”Sektorial” nazirin ”sektorial” dili

Dildən gəlir gəlmədiyi üçün Elmar Məmmədyarovun təmsil etdiyi indiki hakimiyyət dilimizin inkişafında qəti maraqlı deyil.

Source:
Xarici işlər naziri Elmar Məmmədyarov
Xarici işlər naziri Elmar Məmmədyarov

Dilin bir çox funksiyası var. Dil təkcə ünsiyyət vasitəsi deyil, o, həm də bir toplumu birləşdirən ən əsas vasitələrdən biridir. İnsanlar bu vasitə ilə bir-birini anlayır, bir-birinə fikirlərini izah edir və sevinc və kədərini paylaşırlar. Azərbaycan dili bu iki missiyanın öhdəsindən asanlıqla gələ bilir. Bu dil ölkədə yaşayan bütün etnik qrupları birləşdirən vahid dildir. Bəs onda niyə bir çox ziyalı bu dildə danışmaqda çətinlik çəkir və ya niyə rus dili hələ də populyarlığını qoruyub saxlaya bilir? Niyə 100 nəfərlik azərbaycanlıların qurupunda bir türk (Türkiyə vətəndaşı) olacaqsa, 100 nəfər də türk dilində danışmağa üstünlük verəcək, amma həmin bir türk Azərbaycan dilini öyrənməyə cəhd etməyəcək? Niyə Rusiyanın, Türkiyənin, Gürcüstanın, Ermənistanın yüksək çinli məmurunun öz dövlət dilini bilməməsi bizə absurd gəldiyi halda, Azərbaycanda bu tendensiyaya tez-tez rast gəlinir və hətta bəzi məqamlarda təqdir edilir? Bu məqalədə bu suallara cavab tapmağa çalışarıq.

Bildiyimiz kimi, dilin digər vacib bir funksiyası da dünya elminə, mədəniyyətinə çıxışı təmin etmək və eyni zamanda uğurlu karyera qurmaq üçün vacib bir vasitə olmasıdır. Təəssüf ki, Azərbaycan dili bu funksiyanı yerinə yetirə bilmir. Yalnız Azərbaycan dilini bilməklə sən dünyanın inkişaf tempindən geri qalırsan və bu dildə hakimiyyət tərəfindən sənə təqdim olunan məlumatlarla kifayətlənmək məcburiyyəti ilə üzləşirsən. Bu boşluğu doldurmaq üçün azərbaycanlılar türk dilindən istifadə etməyə, xəbərlərə bu dildə baxmağa çalışırlar. Bu da Azərbaycan dilinin sürətlə ölməsinə və yalnız ünsiyyət forması kimi qalmasına səbəb olur.

Dilin xalq tərəfindən tam formada mənimsənilməsi və dilə hörmətlə yanaşılması üçün dil daim qidalanmalı və inkişaf etməlidir. Dilin inkişaf etməsi üçün bu dildə elmi ədəbiyyat yazılmalı və elmi araşdırmalar olmalıdır. Şəxsən mən sonuncu dəfə Azərbaycan dilində oxuduğum kitabı xatırlayıram. Bu 2004-cü ildə bakalavr pilləsində təhsil alarkən oxuduğum və anlamadığım, rus dilindən tərcümə olunmuş “İqtisadi nəzəriyyə” kitabı idi. Bir anlıq təsəvvür edin ki, mən 14 ildir Azərbaycan dilində elmi kitab, jurnal, elmi əsər oxumuram və bu boşluğu ingilis dilində yazılmış əsərlərlə doldururam. Nəticədə ingilis dilində olan yeni terminlər leksikonuma daxil olur ki, bunun da ekvivalentini Azərbaycan dilində tapmaqda çətinlik çəkirəm. Eyni zamanda, insanların hamısı eyni dərəcədə patriot olmur və olması da lazım deyil. Xalqın nümayəndələri rasional qaydada qərarlar verirlər. Sıravi azərbaycanlı “uşağım hansı bölmədə oxusun: rus və ya Azərbaycan?” sualı ilə üzləşəndə rus dilinin sunduğu avantajları hesablayır və buna uyğun da qərar verir. Bu da əslində çox normaldır.

Digər tərəfdən, dilə hörmət bu dildə danışan şəxslərin kimliyi ilə də formalaşa bilir. Marketinqdə buna “istifadəçi effekti” deyilir. Yəni, bir məhsula olan münasibət onu istifadə edənlərin kimliyindən asılı olur. Bu gün bir azərbaycanlı bir tərəfdən Azərbaycan dilinə tərcümə olunmuş bir rusun, ingilisin, fransızın, almanın elmi əsərini oxuyur, digər tərəfdən də bizim televiziya məkanımızdan yayımlanan Azərbaycan dilində danışan bayağı insanları görür. Bu iki prosesi paralel analiz etmiş olsaq, məhz “istifadəçi effekti”nə görə onun üçün Azərbaycan dili Cəlil Məmmədquluzadənin canlandırdığı “Novruzəli”nin dilinə, rus, ingilis, fransız, alman dilləri isə əsərlərini oxuduğu alim, filosof və ədibin dilinə çevrilir. Əlbəttə, həmin şəxs bu dilləri öz doğma dilindən daha üstün tutacaq və bu dildə danışmağa, övladını da bu dildə oxutdurmağa çalışacaq. Çünki insan rasionaldır və qeyd etdiyimiz kimi, hamı patriot deyil.

