“Rusiya Türkiyənin Cənubi Qafqazda fəallaşması ilə hesablaşmaq zorundadır”

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərlə gündəmi müzakirə etdik.

Source: Meydan.TV
“Rusiya Türkiyənin Cənubi Qafqazda fəallaşması ilə hesablaşmaq zorundadır”

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərlə gündəmi müzakirə etdik.



İsa bəy, ABŞ prezidenti Baydenin Avropa səfərindən, Türkiyə və Rusiya prezidentləriylə görüşündən 10 gün keçib. Bu müddətdə Şuşa Bəyannaməsi imzalandı, Ermənistanda seçkilər keçirildi. Ötən həftə isə Sergey Lavrovla Ceyhun Bayramov arasında telefon danışığı olandan sonra Əliyev Putinlə danışdı, ardınca Paşinyanla və Ərdoğanla təmas qurdu. Danışıqların detalları tam açılmasa da, Əliyevin Avropa Birliyinin bəzi xarici işlər nazirləri ilə görüşdə və Ordu Günündə Ermənistanla sülh sazişinin və delimitsasiya məsələlərini qabartması baş verənlər haqda fikir yürütməyə əsas verirmi?

– Çox geniş sual olduğundan geniş də cavab tələb edir. Mən qısaca özəltləməyə çalışsam, prezident Baydenin Avropa səfəri çox önəmliydi. ABŞ-ın yeni administrasiyasının xarici siyasətini dəqiqləşdirmək, təqdim etmək, zədə almış sahələri xilas etmək və yeni fikirləri təqdim etmək üçün böyük bir kampaniya, proses idi. Bu gedişatın bir tərəfində Cənubi Qafqazda da gedən proseslər var. O cəhətdən bütün səsləndirdiyiniz məsələləri ümumləşdirsək, II Qarabağ savaşının nəticələrinin legitimləşməsi prosesi davam edir və bu müddətdə də xeyli dərəcədə legitimləşdi. Bu legitimləşmənin bizim üçün çox müsbət tərəfləri var, faktiki olaraq Şuşanın və torpaqlarımızın önəmli hissəsinin işğaldan azad edilməsi, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiyaların açılması, o cümlədən, Zəngəzur dəhlizinin açılması istiqamətindəki məsələlər bir növ legitimləşdi, dünya bunu qəbul etdi. ABŞ da, faktiki olaraq Avropa da qəbul etdi. Xoşagəlməyən cəhət ondan ibarətdir ki, Xankəndi və digər ərazilər bu dəfə rus əsgərinin nəzarətindədir. Bu məsələlər hələlik qeyri-müəyyən şəkildə qaldı, aydınlıq yoxdur.



Ancaq Baydenlə Putinin görüşündə Cənubi Qafqazla bağlı hansı danışıqların getdiyi naməlum qaldı, hətta o barədə söhbət açılmadığı deyildi. Sizin bu barədə mülahizəniz nədən ibarətdir?

– Danışılıb, yoxsa danışılmayıb, bunu bilmək olmaz. Çünki prezidentlərin nə barədə danışdıqları haqda tam informasiya verilmədi, sadəcə, vurğulanmadı. Əvvəla, görüşdən əvvəl ABŞ Dövlət Departamentinin yüksək vəzifəli şəxsləri Qafqaza gəldilər, 3 respublikada görüşlər keçirdilər, sonra başqa təmaslar oldu, informasiyalar cəmləndi, aydın məsələdir ki, mövzular hamısı masanın üstündə olub. Məhz həmin görüşlərdən sonra da Ərdoğanın Bakıya və Şuşaya səfəri, çox önəmli bir bəyannamənin imzalanması, üstəlik, Türkiyə dövlət başçısının Şuşada konsulluq açmaq niyyətini deməsi, – bütün bunlar söylədiyim məsələlərin müzakirə olunduğunu və legitimləşmənin qeydə alındığını göstərir. Açıq-aydın göründü ki, Türkiyənin son dövrdə Cənubi Qafqazda fəallaşması beynəlxalq birlik tərəfindən də, dolayısı yolla NATO-nun aktivləşməsi və Rusiyanın mümkün qədər təsirinin azaldılması istiqamətində atılan addım kimi  qiymətləndirilir.


