“Səidin dəstəsi”ndən həbsdə olan sonuncu məhkumun şərti azadlığa çıxması üçün müraciət edilib

Günel Əliyeva həyat yoldaşının Hepatit B-dən əziyyət çəkdiyini bildirib

Foto: sosial şəbəkə


“Səidin dəstəsi” adlı qrupla həbs edilən Ceyhun Əliyev şərti azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib.

Ceyhun Əliyev 2007-ci ildə həbs olunub və 13 il 7 ay müddətinə azadlıqdan məhrum edilib. 2020-ci ilin iyul ayında onun həbs müddəti bitməli idi. 2015-ci ildə daxili qaydaları pozmaq ittihamı ilə onun həbs müddəti daha 3 ay uzadılıb.

Ceyhun Əliyevin həyat yoldaşı Günel Əliyeva Meydan TV-ə danışıb ki, hadisə 2015-ci ildə baş verib.

“Həbsxanadan qırıq telefon tapıb rəisə verib. Amma onun özünü ittiham ediblər ki, telefon sənindir. Buna görə həbs müddəti 3 ay da artırılıb”.

Onun sözlərinə görə, Ceyhun Əliyevin şərti azadlığa çıxma məsələsi avqustun 19-da Xətai Rayon Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə planlaşdırılan prosesdə baxılacaq:

"Biz Ədliyyə Nazirliyinə, Ombudsmana müraciət etmişik, onlar da cavab verdilər ki, müraciətlərinizi həbsxana rəhbərliyinə göndəriblər".

Günel Əliyeva həyat yoldaşının Hepatit B-dən əziyyət çəkdiyini bildirib:

“Hər həftə yoldaşıma dərmana aparmalıyam, çünki indiki pandemiya dövründə onun yoluxmaması üçün başqa variantımız yoxdur”.

2007-ci ildə Cinayət Məcəlləsinin 218, 274, 28.2 və digər maddələri 14 gənc 8-14 il azadlıqdan məhrum ediliblər. 1974-83-cü illərdə doğulan Səid Dadaşbəyli, Mikail İdrisov, Cahangir Kərimov, Fərid Ağayev, Rasim Kərimov, Samir Qocayev, Beybala Quliyev, Rəşad Əliyev, Ceyhun Əliyev, Emil Mehbəliyev, Fətulla Bəbirov, Zaur Orucov, Rəşad İsmayılov, Faiq İsmayılov və Mübariz İsmayılov AR Cinayət Məcəlləsinin 218 (cinayətkar birlik yaratma), 274 (dövlətə xəyanət), 28.2. ( yalnız ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə yönəlmiş hazırlıq),180.3.1. (Soyğunçuluq. Mütəşəkkil dəstə tərəfindən törədildikdə), 278 (hakimiyyəti zorla ələ keçirmə və zorla saxlama), 228 (qanunsuz odlu silah saxlama), 204 (saxta pul və qiymətli kağzlar hazırlama və ya satma), 234 (qanunsuz olaraq narkotik vasitələri saxlama və daşıma) maddələri ilə ittiham olunaraq, 8-14 il arası azadlıqdan məhrum edildilər. Adları çəkilən gənclərin əksəriyyəti ali təhsilli olduqlarından xarici şirkətlərdə çalışırdı.

Hazırda onlardan yalnız Ceyhun Əliyev həbsdədir.

Ana səhifəSiyasət“Səidin dəstəsi”ndən həbsdə olan sonuncu məhkumun şərti azadlığa çıxması üçün müraciət edilib