Rorşax və qəribəliklər

Qəribə gələn odur ki, qarışqalar evdə ailə üzvlərimdən heç biri ilə belə təmas yaratmamışdılar

Source: meydan tv

Rorşax termininə ilk dəfə yazıçı Vulf Dornun “Psixiatr” romanında rast gəlmişəm. Bəs rorşax nədir?

Rorşax – Psixologiyada tətbiq edilən mürəkkəb ləkəsini şərh etməklə psixoloji vəziyyətin dəyərləndirilməsi testidir. Ona “mürəkkəb ləkəsi testi” də deyilir. Rorşax testi zamanı adamlar mürəkkəb ləkələrin pasiyentlərdə yaratdığı assosiasiyaları psixoloq və ya psixiatrla bölüşür, onlar da pasiyentin gözünə görünən nəsnəni dəyərləndirib, adekvat müalicə tətbiq edirlər. Psixoloqlar bu testdən fərdin şəxsi xarakteristikalarını və emosional fəaliyyətini tədqiq etmək üçün istifadə edirlər. O, əsas fikir pozğunluğunun (psixozun) aşkar edilməsi üçün təyinatlanmışdır, xüsusilə o hallarda ki, pasiyentlər öz düşünmə proseslərini açıq şəkildə təsəvvür etməyə istəksiz olurlar. Bu psixodiaqnostik testin müəllifi isveçrəli psixoloq və psixiatr Herman Rorşaxdır.

Düzdür, bir neçə dəfə psixoloqların bu testindən istifadə etsəm də, onun əsl adından, kim tərəfindən yaradıldığından xəbərsiz idim. “Rorşax” adı mənə məlum olandan bəri isə bəzi hallarda hardasa mürəkkəb ləkəsi görəndə özümü bu testdən keçirir, gözümə görünən şeyləri təhlil etməyə çalışıram. Psixologiyaya marağım böyük olsa da, etdiyim testlərin nəticələrini bu işin peşəkarları kimi əlbəttə ki dəyərləndirə bilmirəm. Ancaq özüm üçün müəyyən nəticələr çıxara bilirəm.

Bir şey var ki, bu testi əsasən öz yatağımda uzananda otağımdakı divar boyasına baxaraq edirəm. Həmin vəziyyəti bir az detallı təsvir edim. Otağımdakı yataq bir tərəfdən uzandığım yatağa yaxındır. Demək olar ki, yatağımla divar arasında bir neçə santimetr ara var. Otağımdakı divar boyası mavi rəngdədir və onun üzəri çiçəklərdən və sarmaşığa bənzər bitkilərdən olan təsvirlərlə əhatəlidir. İlk baxışda həmin təsvirlər xüsusi nə iləsə diqqət oyatmır. Ordakı sarmaşıq, çələng və çiçək sadəliyi ilə seçilir. Ancaq mən uzananda və düşüncələrlə tək qalanda sarmaşıqlar mürəkkəbə çevirilir və assosiasiyalar meydana çıxmağa başlayır.

Gördüyüm əlamətlər, bənzətmələr hər dəfə fərqli olur. Misal üçün bir gün həmin mürəkkəb ləkələr mənə ancaq müxtəlif heyvanları xatırladır, növbəti dəfə o ləkələri insanın üzündəki cürbəcür qorxunc ifadələr kimi görürəm, bir başqa gün isə müxtəlif cütlüklərin yanbayan dayandığının fərqinə varıram. Beləcə, bu, hər dəfə fərqli şəkil alır. Düşünürəm ki, əlamətlərin hər dəfə fərqli olması mənim əhvalımla, həmin dövrün ovqatı və yaşadığım gündəlik emosiyalarla bağlıdır.

