-ın Parisdəki nümayəndəsi Mahmud Həmşari oldu. Mossadın fikrincə, o, "Qara sentyabr"da ikinci şəxs və Münhen terrorunun koordinatoru idi. Həmşari Parisdə arvadı və qızı ilə birlikdə yaşayırdı. Müəyyən hazırlıq işlərindən sonra Həmşarinin mənzilindəki telefon stolunun altına partlayıcı yerləşdirildi. Bundan sonra günahsız qurbanlara yol verməmək üçün Həmşarinin ailəsinin evdə olmadığı məqamı gözləməyə başladılar.

Dekabrın 8-də belə məqam yetişdi. Müşahidəçilər Həmşarinin arvadının və qızının evdən çıxdığını xəbər verdilər. İştirakçılardan biri Həmşarinin ev telefonuna zəng etdi. Hər ehtimala qarşı dəstəyi qaldıran şəxsdən "cənab Həmşari ilə danışıram?" deyə soruşuldu. Müsbət cavabdan sonra bomba partladıldı. Ağır yaralanan Həmşari Paris xəstəxanasında "bu Mossadın işidir" deməyə imkan taparaq öldü.

Kiprdə məskunlaşan Hüseyn Abd əl-Şir FAT-ın sosialist ölkələrinin xüsusi xidmət orqanları, o cümlədən KQB ilə əlaqələrinə cavabdeh idi və həm də "Qara sentyabr"ın üzvü idi. O, Nikosiyada qaldığı otel nömrəsində çarpayının altına yerləşdirilən bomba ilə öldürüldü. Onun bu vəzifədə xələfi Sayyad Muhasi isə aprelin 11-də Afinada qətlə yetirildi. Onun otel nömrəsinə qoyulan bomba partlamadıqda, Mossadın əməkdaşı qapını sındırıb əl qumbarası ataraq Muhasini öldürdü.

Muhasidən 5 gün öncə isə Bazil əl-Kubayşi Parisdə öldürüldü. O, Avropadakı "Qara sentyabr" üzvlərinin silahla təchizatına cavabdeh idi. Qəbul olunan taktikanın əksinə olaraq, Kubayşini iki nəfər küçədə güllələdi.

İyunun 28-də isə "Qara sentyabr"ın daha bir önəmli üzvü, qadınlar arasında populyarlığına görə Mossad agentlərinin "Mavi saqqal" adlandırdıqları Məhəmməd Budia yenə Parisdə avtomobili partladılmaqla öldürüldü.

***

1973-cü ilin aprelində "Tanrının qəzəbi" əməliyyatına daxil olan, lakin ayrıca "Gəncliyin baharı" adlandırılan əlavə əməliyyat keçirildi. Bu əməliyyat Livanın paytaxtı Beyrutda məskunlaşan və FAT rəhbərliyinə daxil olan şəxslərə qarşı planlaşdırılmışdı. Onlar Məhəmməd Yusuf Nəcəf, Kamal Advan və Kamal Naser idilər.

Mossad onlar haqqında bütün məlumatları topladı. Harada yaşadıqları, mühafizəsinin sayı, hətta mənzillərinin planı belə məlum idi. Lakin hərbiləşdirilmiş dəstəyə qarşı əməliyyat keçirmək Mossadın imkanları xaricində idi. Belə olduqda xüsusi təyinatlılara müraciət etmək qərara alındı. Əməliyyatı "Sayeret Metkal", "Şayetet 13", "Tsanxanim", "Naxal" adlı dəstələrinin kommandosları həyata keçirdilər.

İsrailin gələcək baş naziri, "Sayeret Metkal"ın komandiri Ehud Barakın da daxil olduğu 30 nəfərlik qrup aprelin 9-dan 10-a keçən gecə motorlu rezin qayıqlar vasitəsilə Beyrut yaxınlığında sahilə çıxdılar. Burada onları icarəyə götürdükləri maşınlarda Mossad agentləri gözləyirdilər. Bundan sonra qrup beş hissəyə bölündü.