– Ərdoğan Bakı səfərindən sonra Türkiyədə keçirdiyi mətbuat konfransında Azərbaycanda hərbi bazanın mümkünlüyü haqda fikirlər səsləndirdi. Ardınca Rusiyanın rəsmi şəxslərinin açıqlamalarında etiraz notları oldu…

– Rusiya, ümumiyyətlə, Cənubi Qafqazda Türkiyənin fəallaşmasından o qədər də razı deyil, sadəcə, hesablaşmaq zorundadır. Bir tərəfdən son dövrlərdə Rusiyanın zəifləməsi, digər tərəfdən də Türkiyənin fəallaşması, rəsmən açıqlanmasa da, NATO-nu təmsil etməsi gerçəklikdir və Moskva bununla hesablaşmaq məcburiyyətindədir. Ərdoğan da tamamilə haqlı olaraq bəyan etdi ki, Şuşa Bəyannaməsi onların Azərbaycanda hərbi baza yaratmaq imkanını təşfiq edib. Yəni birbaşa yazılmasa da, bəyannamədə o qədər önəmli müqavilələr var ki, onlar Türkiyənin Azərbaycanda hərbi baza açmaq ehtimalını da ehtiva edir. Sadəcə, Türkiyə prezidentinin dediyi kimi bu, Azərbaycanın da qərarından və proseslərin gedişindən asılı olacaq.



Mən Rusiya barədə bir neçə məqama toxunmaq istərdim. Siz mənə 21 oktyabrda verdiyiniz müsahibədə "Rusiya qərar qəbul edə bilmir", "Rusiya çox çətin qərar qarşısındadır, kənarda da qala bilmir", "Faktiki olaraq bu gün Rusiya nəinki 30 il əvvəlki, Birinci Qarabağ savaşındakı ölkə deyil, hətta 7-8 il əvvəlkindən də fərqlidir. Rusiya xeyli zəifləyib" deyə fikirlər səsləndirmişdiniz. Ancaq həmin zəif, yaxud qərar qəbul edə bilmədiyinizi söylədiniz Rusiya ordusu 10 noyabrda yenidən Azərbaycana qayıtdı. 20 iyun seçkilərində qalib gələn Paşinyan da Putinə təşəkkür etdisə, sizin fikirlərinizdə yanıldığını deməyə  əsas verirmi?

–  Yox, Rusiyanın zəifləməyi göz qabağındadır. 2016-cı ilin aprel savaşı günlərini yadınıza salın. Bir neçə gündən sonra Moskvadan çağırış oldu. Ardınca  Azərbaycanın və Ermənistanın rəsmiləri Moskvada toplaşıb savaşın o mərhələsini bitirdilər. İndisə bi səviyyədə bir neçə dəfə Rusiyadan çağırışlar oldu, bəzilərinə ümumiyyətlə cavab verilmədi, bəzilərində isə atəşkəs haqqında razılaşma olsa da, ona əməl edilmədi. Bu, özü də Rusiyanın gücünün məhdudlaşmasından xəbər verir. Sadəcə, Rusiya nə qədər məhdudlaşsa da, regionda ən güclü dövlət və nüvə silahına malik dövlət kimi qalır, təbii ki, onun müəyyən təsiri var. Sadəcə, təsir azalan xətlə gedir, artan xətlə yox. Rusiyanın Azərbaycan torpaqlarına öz əsgərlərini yeridə bilməsi imperiyanın bu istiqamətdə son çırpıntıları kimi də qeydə alına bilər.


