Səyyidə əl-Hürrə – ”dəniz quldurlarının kraliçası”?

Səyyidə əl-Hürrə – Mərakeşdəki Tetuan şəhərinin hakiməsi (1515-1542), “dəniz quldurlarının kraliçası”, “islam Qərbinin ən vacib qadın fiqurlarından biri”, Məhəmməd peyğəmbərin nəvəsi Həsən ibn Əlinin nəslindən olan “azad başçı”.

Source: meydan.tv

Səyyidə əl-Hürrə – Mərakeşdəki Tetuan şəhərinin hakiməsi (1515-1542), “dəniz quldurlarının kraliçası”, “islam Qərbinin ən vacib qadın fiqurlarından biri”, Məhəmməd peyğəmbərin nəvəsi Həsən ibn Əlinin nəslindən olan “azad başçı”.


****

1485-ci ildə Əndəlüsdə (cənubi İspaniya), varlı müsəlman ailəsində anadan olan Səyyidənin (əsl adı: Ləlla Aişə) həyatını o dövrün dini-geopolitik hadisələri müəyyənləşdirib. 1492-ci ildə İspaniyanı 8 əsrlik ərəb-bərbər istilasından xilas etmək üçün birləşmiş (həm də ailə qurmuş) Kastiliya kraliçası I İzabella və Araqon kralı II Ferdinand Qranada əmiri XII Məhəmmədi məğlub etdikdən sonra əmirliyin müsəlman və yəhudi əhalisi, o cümlədən, Aişənin ailəsi ölkədən qaçmaq məcburiyyətində qalıb.


Əndəlüs əvvəlcə Bizans imperatorluğunun hüquqi varislərindən biri, Fransanın cənub-qərbini və Pireney yarımadasını əhatə edən Vestqot krallığının (V-VII əsrlər) tərkibində olub, sonra yarımadanın bir hissəsini işğal edən (711) Əməvilər xilafətinə keçib, daha sonra bu ərazidə müstəqil Kordova əmirliyi – Əndəlüs Əməvi dövləti (756-929) və ardınca xilafət (929-1031) yaranıb, xilafətdən sonra Əndəlüs ərazisində meydana gəlmiş kiçik dövlətlərdən biri də Qranada olub və yarımadanın şimalında getdikcə güclənən xristian dövlətləri son olaraq onu məğlub ediblər.

****

Əlcəzair tarixçisi əl-Makkarinin yüz il sonra “minlərlə bədbəxt emiqrant” adlandıracağı insanların bir qismi Şimali Afrikanın Fəs, Oran, Tunis kimi böyük şəhərlərinə, digərləri “boş şəhərlərə və əyalətlərə, o cümlədən, Tetvan (Tetuan) və Sale şəhərlərinə və Əlcəzair yaxınlığındakı Mətic çölünə yerləşir.

Mərakeşdə ilk islam sülaləsinin əsasını qoymuş I İdrisin nəslindən olduğunu iddia edən Rəşidlər klanının nümayəndəsi Mulay Əli ibn Rəşid xristianlıqdan islama keçmiş xanımı Zöhrə (qızlıq soyadı Fernandes), oğlu Mulay İbrahim və qızı Aişəylə birlikdə Şefşauenə gəlir və burda hərbi baza tipli şəhər salır (1471). Əndəlüs qaçqınları, o cümlədən, İspaniyada Rekonkistaya (Pireneyin ərəb işğalından azad edilməsinə və yenidən xristianlaşdırılmasına) qarşı vuruşmuş şəxslərin çoxu orda məskunlaşır. Bir müddət sonra yaşayış məntəqəsinə çevrilən Şefşauşen hamısı eyni rəngə boyanan binalarına görə “göy şəhər” kimi tanınmağa başlayır.

Uşaqlığının qalan hissəsini Aişə burada keçirir; riyaziyyatla məşğul olur, Kastiliya (ispan) və portuqal dillərini öyrənir, məşhur alim və arxitektor, sufizmdə “Mərakeşin yeddi müqəddəsindən biri” hesab olunan Abdulla əl-Qəzvanidən ilahiyyat dərsi alır. Söylənənlərə görə, əl-Qəzvanin özü qədər tanınmış olan atası şeyx Ocal bir dəfə əlini Aişənin başına qoyub belə deyir: “Gələcəkdə bu qızın böyük vəzifəsi olacaq”.