Ehud Barakın rəhbərlik etdiyi əsas qrup sadalanan üç nəfərin yaşadığı binaya tərəf istiqamət aldı. Digər qruplar isə FAT-ın nəzarətində olan bəzi obyektləri - silah zavodu, silah təmiri emalatxanası, FAT qərargahı, FAT silahlılarının yaşadığı binanı - partlatmalı idilər. Mühafizəçilərin diqqətini yayındırmaq üçün Barak və daha 2 nəfərin qadın cildində iştirak etdiyi əməliyyat bütün hədəflərinə nail oldu. 3 lider, 20-yə qədər yaraqlı öldürüldü.

Lakin günahsız qurbanlardan qaçmaq bu dəfə mümkün olmadı. Məhəmməd Yusuf Nəcəfin italiyalı arvadı atışma zamanı özünü ərinin önünə atdığından həlak oldu. Atışma səsinə gələn iki Livan polisi də öldürüldü. İsrail kommandosu isə iki nəfər itirdi.

Hadisə geniş rezonans doğurdu. BMT Təhlükəsizlik Şurası İsrailin hərəkətlərini pisləyən qətnamə qəbul etdi. Hətta Beyrutda belə təhlükəsizlikdə olmamalarını anlamaqları FAT sıralarında təlaş yaratdı. Təşkilat rəhbərliyinin, xüsusən Yasir Ərəfatın mühafizəsi gücləndirildi. Lakin İsrail doğura biləcəyi çətinliklərdən dolayı Ərəfatı öldürməyi planlamırdı.

***

"Tanrının qəzəbi" əməliyyatı başlayarkən Mossadın əsas hədəflərindən biri Əli Həsən Salame idi. 1972-ci ildə 32 yaşı olan, "Qırmızı şahzadə" ləqəbli bu pleyboy İsrail vətəndaşlarına qarşı bir sıra terror aktlarının müəllifi idi. Bunların sırasına Münhen qətliamından savayı Tel-Əvivin Lod aeroportunda 26 nəfərin ölümü ilə nəticələn gülləbaran da daxil idi.

1973-cü ilin yayında Mossad Salamenin Norveçdə olduğu barədə informasiya əldə etdi. Müxtəlif səbəblərdən Skandinaviya daha təcrübəli agentlərin göndərilməsi baş tutmadı. Təcrübəsiz agentlər isə bir sıra kobud səhvlərə yol verdilər. Apardıqları müşahidələr onları Lillehammer şəhərinə gətirdi. Əhalisi sarışın olan kiçik (hələ 2016-cı ildə Lillehammerin əhalisi cəmi 27,5 min nəfər idi) şəhərdə bir neçə nəfər brünetin peyda olması dərhal diqqət çəkdi.
Mossad agentləri apardıqları müşahidədən sonra Əli Həsən Salame saydıqları adamı iyulun 21-də hamilə arvadı ilə kinoteatrdan qayıdarkən küçədə güllələdilər. Halbuki həmin adam heç də terrorçu deyil, yerli kafelərin birində ofisiant işləyən mərakeşli mühacir Əhməd Buçiki idi. Son 36 il ərzində (o cümlədən nasist işğalı zamanı) heç bir qətlin baş vermədiyi Lillehammerin sakinləri üçün bu fövqəladə hadisə idi.

Qrupun səhvi təkcə yanlış qətllə bağlı olmadı. Doqquz nəfər, o cümlədən bilavasitə qətli törədən iki nəfər və Mayk Harari Norveçdən qaça bilsələr də, altı nəfər özlərinin həbs olunmalarına imkan verdilər. Bu zaman Mossadın daha öncə buraxdığı kobud səhvin nəticəsi ağır oldu. Məlum oldu ki, həbs edilən ilk iki nəfərdən biri Den Arbel kəskin klaustrofobiyadan (qapalı və ya dar məkan qorxusu) əziyyət çəkir. Təbii ki, belə adamı xüsusi xidmət orqanlarında işə cəlb etmək olmazdı.

Den Arbel daha geniş və pəncərəsi olan kameraya köçürülməsi müqabilində bildiyi hər şeyi danışdı, o cümlədən daha dörd nəfərin həbs edilməsinə vəsilə oldu. Yalnız Silviya Rafael adlı qadın agent istisna olmaqla digər beş nəfər Norveç polisinə çox şey danışdılar. Bu ifadələr, eləcə də onların həbsi zamanı əldə olunan sənədlər Mossadın Avropadakı kəşfiyyat strukturlarına ağır zərbə vurdu.