– Bir müddət əvvəl Yeltsinlə Klintonun telefon danışıqları ictimailəşəndə bir detal maraqlı gəldi. Rusiya prezidenti deyir ki, Avrasiyanı bizə verin, qalan dünya sizindir. Təsəvvür edirsiniz, defolt vəziyyətində olan Rusiya imperiya iddialarında israrlıdırsa, indiki Putin Rusiyasının qapalı görüşlərdə hansı iddiaları səsləndirdiyini ehtimal etmək çətin deyil və sizin "Rusiya xeyli zəifləyib" fikirinizin müəyyən qədər əsassız olduğunu təsdiqləmirmi?

– Hərəmiz öz fikrimizdə qala bilərik, amma gözlə görünən şəkildə Rusiya zəifləyib. Rusiyanı hazırda ən böyük nüvə dövlətlərindən biri olması o statusda saxlayır. Amma ABŞ da Rusiyanı fövqəl dövlət yox, regional dövlət kimi qəbul edir. Baydenin də Putinlə görüşmək fikri onunla bağlıydı ki, Rusiyaya həddini göstərsin, onlara təklif etsin ki, özünüzü proqnozlaşdırılan şəkildə aparın, bizim hədəfimiz siz deyilsiniz, biz Çini məhdudlaşdırmaq fikrindəyik. Yəni dünya miqyasında rəqib kimi Çini qəbul edirik və bu prosesdə də ya bizimlə bir yerdə olun, ya da neytral qalın, problem yaratmayın. Bayden-Putin görüşünün əsas mahiyyəti bundan ibarət idi. Həmin görüşdən əvvəl və sonra Rusiyanın davranışlarına diqqət etsəniz, bu, mesajın Moskva tərəfindən ciddiyə alındığını görərsiniz.



Məsələn, hansı əlamətləri göstərə bilərsiniz, arzumentlərinizi deyə bilərsiniz?

– Açıq-aydın Rusiya təzyiqlərini azaldıb. Aydın məsələdir ki, Rusiya Azərbaycanla Ermənistan arasında seçim edərkən ikincinin tərəfindədir. Çünki Ermənistan Rusiyanın yaratdığı bir dövlətdir. Ancaq Rusiya çalışır ki, Azərbaycanla Ermənistan arasında moderator rolunu oynasın, neytral bir qüvvə kimi görünsün. Açığı bəzi hallarda hətta Fransadan fərqli olaraq Rusiya özünü neytral qüvvə kimi nümayiş etdirməyə çalışa bilir. Digər tərəfdən, Rusiya Köçəryanın tərəfindədir, Paşinyanın yox, bunu bütün Rusiya mətbuatından və sözçülərinin çıxışlarından gördük və ciddi dəstək verdilər. Eyni zamanda, bir məqamı da qeyd etmək istəyirəm ki, elə təbliğat apardılar ki, guya Köçəryan reytinqdə Paşinyana çatıb və onu keçib. Çox təəssüf ki, həmin təbliğat Azərbaycanda da öz təsirini göstərməyə başlamışdı. Azərbaycanın da nəinki Rusiyayönümlü mətbuatı, hətta müstəqil mətbuatı da müəyyən mənada bu yalan xəbərlərə uyaraq yazırdılar ki, Köçəryan reytinqdə keçib. Bunu mən bir təhlükə olaraq görürəm, istəyirəm ki, Azərbaycan mətbuatı da bir qədər daha diqqətli davransın və Rusiyanın yalan mexanizminə, “fake” informasiyalar istehsalına daha tənqidi yanaşsın. Nəysə suala qayıdaq, Rusiya Köçəryanın tərəfində olsa da, bunu çalışırdı ki, açıq şəkildə ortaya qoymasın. Erməni xalqına nümayiş etdirirdilər ki, bu, sizin seçimdir, qarışmırıq. Əminəm ki, Rusiya Ermənistan daxilindəki resurslarının çox az qismini ortaya qoydu. Tamamilə mümkündür ki, bu istiqamətdə Rusiyaya xalqların işinə qarışmamaq xəbərdarlığı da ediblər.


