SMS-icazə ləğv edilir, çimərliklər açılır, amma…

Operativ Qərargah eyni zamanda, bildirir ki, xarici ölkələrə gediş-gəliş də bərpa edilməyəcək

Foto: Meydan TV


“5 nəfərdən artıq insanın bir araya toplanması qadağandır”

İyunun 21-dən tətbiq edilən xüsusi karantin rejimi avqustun 5-dən qismən yumşaldılacaq. Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Bildirilir ki, sərtləşdirilmiş tədbirlər nəticəsində virusa yoluxanların sayında azalma olub. Odur ki, sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlarda bəzi yumşalmalar edilir.

“Avqustun 5-dən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda insanların evlərini SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olunur”.

Məlumatda həmçinin, bildirilir ki, avqustun 5-dən çimərliklərə getmək sərbəstdir. Ancaq bəzi qadağalar əvvəlki kimi qalır.

Xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda (Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları) aşağıdakı məhdudiyyətlər qüvvədədir. Yenə həftəsonları ictimai nəqliyyat çalışmayacaq. Bundan əlavə, “Mall”lar da açılmayacaq:

“Ərzaq mağazaları, apteklər istisna olmaqla, iri ticarət mərkəzləri və “Mall”ların fəaliyyəti bərpa edilməyəcək. Bura habelə, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmət, muzey və sərgi zalları da aiddir. Həmçinin, bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti (imtahan, müsabiqə, müsahibələr, müxtəlif arayış və sənədlərin verilməsi ilə bağlı vətəndaş müraciətlərinin qəbulu istisna olmaqla) də bərpa olunmayacaq. Eyni zamanda, açıq havada idman yarışları və oyunları da daxil olmaqla, bütün kütləvi tədbirlər, o cümlədən, mədəni-idman tədbirlərinin keçirilməsinin dayandırılması davam edəcək”.

Operativ Qərargah eyni zamanda, bildirir ki, xarici ölkələrə gediş-gəliş də bərpa edilməyəcək:

“Ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış xüsusi və çarter reysləri istisna olmaqla hələlik, bərpa edilmir”.

Məlumatda bildirilir ki, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxış olmayacaq. Eyni zamanda, ölkənin digər yerlərindən yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) davam edəcək.

Operativ Qərargahın bildirməsinə görə, bütün bunlardan başqa toy və digər mərasimlərə də qadağa qalır. İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 5 nəfərdən artıq qruplarda cəmləşməsinə də yenə bəlli müddətdə icazə verilməyəcək.

COVİD-19 pandemiyası ilə bağlı bu il martın 24-dən Azərbaycanda karantin rejimi elan edilib. Karantin avqustun 31-nə kimi uazadılıb. Gündəlik yoluxmada azalma olduğundan rejim aprelin 27-dən mərhələlərlə yumşaldılmışdı.Amma bu, əks proses doğurduğundan iyunun 21-dən Bakı və ölkənin bir çox yerlərində karantin yenidən sərtləşdirilib. Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində çalışanlardan başqaları küçəyə çıxarkən yenidən SMS-lə icazə almalı olurlar. Avqustun 5-dən bu, yenidən ləğv ediləcək.

Ana səhifəSosialSMS-icazə ləğv edilir, çimərliklər açılır, amma…