Bir müddət sonra (bəzi mənbələrə görə 1501, digərlərinə görə 1510-da) Aişə Əndəlüsdən Mərakeşə qaçmış digər bir klanının nümayəndəsi, özündən 30 yaş böyük Əbu Həsən əl-Mandariyə (az ehtimal verilən varianta görəsə, onun oğluna) – Tetuan (Tetvan) şəhərinin başçısına ərə verilir.

Bu, Aişə hələ balacaykən razılaşdırılmış diplomatik izdivac olsa da, onların arasında həqiqi bir bağlılıq və hətta işgüzar partnyorluq yaranır, ər-arvad Tetuanı birlikdə abadlaşdırırlar.


Şefşauen kimi əvvəllər hərbi qala olmuş Tetuanın əsası qədim mavrlar (bərbərlər) tərəfindən e.ə. III əsrdə qoyulub. Arxeoloji qazıntıların nəticələrinə görə, o zamanlarda adı Tamud olan bu şəhər daha əvvəl (e.ə. VII əsr) finikiyalılara (Karfagen), sonrakı dövrlərdə isə romalılara (Roma imperiyası) məxsus olub. Yarıdağılmış şəhəri 1305-ci ildə marinilər sülaləsinin nümayəndəsi sultan Əbu Tabit bərpa edib.


Rekonkistanın son dövrlərində avropalılar Məqrib ölkələrinə (Əlcəzair, Tunis, Mərakeş) daha çox diqqət etməyə başlayırlar. Şimali Afrikanın Mərakeşdən Misirə qədər olan Aralıq dənizi bölgəsində – Osmanlı imperiyası tərəfindən dəstəklənən Barbarlar sahilində yerləşmiş Tetuan İspaniyanın Setua şəhərinə hücumlar üçün baza rolunu oynadığı üçün kastiliyalılar onu dağıdırдфк (1400). Qranada əmirliyinin süqutundan (1492) sonra İspaniyadan qovulan morikslər (ərəblər) və marranlar (yəhudilər) Teutana yerləşib onu yenidən abadlaşdırılar. Səyyidə əl-Hürrənin idarəçiliyi dövründən başlayan dəniz quldurluğu şəhərin əsas profilinə çevrilir; İspaniya və Mərakeş arasındakı Birinci Mərakeş və ya Tetuan müharibəsində (1859-1860) юэрэк ispaniyalıların əlinə keçir, iki il sonra müsəlmanlar üsyan qaldırıb onu geri qaytarırlar; Fransa və İspaniya Mərakeşi bölüşdürəndə (Fəs sülh müqaviləsi, 1912) Tetuan birincinin payına düşür, bir il sonra İspaniya Mərakeşinin (Şimali Mrakeşdə 21 min kv. Metrlik ərazi) paytaxtı elan olunur və ölkənin müstəqilliyi bərpa olunana qədər (1956) bu statusu daşıyır. Səyyidə və əri Əbu Həsənin tikdirdiyi binaların hələ də qorunub saxlandığı “köhnə şəhər” hazırda YUNESKO-nun ümumdünya irsi siyahısındadır.

Tetuana Mərakeş sultanı Vəttasid Məhəmməd tərəfindən başçı təyin edilən (1448) Əbu Həsən əl-Mandari evlənəndən sonra şəhər idarəçiliyinə Aişəni də cəlb edir. Bu, mənbələrin çoxunda ortaq idarəçilik faktı kimi qeyd olunur.Əri öləndən sonra (1515) “birinci ledi” şəhərə təkbaşına rəhbərlik etməyə başlayır və Səyyidə əl-Hürrə (“azad başçı”), “hakimat Tetvan” kimi tanınmağa başlayır.

****

O dövrün islam dünyasında qadının rəhbər olması ənənəvi hal deyildi. Amma Aişənin bu posta yiyələnməsini asanlaşdıran dörd faktor vardı. Birincisi qardaşının Mərakeş sultanı Əhməd əl-Vəttasinin vəziri olmasıydı. İkincisi, idarəçilikdə Aişəni özünə bərabər tutmaqla bu yolu ona əri Əbu Həsən açmışdı. Üçüncüsü, teutanlılar qadın hökmdarı (Kastiliya kraliçası I İzabella) olan ölkədən köçüb gəlmişdilər. Nəhayət, dördüncüsü, şəhərdə xeyli sayda yəhudi – tarixi qadın çariçalarla zəngin olan millətin nümayəndələri vardı.