– Sizə elə gəlmirmi Paşinyan indiki mərhələdə Rusiyaya sərf edir, rus ordusu da ordadır?

– Bir tərəfdən Rusiya nəzərə alır ki, 10 noyabr bəyanatını Paşinyan imzalayıb və həmin sənədi imzalayan dövlət adamı da sadiq qalmağa məcburdur. Ancaq bütövlükdə Paşinyanın Rusiyaya çox uyğun olması fikriylə də razılaşmaq  çətindir. Bu da sizin fikrinizdir, ola bilər.



Azərbaycanda narahatlıq doğuran məsələlərdən biri Rusiya ordusunun yaxın 5 ildə Qarabağdan çıxıb-çıxmamasıdır. Bugünlərdə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktor müavini Skakov deyib ki, sülhməramlılar Qarabağda 30 il qalacaqlar və Zəngəzur dəhlizindən getməyə yalnız yük maşınlarına icazə veriləcək. Bu, Kremlin bu cür adamların diliylə mesajını çatdırması anlamına gəlmirmi?

– Rusiyanın o qədər mütəxəssisi, blogeri, jurnalisti, rəsmi və qeyri-rəsmi şəxsləri bu mövzuda danışırlar ki, bunların hamısının Kremlin rəsmi mövqeyi olub-olmaması ayrıca bir mövqedir. Bilirsiniz, çox adam danışır və hansısa bir dövrdə proses gedir. Altı aydan, yaxud bir neçə ildən sonra sizin kimi jurnalistlər qaldırıb deyəcəklər ki, 3 il əvvəl filankəs belə demişdi. Ancaq 3 il əvvəl başqa biri də başqa bir söz demişdi. Ona görə də o sözləri Rusiyanın rəsmi mövqeyi kimi qəbul etmək lazım deyil. Rusiyanın sözçülərinin dediklərinə yox, konkret qəbul etdikləri qərarlara diqqət etmək lazımdır. Məsələn, mənin üçün ən maraqlı göstəricilərdən biri Zəngəzur yoludur, bu yolun açılması 10 noyabr bəyanatında qeyd olunmuşdu. 11 yanvar üçtərəfli bəyanatda isə konkret müddətlər qoyuldu. Xeyli vaxt keçib, amma görmürəm ki, kimsə onu araşdırıb 11 yanvar bəyanatında müddətlərin keçdiyini qeyd etsin. Faktiki olaraq, 3 ölkənin rəsmilərinin görüşüb müzakirələr apardığı haqda yalnız məlumatlar yayılır. Azərbaycan tərəfindən müəyyən hazırlıq işləri gedir, gərəkən işlər görülür, amma hələlik Zəngəzurda yollarına açılmasına nə qədər yaxınlaşmışıq, onu demək çətindir. Mənim üçün ən böyük göstərici bu olacaq ki, Rusiya bu məsələdə dediyi kimi, hətta özünün tərtib etdiyi sənədlərdə Zəngəzurda yolların açılmasına kömək edəcək, maneçilik törədəcək, yoxsa neytral müşahidəçi kimi qalıb gözləyəcək ki, Azərbaycan və Ermənistan məsələni necə həll edirlər. Buna diqqət etmək lazımdır.



Sizin bu məsələdə ehtimalınız nədir?

– Bilirsiniz, məntiqlə Rusiya bu yolun açılmasına çalışmalıdır. Amma avtoritar rejimli ölkələrin qərarları o qədər qəribə olur ki, bəzən qərarların bu ölkələrin maraqlarına uyğun olmadığı üzə çıxır. Ona görə Rusiya həmin yolun açılmasını ləngitsə, təəccüblənmərəm.