Bir də onu da qeyd edim ki, ümumiyyətlə, Vulf Dornun “Psixiatr” kitabını oxuduğum ərəfələrdə bir neçə dəfə qəribə hadisələrlə rastlaşmalı oldum. Hamamdan çıxıb yatağımda uzanıb həmin romanı oxuyurdum. Fikrim tam kitabdakı hadisələrə fokuslanmışdı. Üstümdə o qədər də qalın olmayan adyal vardı. Ara-sıra bədənimdən küt ağrılar keçirdi. Ancaq ağrının mənbəyini və konkret olaraq haramın ağrıdığını anlamırdım. Bu küt ağrı məni bir neçə dəfə narahat etsə də, ona fikir verməməyə çalışdım və mütaliəyə davam etdim. Birdən ağrı daha da şiddətləndi. Hətta alnıma və boynuma ağrının təsirindən soyuq tər də gəldi. Adyalı dartıb üstümdən götürəndə gördüm ki, sol ayağımın baş barmağına bir topa qarışqa yığılıb. Belə görünür ki, onlar barmağımı yeməyə çalışırdılar. Yadıma rejissor Peter Manusun 2008-ci ildə çəkdiyi “The Hive” bədii filmi düşdü. Həmin fantastik filmdə cənubi şərqi Asiyada qarışqalar insanlara kütləvi şəkildə hücuma keçib, onları yeyirdilər. Sonra da xüsusi təyinatlı hərbçilər alimlərin göstərdiyi strategiya ilə qarışqa lavası ilə mübarizəyə başlayırlar. Buna bənzər bir xeyli film var. Yeniyetmə vaxtlarımda oxşar filmləri az izləməmişəm.

Nə isə. Sağolsun anam həmin qarışqaları barmağımın üstündən təmizlədi. Ağrı da aradan qalxdı. Fiziki məhdudiyyətim olduğu üçün, ayaqlarımda tərpəniş olmadığına görə, hissiyyat da o qədər çox deyil. Qarışqaların ora necə daraşdığını, hardan gəldiyini heç cür anlamadıq. Çünki yaşadığımız bina evində qarışqalara demək olar rast gəlməmişdik. Bir də həmin qarışqaların ayağıma qədər olan gəldikləri yolu tapmağa çalışdıq, ancaq bilmədik ki, onlar mənim ortopedik yatağıma hardan gəlib çıxıblar.

İnanırsınız bu hadisə bir dəfə də yaşandı. Bu dəfə həmin qarışqalar sağ ayağımın baş barmağına daraşmışdılar. Onları yenə mütaliə zamanı eyni ağrını duyaraq müəyyən elədim. Halbuki ayağıma nə mürəbbə, nə də şirə yapışmamışdı. Həmçinin barmaqlarımın arasında, dırnaqlarımda hansısa xəstəlik də yoxdur. Gigiyenama da vaxtı-vaxtında fikir verən biriyəm. Sonradan həmin toz boyda olan qarışqalar məni bir müddət izlədilər. Kitab oxuduğum yerdə kitabın vərəqləri arasından, kompüterim dizlərim üzərində olarkən onun monitoru üzərində hər dəfəsində qarışqalardan birinə rast gəlməkdə idim. Artıq uzun zamandır gözə dəymirlər.

Qəribə gələn odur ki, qarışqalar evdə ailə üzvlərimdən heç biri ilə belə təmas yaratmamışdılar. Bəzən hətta hallusinasiya gördüyümü düşünür və evdəkiləri çağırırdım ki, gəlin görün, doğurdan da, kitabımın, kompüterimin üzərində qarışqa var, ya yox. Onlar da qarışqanın olduğunu görüb təsdiqləyirdilər.

“Psixiatr”ı bir dəfə də gecə yuxum qaçdığı halda oxuyurdum. Onda da qapı qonşuda cinayət hadisəsi baş verdi. Oyaq olduğum üçün səsləri təkcə mən eşidirdim. Sonra polis gəldi, gecə yarısı qapımızı döydü və bildirdi ki, qonşudakı qadının köhnə əri gəlib, qadını 6-cı mərtəbədən yerə atıb.

Sonra romanı yarımçıq qoymağa qərara gəldim. Yox, qorxmadım, nə də hadisələrin qəribəliklərinin təsiri bunu etməyimə səbəb oldu. Açığı kitabda hadisələrin ifrat uzunçuluğu ürəyimi vurdu. Müəllif mənə görə gərəksiz uzunçuluğa yer vermişdi. Belə…

Bilmirəm bu kitabın baş verənlərlə necəsə əlaqəsi var, ya yox, ancaq kitabı kənara qoyandan sonra oxşar hadisələr daha baş vermir.

Rorşax testindən aldığım qəribə təsəvvürləri isə son vaxtlarda ard-arda ağır psixoloji triller filmlərinə baxmağımla əlaqələndirirəm nəsə. Əlbəttə, indi həmin qorxunc üz ifadələrinə rast gəlmirəm çox da. Çünki həmin janr filmlərə baxmağa fasilə vermişəm. Psixoloji triller sevdiyim janrlardan olsa da, ard-arda fasiləsiz izləmə əsəb gərginlikləri ilə nəticələnir.

Ana səhifəXəbərlərRorşax və qəribəliklər