Seymur Həzi prezidentə müraciət etdi

“Xalq sizin zülmünüzü yadelli işğalçıların zülmü kimi qəbul edir”

Source:
Seymur Həzi
Seymur Həzi


“Xalq sizin zülmünüzü yadelli işğalçıların zülmü kimi qəbul edir”

“Azadlıq” qəzetinin əməkdaşı və “Azərbaycan saatı” verilişinin hazırda həbsdə olan aparıcısı Seymur Həzi prezident İlham Əliyevə müraciət ünvanlayıb. Həmin müraciəti onun həyat yoldaşı Nigar Həzi öz “Facebook” səhifəsində paylaşıb.

Müraciətdə deyilir:

“Cənab prezident, bugünlərdə sizin daha bir neçə milyardlıq bəd əməllərinizin üstü açılıb. Qərblilərə milyardlar xərcləyib ölkənin gələcəyini məhv etmək imkanı əldə etmisiniz. Bu, ən dəhşətlisi deyil. Ən dəhşətlisi odur ki, ictimai rəy bu məsələdə həmin qərbliləri sizdən daha çox qınayır. Xalq sizin zülmünüzü yadelli işğalçıların zülmü kimi qəbul edir. Ən dəhşətlisi budur. Siyasət əlaqəsi qurmalı olduğunuz bütün mərkəzlərdə rüşvət verəcək birilərini tapmısınız və cinayət əlaqəsi qurmusunuz. Rəsmi və qeyri-rəsmi televiziya kanallarınıza baxmaq bəs edir ki, dunyanın dörd tərəfini ölkə ilə düşmən etdiyiniz bəlli olsun. O qədər “müdrik” siyasət yürüdürsünüz ki, bütün dünya, sizin təbirinizcə desək “ermənipərəst”dir. Hərbi və siyasi manevrlərinizin yanlışlığından Rusiya Ermənistanla iki hərbi-strateji müqavilə – əlli illik ittifaq və birgə qonşu komanda mərkəzi barədə – bağlayıb.

Ölkədə mənəvi əhval-ruhiyyə o həddə çatıb ki, məktəblidən pensionerə qədər hamı sizin zülmünüzə düçar qalır. “20 Yanvar”da, “Qarabağ” döyüşlərinə sinəsini imperiyanın “rus gülləsi”nin qabağına verən insanlar indi ədalət üçün qaniçən imperiyanı arzulayır.

Sosial-iqtisadi vəziyyət barədə yalnız bir fakt demək kifayətdir ki, 10 milyonluq ölkədə milyon yarımdan çox insanın banklarınıza kredit borcu var. Heç orta əsrlərdə xalqın feodallara borcu indi sizə və oliqarxlara olan borcu qədər olmayıb.

Unutmayın, sizin də onlara borcunuz var. Keçmişlərinin, bu günlərinin və gələcəklərinin, bir sözlə, qəsb etdiyiniz hər şeyin əvəzini bu xalqa borclusunuz və mütləq verəcəksiniz”.

S.Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb. Jurnalist bu ittihamı rədd edərək, “Azadlıq” qəzetində hakimiyyəti tənqid edən məqalələr yazdığına və “Azərbaycan saatı” proqramında aparıcı olduğuna görə həbs olunduğunu bildirib.

“Amnesty International” təşkilatı S.Həzini vicdan məhbusu kimi tanıyıb.

Ana səhifəXəbərlərSeymur Həzi prezidentə müraciət etdi