Nə gözləyirsiniz, 4-5 il sonra Rusiya sülməramlıları çıxacaq, yoxsa Azərbaycan desə ki, ermənilərlə razılığa gəlirik və şimal ölkə təxribat törədəcək?

– Biz Milli Strateji Düşüncə Mərkəzi olaraq 44 günlük savaş bitəndə verdiyimiz açıqlamalarda qeyd etmişdik, erməni elitasını başa salmaq lazımdır ki, bölgədə normal münasibətlər üçün Azərbaycan-Ermənistan və Ermənistan-Türkiyə münasibətləri yoluna qoyulmalıdır. Yalnız bu qarşılıqlı anlaşmalar olduğu təqdirdə rus əsgərinin Azərbaycan ərazisindən çıxmasına nail olmaq daha real görünür. İndi də həmin mövqedə qalırıq. “Yaxın gələcəkdə nə olacaq” sualını verirsiniz, gələcək öncədən müəyyənləşdirilməyib, gələcəyi müəyyənləşdirən amil bu prosesdə iştirak edən qüvvələrin qəbul etdiyi qərarlar və atdıqları addımlardır. Azərbaycan, Ermənistan nə cür davranacaq, Türkiyənin mövqeyi necə olacaq, Rusiya hansı addımlar atacaq? Mən ən üzdə olan istiqamətləri deyirəm, burda maraqlı olmayan İran tərəfi var, Qərbin öz yanaşmaları var, orda da yekdil mövqe yoxdur, çox mürəkkəbdir. Məni narahat edən odur ki, son dövrdə Azərbaycan dövlət başçısı və rəsmiləri çıxışlarında hər şeydən danışılır, Xankəndinin adı çəkilmir, Xocalının, Əsgəranın adı çəkilmir, yəni bu məsələdən elə bil məsafələnməyə çalışırlar, tez-tez də problemin bitdiyini deyirlər. Amma problem o zaman bitəcək və həll olunacaq deyə biləcəyik ki, Xankəndində Azərbaycan bayrağı dalğalansın və rus əsgərinin olduğu ərazilər bizim nəzarətimizə keçsin. Orada Azərbaycan Konstitusiyanına uyğun hakimiyyət orqanları formalaşsın. Yalnız bundan sonra məsələnin həll olunduğunu deyə bilərik.



Təsəvvür edək ki, Yerevanla Bakı sülh sazişi imzaladı, amma Qarabağ erməniləri sənədlə razılaşmadı, müstəqilliyi əsas götürəcək, o zaman necə olacaq?

– Yəqin ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalasa, sərhədlər təsdiqlənsə, ərazi bütövlüyü tanınsa, burda yaşayan ermənilər gerçəklərlə hesablaşmaq zorunda qalacaqlar. Bunun üçün Azərbaycan tərəfinin öz iradəsini göstərməsi önəmlidirsə, digər tərəfdən də, demokratik qaydada bu məsələləri həll etməyə hazır olduğunu nümayiş etdirməlidir. Belə olanda, Azərbaycanın özündə demokratiya məsələləri aktuallaşır. Bütövlükdə isə mən Milli Strateji Düşüncə Mərkəzinin yanaşmasına əsaslanaraq deyə bilərəm ki, bu məsələnin həlli yolu Ermənistandan çıxarılan 100 minlərlə soydaşımızın ora getməsini, orda yerləşə bilməsini həll etmək lazımdır. Burda bir simmetriyaya, paralelliyə ehtiyac var, erməni tərəf Qarabağda yaşayan ermənilər üçün hansı statusu istəyirsə, soydaşlarımızın Ermənistana dönüb öz yurdlarında eyni qaydada və statusda imkanlara, imtiyazlara sahib şəkildə yaşamasına imkan yaradılmalıdır. Bu məsələ həm də haqq-ədalət məsələsidir, avropalılar tez-tez insan haqlarını və xalqların hüquqlarını qabardırlar, amma bu hüquqlar yalnız 40-50 min erməniyə aid deyil, 100 minlərlə azərbaycanlılara da aiddir, onların da hüquqları da daha ciddi və fundamental şəkildə pozulub. Ona görə də bu bir hüquq və sülh, əmin-amanlıq məsələsidir. Məhz azərbaycanlıların Ermənistanda öz doğma yurdlarına da yerləşməsi, bütün hüquqlara sahib olması iki ölkənin normal qonşuluq münasibətlərinə sövq edən, hazırlayan, şərtləndirən hadisələr ola bilər.