"Tanrının qəzəbi" aksiyası başlayandan bəri ilk dəfə dünya bu qətllərin İsrail tərəfindən törədildiyinə dair sübutlara yiyələndi. Mossad Avropadakı strukturlarını demək olar ki, tamamilə buraxıb yenidən yaratmalı oldu. Beynəlxalq təzyiq Qolda Meiri "Tanrının qəzəbi" əməliyyatını dayandırmağa məcbur etdi.

Həbs olunan 6 nəfərin heç biri qətlin törədilməsində bilavasitə iştirak etmədikləri üçün cəzaları sərt olmadı. Bir nəfər ümumiyyətlə bəraət aldı, bir nəfər 1 il, bir nəfər 2,5 il, bir nəfər 5 il, iki nəfər isə 5,5 il cəza aldılar. Lakin artıq 1975-ci ildə hamısı azad olunaraq İsrailə deportasiya edildilər.

1996-cı ildə İsrail hökuməti Əhməd Buçikinin ailəsinə 400 min ABŞ dolları həcmində kompensasiya ödəməyə razılaşdı. Bunun 282 mini həyat yoldaşı və qızına, 118 mini isə Buçikinin öncəki nikahdan oğluna ödənildi. Həmçinin İsrail hökuməti bəyanat verərək Əhməd Buçikinin "şanssız" ölümünə üzüldüyünü bildirdi, lakin üzr istəməkdən imtina etdi.

***

Beynəlxalq ictimaiyyətin terrora mənfi münasibətinin kəskinləşməsini nəzərə alan FAT 1974-cü ildə "Qara sentyabr" təşkilatının buraxıldığını elan etdi. Lakin Mossad təşkilatın həyatda qalan liderləri barədə məlumat toplamaq cəhdini davam etdirirdi.

"Tanrının" qəzəbi əməliyyatı İsrailin yeddinci Baş naziri Menaxem Beginin göstərişi ilə 1979-cu ilin əvvəlində, Əli Həsən Salamenin Beyrutda olması barədə məlumatlar əldə edildikdən sonra yenidən bərpa edildi. Bir neçə gün onun hərəkət trayektoriyası öyrənildi. Nəhayət, yanvarın 22-də Salame öz avtomobili ilə hərəkətdə olarkən yol kənarında dayanmış avtomobilin partlayışı nəticəsin öldürüldü. Bu aksiya zamanı ingilis tələbə və fransız rahibə olmaqla dörd təsadüfi şəxs də həlak oldu.

Əli Həsən Salamenin qətlindən sonra Mossadın siyahısında "Qara sentyabr" təşkilatının iki lideri qaldı - Əbu Əyyad və Əbu Daud. Lakin onlardan birincisi tezliklə siyahıdan çıxarıldı. Çünki Əbu Əyyad İsraillə silahlı qarşıdurmanın perspektivsiz olduğunu, anlaşmaq lazım gəldiyini təbliğ etməyə başlamışdı. Əvəzində daha radikal ərəblər Əbu Əyyadın belə pasifist mövqeyini bəyənmədilər. Əbu Əyyad 1991-ci ildə keçmiş silahdaşları tərəfindən öldürüldü.
Mossad sosialist blokuna daxil olan ölkələrin ərazisində adətən qətllər törətmirdi. Lakin 1981-ci ildə bir istisnaya yol verildi. Varşava kafelərinin birində oturmuş Əbu Dauda naməlum şəxs beş güllə sıxdı. Lakin Əbu Daud sağ qaldı və 2010-cu ildə öz əcəli ilə vəfat etdi.

Münhen qətliamında bilavasitə iştirak edən üç terrorçudan Adnan əl-Qaşi 1979-cu ildə, Məhəmməd Safadi isə 1980-ci illərin əvvəllərində öldürüldülər. Onların qətl detalları o qədər də aydın deyil. Hətta başqa səbəblərdən öldüklərini deyənlər də var. Bu iddialara görə Adnan əl-Qaşi ürək tutmasından, Safadi isə Livanda xristian ərəblərlə toqqumada ölmüşdülər. Yalnız bir terrorçunun, Camal əl-Qaşinin Afrika ölkələrində gizlənərək bu günə qədər sağ qaldığı güman edilir.

"Tanrının qəzəbi" aksiyasında son nöqtə 1992-ci ildə qoyuldu. FAT-ın görkəmli üzvlərindən Atef Bseyso iyunun 8-də Parisdə güllələnərək öldürüldü. Həmin gün əməliyyatın yekunlaşdığı tarix sayılır.