Başqa sözlə ifadə etsək, bu şəxs özünü efirdə gördüyü “Novruzəli”lərlə heç bir halda assosasiya etmək istəməz və mövcud olan istənilən dil səviyyəsində olan əlaqəni də yox etmək istəyəcək. Qeyd etmək lazımdır ki, televiziya kanallarındakı bayağı proqramların səbəbi peşakər jurnalist və ya aparıcı çatışmazlığı deyil, bu peşəkarların normal fəaliyyət göstərməsi üçün onlara məxsus olan azadlığın onların əlindən alınmasıdır. Məhz bu səbəbdən də bu kanallar “Novruzəli”ləri efirə çıxardır və dilimizə ciddi zərbə vururlar.

Dövlətin dili onun ən vacib atributlarından biridir. Bu gün Azərbaycan dili ölmək üzrədir. Bu dili yaşatmalı olan qurumlardan biri olan Elmlər Akademiyası dünyanın elmi-texnika kəşf edən dillərlə gül-çiçək kəşf etməklə rəqabət aparır. Dildən gəlir gəlmədiyi üçün Elmar Məmmədyarovun təmsil etdiyi indiki hakimiyyət dilimizin inkişafında qəti maraqlı deyil. Yaşadığım Hollandiyada holland dövləti onun dilini öyrənməli olan bir xarici üçün 10.000 avro pul ayırır. Bu dili bilməyənlərə iş tapmaq da çox çətin olur. Cəmi 17 milyon əhalisi olan Hollandiyanın dili vikipediada ən çox məlumata sahib olan 4-cü dildir. Sıravi bir holland bir neçə dildə sərbəst danışa bilsə də, onun formalaşması üçün holland dili kifayət edir. Çünki bu dil onun formalaşması üçün lazım olan bütün məlumatları, elmi əsərləri, ixtiraları ona təqdim edə bilir.

Bu gün Elmar Məmmədyarov Azərbaycan dilində danışa bilmədiyi üçün haqlı olaraq qınanır. Elmar Məmmədyarovun dili məhz onun dəstəklədiyi siyasətin nəticəsidir. Bir diplomat nazir dövlət dilini bilmirsə, demək ki, bu insan Azərbaycan dilində xəbərlər oxumur, çünki bu xəbərlərə güvənmir. Bu dildə gedən siyasi şərhləri izləmir. Çünki bilir ki, siyasi şərhçi olan Elman Nəsirov Azərbaycan torpaqlarının 20 faiz işğal faktını bu torpaqlarda əyilə-əyilə xidmət edən erməni əsgəri ilə analiz edəcək. Əgər dərdini bu dildə izah edə bilmirsə, demək ki, bu dildə danışan həkimlərin xidmətindən də istifadə etmir, çünki inanmır. O bilir ki, bu dildə, bu ölkədə təhsil almış həkim rüşvətlə təhsil almışdır və bir nazirin belə bir sistemin məhsuluna canını etibar etməsi onun üçün xəyal edilməzdir. Elmar Məmmədyarov və digərlərinin yaratdığı siyasi sistem özlərini gülüş obyektinə çevirir.

Əgər Azərbaycan dili üzləşmiş bu problemdən xilas ola bilməyəcəksə, bu dil ölkə içində birləşdirici deyil, ayırıcı faktora çevriləcək. Təhsil sisteminin dağıldığı bir ölkədə bu dildə danışan “Novruzəli”lərin sayı artır. Özünü daha intelligentli sayanlar rus və ya ingilis dilində danışmağa üstünlük verəcəklər. Nəticədə iqtisadi qruplaşma dil üzrə qruplaşma ilə daha da dərinləşəcək. Bütün bunların həlli üçün ölkədə rəqabət mühiti yaradılmalıdır. Dilin yaşaması və güclənməsi üçün bu dildə dünya standartlarına uyğun elmi məqalələr yazılmalıdır. Belə məqalələrin ərsəyə çatması üçün Elmlər Akademiyası ləvğ edilməli və onun səlahiyyətləri özəl universitetlərin araşdırma mərkəzlərinə verilməlidir. Universitetlər arasında gedən rəqabət daha peşəkar kadrların meydana çıxması üçün zəmin yaradacaq. Azad rəqabət mühiti televiziya proqramlarına və bu proqramların keyfiyyətinə də ciddi təsir edəcək. Kanallar daha peşəkar proqramlar hazırlamaqla ciddi rəqabətə girmiş olacaqlar ki, bu da Azərbaycan dilini “Novruzəli”nin deyil, daha peşəkar ekspertlərin dilinə çevirəcək. Digər tərəfdən, azad rəqabət mühiti təhsilin səviyyəsini qaldıracaq və nəticədə Azərbaycan dilində danışan, bu dildə elmi əsərlər yazan peşəkarlar ərsəyə gələcək. Məhz onda sıravi azərbaycanlı Azərbaycan dilini bildiyi üçün özünə iş tapa biləcək və övladını da məhz Azərbaycan bölməsində oxutduracaq.

Ana səhifəMənim Fikrimcə”Sektorial” nazirin ”sektorial” dili