Bir çox hallarda hərbi əməliyyatlara şəxsən özü rəhbərlik edən, ispanların əfsavəni qəhrəmanı sayılan Kastiliya kralişası (1474-1504) I İzabella 30 illik idarəçiliyi dönəmində mərkəzi hakimiyyəti möhkəmlətmək, İspaniyanı birləşdirmək, kilsənin Vatikandan asılılığını öz xeyrinə azaltmaq, yarıhərbi ordenləri kral hakimiyytinə tabe etmək kimi nailiyyətlər əldə edib; Kolumbun dəniz səyahətilə bağlı maddi yardım xahişinə müsbət cavab verib (“Lazım gəlsə, öz brilyantlarımı da girov qoyacam”) və Amerika qitəsini Kolumb məhz onun dövründə kəşf edib. Amma xristianlığa keçməyi rədd edən ərəblərin, bərbərlərin və yəhudilərin ölkədən qovulması da onun hakimiyyət illərində baş verib.

Beləliklə, Aişə Teutanın hakiməsi olur və ispaniyalılara qarşı hələ uşaqlıqdan içində qalmış qəzəbi bu dövlətin Aralıq dənizində üzən gəmilərinə yönəldir. Hərçənd o dövrdə dəniz soyğunçuluğu bir çox ölkələr üçün ciddi gəlir mənbəyi idi və bu işlə məşğul olmaq şəhər rəhbəri olaraq da ona əl verirdi.

Amma Səyyidənin donanması yoxuydu, fəaliyyətini genişləndirmək üçün ona kənardan dəstək lazımıydı. Hakimə xanım adamlarını Aralıq dənizi quldurlarının “kralı” sayılan Oruc Rəisin yanına məhz bu məqsədlə hgöndərir.

Yunanıstanın Lesbos (Midilli) adasında doğulmuş, yarıtürk-yarıyunan Rəis əvvəllər ticarətlə məşğul olmuşdu. Hospitalyerlər Ordeninin dəniz basqını zamanı qardaşlarından bir öldürülmüş, özü əsir düşmüşdü.


Hospitalyerlər Ordeni 1099-cu ildə Yerusəlimdə kasıblara, xəstələrə və yaralılara yardım məqsədilə yaradılıb. Elə həmin il Səlcuq İmperiyasına qarşı başladılan və Yerusəlimdə Edes qraflığının yaradılmasıyla nəticələnən Birinci səlib yürüşü zamanı öz nizamnaməsi olan dini-hərbi ordenə çevrilib, Müqəddəs Torpağın (Yerusəlimin) müdafiəsi missiyasını daşıyıb; həmin ərazilər əyyubilər tərəfindən işğal olunandan sonra (1187) fəaliyyətini Yunanıstanın Rodos adasında davam etdirib. Hazırda Maltada böyük hərbi istehkama, Roma ərazisində iki saraya sahibdir, amma rəsmən İtaliyaya tabe deyil. Dövlətəbənzər quruluş hesab edilən bu ordenə bəzən cırtdan-dövlət, bəzən də toxunulmaz dövlət deyirlər. Beynəlxalq hüquqda suverenliyi diplomatik münasibətlər səviyyəsində qəbul olunur. Özünün pul vahidi, poçt markası, pasportu var. Ordenin böyük magistrı papanın vitse-kralı hesab olunur.

Qardaşlarından biri Orucu əsirlikdən xilas edir, bundan sonra o, qisas almaq üçün Tunis yaxınlığındakı Cərba adasına yerləşib dəniz quldurluğuyla məşğul olmağa başlayır.

Eyni işi görən dövlətlər Oruca və qardaşlarına hamilik edirlər – düşmən dövlətlərin gəmilərini soymaq və gəlirlərin üçdə birini vermək şərtilə.

1504-1510-cu illər aralığında Orucun donanması İspaniyadan qaçanların Afrikaya gətirilməsi işinə yardım edir. Xeyirxahlığına görə onu “Baba Oruc” adlandırırlar (Bu deyim qərblilərin tələffüzündə “Barbarossa” şəklinə düşür). Oruc Rəis “Gümüş qol” ləqəbiylə də tanınırmış – ispanların Afrikadan qovulması üçün başladılan savaşda qolunun birini itirmiş, yerinə dəmir protez taxmışdılar.

