SMDT: Səsvermə və səslərin sayılmasında ciddi qanun pozuntuları olub

“Ümumi nəticələrin etibarlılığı şübhə altındadır”

Source:


“Ümumi nəticələrin etibarlılığı şübhə altındadır”

Seçkilərin Monitorinqi Demokratiyanın Tədrisi (SDMT) mərkəzi Azərbaycanda 11 aprel 2018-ci il növbədənkənar prezident seçkisinin nəticləri ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, uzunmüddətli qaydada seçkinin bütün mərhələləri– namizədlərin irəli sürülməsi, seçkiqabağı təşviqat, seçki günü səsvermə və səslərin sayılması prosesləri üzrə müşahidə edib.

SMDT bildirib ki, seçki günü səsvermə və səslərin sayılması prosesini zədələyən ənənəvi və ciddi qanun pozuntuları qeydə alıb.

“Buraya müşahidəçilərin olduğu seçki məntəqələrinin 47 faizində adları seçici siyahısında olmayan seçicilərin səsvermədə iştirakı, 53 faiz seçki məntəqəsində seçki qutusuna saxta bülletenlərin atılması, seçki məntəqələrinin 53 faizində bir şəxsin bir neçə dəfə səsverməsi halları qeydə alınıb. Məlumatların daxil olduğu seçki məntəqələrinin yalnız 8 faizində ciddi qanun pozuntuları yer almayıb. Seçki günü həmçinin müstəqil müşahidəçilərə və jurnalistlərə qarşı ciddi təzyiqlər qeydə alınıb. Bu təzyiqlər seçki məntəqələrində qanun pozuntularına irad bildirən və səslərin sayılmasını izləmək istəyən vətəndaşlara qarşı baş verib”.

SMDT bildirib ki, onunla əməkdaşlıq edən müşahidəçilər əksər seçki məntəqələrində seçici fəallığı ilə bağlı rəsmi rəqəmlərdən əsaslı şəkildə aşağı olan rəqəmlər qeydə alıblar.

“Rəsmi nəticələr üzərində detallı analiz sayəsində SMDT elan olunmuş rəqəmlərlə bağlı ciddi uyğunsuzluqlar müəyyən edib. Bu nəticələr seçki məntəqələrinin yarısından çoxunda seçki qutularına toplu bülletenlərin atılması halları iddia etməyə və seçici fəallığının süni şəkildə şişirdildiyini ifadə etməyə əsas verir, o cümlədən ümumi nəticələrin etibarlılığını şübhə altına qoyur”.

SMDT-nin ümumi dəyərləndirməsi göstərir ki, 11 aprel 2018-ci il növbədənkənar prezident seçkisi siyasi azadlıqlara təzyiqlər, bərabər və həqiqi rəqabət imkanları, o cümlədən alternativ seçim şəraitinin məhdudlaşması ilə müşayiət olunaraq, azad və ədalətli seçkilər üzrə milli qanunvericiliyin və beynəlxalq standartların pozulması şəraitində keçirilib.

SMDT uzunmüddətli müşahidəni 22 nəfər, seçki günü müşahidəni isə 166 nəfər müstəqil müşahidəçi ilə əməkdaşlıq şəraitində həyata keçirib. Prezident seçkisi günü müşahidəçilər 125 seçki dairəsi üzrə milli təmsilçilik əsasında təsadüfi yolla seçilmiş 125 seçki məntəqəsində Statistikaya Əsaslanmış müşahidə aparıblar.

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının yekun rəyinə əsasən İlham Əliyev 86,3 faiz, Zahid Oruc 3,11 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38 faiz, Fərəc Quliyev 1,17 faiz və Razi Nurullayev 0,74 faiz səs toplayıb.

Ana səhifəXəbərlərSMDT: Səsvermə və səslərin sayılmasında ciddi qanun pozuntuları olub