***

Tamamilə gözləniləndir ki, "Tanrının qəzəbi" aksiyasına münasibət heç zaman birmənalı olmayıb. Hətta Münhen qurbanlarının yaxınları belə tərəddüd keçirirdilər. Artıq ikinci aksiyadan - Mahmud Həmşarinin qətlindən - sonra Enke Şpitser ona zəng edib müjdə verən naməlum adama "mən onları müttəhimlər kürsüsündə görməyə üstünlük verərdim" söylədi.

Təbiidir ki, İsrail hökumətinin həm prokuror, həm hakim, həm də cəllad funksiyalarını mənimsəməsi normal hal sayıla bilməz. Lakin şərait də normal deyildi. Yuxarıda Qərbi Almaniyanın Münhen qətliamında iştirak edən üç nəfəri azad etməsini xatırlatdım. Bu hadisənin alman hökumətinin terrorçularla sövdələşməsinin nəticəsi olması versiyası yetərincə ağlabatan görünür.

Avropa ölkələrinin qorxaqlığının başqa nümunəsi də vardı. 1977-ci ildə Əbu Daud Parisdə həbs olundu. İsrail və Qərbi Almaniya onun ekstradisiyası barədə Fransaya müraciət etdilər. Lakin deyilənlərə görə, "xala xətrin qalmasın" deyə müraciət edən almanlar Fransanın birdən çaşaraq bu tələbi yerinə yetirəcəyindən qorxaraq müraciəti qaydalara uyğun hazırlamamışdılar.

Hərçənd, Paris İsrailin normal hazırlanan tələbini də yerinə yetirmədi. Fələstin təşkilatları fransızları terrorla hədələdilər, ərəb dövlətləri Fransa banklarında saxladıqları 15 milyard (indiki kursla 60 milyarda yaxın) dollar neft pullarını geri çəkəcəkləri ilə təhdid etdilər. Nəticədə, məhkəmə həbsi zamanı hüquqi prosedurlara tam riayət olunmadığı bəhanəsi ilə Əbu Daudu azad etdi.

Bu örnəklər sübut edir ki, terror təşkilatçılarını və iştirakçılarını tutaraq məhkəməyə çıxarmaq İsrailin imkanları xaricində idi. Heç bir ölkə bu işdə ona kömək edərək terror hədəfinə çevrilmək istəmirdi. Terrorçuların özlərinin İsrailə gələcyinə isə ümid etmək olmazdı.

Bununla belə, insanların günah dərəcəsini təxmini məlumatlarla müəyyən edərək qətlə yetirilmələrinə də sıradan bir hadisə kimi yanaşmaq olmur. Mossad əməkdaşlarından biri etiraf edirdi ki, "haqqında məlumat alınan şəxsi biz böyüdücü şüşə altında yoxlamırdıq". Buna görə də düşünürəm ki, qiymət verməyi oxucuların öhdəsinə buraxmaq daha yaxşıdır.

Əməliyyatın intiqam və önləyici aksiyalar kimi mahiyyətindən kənara çıxaraq strateji baxımdan Fələstin probleminə təsiri barədə nə söyləmək olar? Çox güman, yetərincə bacarıqlı (əgər belə demək mümkünsə) terror təşkilatçılarının zərərsizləşdirilməsi ilə İsrail bir neçə terror aktının qarşısını aldı və onlarla vətəndaşının həyatını xilas etdi.

Lakin əməliyyatın strateji cəhətdən Fələstin probleminin həllinə müsbət təsirindən danışmaq olmaz. Problemin özü həll olmadıqca buradan qaynaqlanan terrorizm də, İsrail və digər ölkələrin vətəndaşlarının həyatına təhdid də mövcud olacaq.

P.S. Kanadalı jurnalist Corc Conas "Tanrının qəzəbi" əməliyyatı haqqında "Qisas: İsrail əks-terror və ya qisas komandasının əsl tarixi" adlı kitab yazdı. 1986-cı ildə bu kitab əsasında "Gedeonun qılıncı" televiziya filmi çəkildi. 2005-ci ildə Stiven Spilberq həmin əsəri yenidən və "Münhen" adı ilə ekranlaşdırdı.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/tl0fuj

Самое читаемое