Rüstəm Muradov Qarabağda həbs olunmuş azərbaycanlı hərbçiyə baş çəkib

“Cəmil Babayevin xahişilə onun qohumları və ailə üzvləri ilə görüşməyinə imkan yaradılacaq”

Source: Telegram

Qarabağda Rusiyanın sülhməramlı heyətinə rəhbərlik edən general Rüstəm Muradov həbsdə olan azərbaycanlı hərbi qulluqçu Cəmil Babayevə baş çəkib. Bu barədə Ermənistan mətbuatı xəbər verib.

“Muradov görüş zamanı Babayevin saxlanma şəraiti və sağlamlığı ilə tanış olub. Cəmil Babayevin xahişilə onun qohumları və ailə üzvləri ilə görüşməyinə imkan yaradılacaq”, – xəbərdə deyilir.

Cəmil Babayev avqustun 25-də Ağdərə (Mardakert) şəhərində həbs olunub. Ermənistan KİV-in məlumatına görə, Cəmil Babayev şəhərdəki evlərdən birinə daxil olaraq, ordakı iki yeniyetmədən yemək və siqaret tələb edib.

“Onu yemək veriblər, daha sonra yeniyetmələrdən biri mağazaya siqaret almağa gedəcəyini söyləyib. Evdən çıxan oğlan özünü itirməyib və polisə zəng edib”, – xəbərdə deyilir.

Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, orduda müddətdən artıq xidmət edən Cəmil Natiq oğlu Babayev Gəncə hospitalının psixiatriya şöbəsini özbaşına tərk edib. O, daha sonra rusiyalı sülhməramlıların nəzarət etdiyi əraziyə keçib.

Babayevə qarşı cinayət işi açılıb və istintaq aparılır.

Ana səhifəSiyasətRüstəm Muradov Qarabağda həbs olunmuş azərbaycanlı hərbçiyə baş çəkib