– İsa bəy, 30 ildən çox zaman keçib, nəsillər dəyişib, insanlar Azərbaycanda məskunlaşıb. Geri qayıtmaq prosesini necə təsəvvür edirsiniz? Real görünmür axı…

– 30, daha dəqiqi 26 il məsələsi Qarabağdan çıxarılan vətəndaşlarımıza da aidir. Ancaq mən müxtəlif bölgələrin adamları ilə söhbət edirəm, əksəriyyət ora qayıtmaq, yaşamaq niyyətindədir. Aydındır ki, bu saat bunu çiy şəkildə ortaya çxıarıb həll etmək olmaz. Çünki Ermənistan çıxarılan soydaşlarımızın dönməsi üçün təhlükəsizlik və yurdlarına məskunlaşması təminatı verilməlidir, bunun üçün iş getməlidir. Təəssüf ki, Azərbaycan hökuməti bu istiqamətdə mövqe ortaya qoymur. Amma Milli Strateji Düşüncə Mərkəzinin təklifi qalır, məsələyə diqqət yetirilməlidir. Təkrar edirəm, bu, təkcə haqq-ədalət məsələsi deyil, təhlükəsizlik, əmin-amanlıq, Ermənistanla Azərbaycan arasında davamlı sülh məsələsidir.



Demokratiya məsələsinə toxundunuz, bilirik ki, Azərbaycan müxalifəti İlham Əliyevin legitimliyini tanımır. Sizcə,  II Qaarabağ savaşı Əliyevi legitimləşdirdimi?

– Faktı olduğu kimi qiymətləndirmək lazımdır, torpaqlarımızın önəmli hissəsi işğaldan azad edilib və bu da indiki hakimiyyət dönəmində baş verib. Biz bunu olduğu kimi qiymətləndiririk.



Yəni siz onu legitim prezident kimi qəbul edirsinizmi?

– Bunun demokratiya və seçki məsələsinə aidiyyatı yoxdur axı. Bu, Qarabağ, ərazi bütövlüyü məsələsidir. Biz həmişə demişdik ki, ərazi bütövlüyü, Qarabağ məsələsində iqtidar-müxalifət məsələsi olmamalıdır, bütün qüvvələr yekdil mövqedə olmalıdırlar, savaşın gedişində də onu nümayiş etdirdik. Dövlətimizə, ordumuza tam dəstək verdik və dəstək davam da edəcək. Sadəcə, demokratiya, insan haqları, seçki məsələləri aktuallığını saxlayır, bəlkə də daha da artırır. Bir qədər əvvəl dedik ki, ermənilərin Qarabağda yerləşməsi ilə bağlı Azərbaycan dövlətinin mövqeyi çox önəmlidir, amma o mövqe yalnız ermənilərə yox, bütün vətəndaşlara aid olsun ki, inandırıcı olsun.


– Bir məsələ də var, qərb rəsmiləri Bakıya gələndə müxalifətlə görüşmür, məsələn, ABŞ rəsmisi Filip Rikerin adını çəkə bilərəm. Bu məsələni necə qarşıladınız?