****

Razılaşma əsasında Aişə və Oruc Aralıq dənizini öz aralarında bölüşdürürlər – Teutan hakiməsi dənizin qərb hissəsinə, “Baba Oruc” şərq hissəsinə nəzarət etməyə başlayır.

Tezliklə Səyyidə əl-Hürrəm bu işdə ad çıxarır. İspaniya tarixçisi German Vaskes Çamorronun yazdığına görə, portuqaliyalı tacirlər “onu gəmi dirəyindən asılı görə bilmək üçün allaha dua edirdilər”.

Teutan hakiməsi təkcə soyğuna yox, əsirlərə görə ödəniş alınması prosesinə də nəzarət edir. Belə sövdələşmələrin birində – portuqaliyalı qubernatorun arvadı üçün ona çox böyük məbləğdə pul verilir.

İspanları Əlcəzairdən qovub orda özü hökmdar olmaq istəyən Oruc Rəis savaş başladıb istədiyinə nail olur. Amma sonrakı gərginlik onu Osmanlının müdafiəsinə sığınmağa, Əlcəzairi bu dövlətə birləşdirməyə məcbur edir. Osmanlının dəstəyilə Rəis qardaşları Əlcəzairi qoruyub saxlayırlar, amma Oruc döyüşlərin birində öldürülür, yerinə qardaşı Xızır keçir və ona “Xeyərddin” (xeyirsevər) adını verən, Osmanlını o dövrün ən güclü dövlətlərindən birinə çevirən I Süleymanla (Süleyman Qanuni) ittifaq qurur.

Səyyidə əl-Hürrə onunla da müttəfiqlik edir, sonrakı onilliklərdə Teutan hakiməsinin gəmiləri İberiya (Pireney) ölkələrinin gəmilərini mütəmadi olaraq talamaqda davam edir. “Dəniz quldurlarının kraliçası” Osmanlı donanmasının Pireney yarımadısının cənub sahillərindəki Hibraltara (Cəbəli-Tariqə) hücumunda (1540) da iştirak edir.

Sentyabrın 9-da adanın əvvəlcə şəqr tərəfinə yaxınlaşıb kəşfiyyat işləri aparan, sonra cənuba yollanıb orda sahilə yan alır və tezliklə şəhərə hücum başlayır. Amma şəhəri ələ keçirmək mümkün olmur, 20 nəfər canlı itki verən türklər əsir soydaşlarını azad edib, 70 əsir götürüb gəmilərinə qayıdırlar.

İki il sonra Teutan hakiməsinin “bəxt ulduzu” sönür – həmin il kürəkəni Əhməd əl-Həsən əl-Mandari Mərakeşin cənub hissəsində hakimiyyətdə olan səaditlər sülaləsinin köməyilə onu vəsifəsindən getməyə məcbur edir və yerinə özü keçir.

“Taxtından” salınandan sonra Şefşauenə qayıdan və ömrünün sonrakı illərini orda keçirən Səyidə əl-Hürrə 1561-ci ildə vəfat edir.

P.S. Tapdığım mənbələrin hamısında Səyyidə əl-Hürrənin Mərakeş sultanı Əhməd əl-Vattasiyə ərə getdiyi (1541) və toy mərasiminin Teutanda keçirildiyi yazılır. Halbuki paytaxtı Fəs olan şimali Mərakeşin sultanı Əbu əl-Abbas Əhməd həmin vaxt səaditlərin əsirliyində olub (1527-ci ildən), dayısı və regenti Əli Əbu Həsən (Hassun) onu ordan ancaq 20 il sonra, yəni 1547-ci ildə qurtara bilib. Ümumiyyətlə, bu şəxsin bioqrafiyasında Aişəylə evlik haqqında heç bir məlumat yoxdur, həmşinin o dövlətin Əhməd adında başqa sultanı da yoxdur. Bu fakt Səyyidə əl-Hürrəmin bioqrafiyasında daha nələrin uydurma olduğu sualını yaradır.

Ana səhifəXəbərlərSəyyidə əl-Hürrə – ”dəniz quldurlarının kraliçası”?