– Bu, gerçəklikdir və son illərdə Azərbaycan hakimiyyətinin beynəlxalq əlaqələrdə hər zaman şərtlərindən biri bu olub ki, müxalifətlə görüşlər, əməkdaşlıq olmasın. Təəssüf ki, beynəlxalq birlik də güzəştə gedib. İndi biz olduğu kimi qəbul edirik. Amma demokratik düşərgənin yanaşması budur ki, hətta ən önəmli dövlətlərin nümayəndələri belə müxalifətlə görüşsələr də, görüşməsələr də, Azərbaycanda gerçək müxalifət və onun mövqeyi var. Bu məsələ demokratik şəkildə həllini tapmalıdır.



Yekun sual, Ermənistanda seçkidə 49% seçicinin iştirakı diqqət çəkdi, amma seçki öncəsi mühit iştirakçılığın 60-65 faiz ətrafında olacağını düşünməyə əsas verirdi. Bəs seçkiyə gəlməyən 15-20 faiz gələcəkdə hansı qüvvənin yanında ola bilər? Ümumiyyətlə, boşluğu kim dolduracaq?

– Əvvəla, Ermənistandakı seçkilər ilk dəfədir yuxarı-aşağı normal keçirilsə də, beynəlxalq birlik qəbul etsə də, hakimiyyətdə olan qüvvəni demokratik qüvvə olaraq tanımıram. Çünki demokratik qüvvə başqa ölkənin və xalqın torpağını işğal altında saxlamaz, demokratik qüvvə başqa xalqın ərazilərinə iddia irəli sürməz. Say məsələsinə gəldikdə, bilirsiniz ki, Ermənistanda statistika o qədər də mükəmməl deyil. Əhalinin əksəriyyəti hələ müharibədən əvvəl də ölkədən köçüb gedirdilər, müharibənin nəticələrinə görə Ermənistandan çox ciddi miqrasiya var, əhalinin önəmli hissəsi ölkəni tərk etmək əhval-ruhiyyəsindədir. Ona görə də rəqəmlərə çox inanmağa ehtiyac yoxdur. Sualın mahiyyətinə gəldikdə, Ermənistanın yeni siyasi qüvvəyə ehtiyacı var, çünki seçkilər göstərdi ki, seçicilər nəinki Köçəryan, Sarkisyan kimi korrupsioner, çox qəddar siyasətçilərə inanmırlar, hətta Ter-Petrosyan kimi nisbətən bu məsələlərə bulaşmamış adama da səs vermədilər, keçmişin qalığı kimi yanaşdılar. Amma Paşinyana səs verməyə məcbur idilər, başqa, yeni qüvvə ortaya çıxmadı. Hesab edirəm ki, erməni xalqı 100 ildən çox sürən miflərdən, xülyalardan xilas olmalıdır. Onlar başa düməlidirlər ki, normal yaşamaq istəyirlərsə, qonşu xalqlarla normal qonşuluq münasibətlərə malik olmaq lazımdır. Hələ mehribanlıq, qardaşlıq və dostluğu kənara qoyuram. Xüsusən də Azərbaycan və Türkiyə ilə, yəni bu gün Ermənistanın yuxarı-aşağı Gürcüstanla bir az normal münasibətləri var, amma orda da problemlər qalır. Yeni qüvvə gəlib orda miflərdən, “dənizdən dənizə Ermənistan” xəyallarından erməni xalqını xilas etməlidir.  II Qarabağ savaşının nəticəsində o miflərə ciddi zərbə vurulub, görünür hələ kifayət deyil. Erməni xalqı o miflərdən tam şəkildə azad olmalıdır, bunun üçün də yeni qüvvə olmalıdır, xalqın etimadını qazanmalıdır, o qüvvə ortaya çıxa bilsə, Ermənistanın özünün də normal inkişafı üçün faydalı olacaq, bölgəmizdə də sülhə, əmin-amanlığa, normal qonşuluğa xidmət edən bir hadisə olacaq.

Ana səhifəSiyasət“Rusiya Türkiyənin Cənubi Qafqazda fəallaşması ilə hesablaşmaq zorundadır”