Rəssam: Müsabiqədə qalib gəlsəm də, mükafatı ala bilmirəm

Şahin Quliyev Rəssamlar İttifaqı ilə Mədəniyyət Nazirliyinin arasında qalıb

Source: Meydan Tv


Şahin Quliyev Rəssamlar İttifaqı ilə Mədəniyyət Nazirliyinin arasında qalıb

“Mədəniyyət Nazirliyi gözdən pərdə asmaq üçün hər dəfə müsabiqə elanını verir, sərgilər ya keçirilmir, ya da mükafatlar verilmir”.

Bu sözləri rəssam Şahin Quliyev deyir. O, Azərbaycan Rəssamlar ittifaqının üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir.

Rəssam karikaturaları ilə də tanınır, amma düşünür ki, ölkədə bu sahəyə dəyər verilmir:

“Karikatura çox azad bir sahə olmalıdır. Çünki rəssamlığın bu sahəsi tənqidçilikdir. Əgər karikaturaçı tənqid edə bilmirsə, onun özü də bir karikatura mövzusu sayıla bilər”.

Şahin deyir ki, onun fikirləri əksər rəssamlardan fərqlənir. O, pasifistdir, müharibəyə qarşıdır. Müharibəni tənqid etdikdə əsərlərini dövlətin keçirdiyi tədbirlərə çıxara bilməyəcək. Əvvəllər isə müxtəlif müsabiqələrdə iştirak edib. Məsələn, əsəri 2019-cu ildə Rəssamlar İttifaqı və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən müsabiqədə həvəsləndirici mükafata layiq görülüb. Lakin o, 2 ildir ki, bu mükafatı ala bilmir:

“2019-cu ildə Rəssamlar İttifaqı və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanda soyqırım” mövzusunda müsabiqəli sərgi keçirildi. Soyqırım mövzusuna 1918-ci il hadisələri, Qarabağ məsələsi və Xocalı soyqırımı daxil idi. Sərgidə müəyyən mükafatlar vəd edilmişdi. Mən yer tutmasam da, həvəsləndirici mükafata layiq görüldüm. Elanda mənim mükafatımın məbləği dəqiq yazılmamışdı. Amma 1-ci yer 3000, ikinci yer 2000, 3-cü yer 1000 manat ilə mükafatlandırıldığından düşünürəm ki, həvəsləndirici yer olaraq 500-600 manat da mənə verilməlidir. Rəssamlar İttifaqı o vaxt mənə dedi ki, biz sənədləri yığıb vermişik Mədəniyyət Nazirliyinə. Ora müraciət etməyimi istədilər. Mən də getdim nazirliyə. Orda da dedilər ki, ittifaq bizə demədən qalibləri seçib, ona görə sənədləşmə gecikib. Bunu mənə nazirlikdəki hansısa şöbənin müdiri, həm də Dövlət Rəsm Qalereyasının rəhbəri Qalib Qasımov dedi. Onun sözlərinə görə, vaxtında Maliyyə Nazirliyinə bu sənədləri göndərə bilməyiblər, nəticədə hesabat yekunlaşıb və pul ayrılmayıb. Dedi ki, ilin sonunda Maliyyə Nazirliyi yenidən hesabat aparacaq, əgər artıq pul qalsa, mükafatlar veriləcək”.

Rəssam deyir ki, bir neçə ay gözlədikdən sonra yenidən Qalib Qasımovla əlaqə saxlayıb:

“Bu dəfə də tamam başqa cür danışdı. Dedi ki, bu, bizlik deyil, bunu Rəssamlar İttifaqı təşkil edib. Bizim bu müsabiqəyə aidiyyatımız yoxdur. Halbuki sərginin elanında yazılıb ki, sərgi həm Rəssamlar İttifaqının, həm də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilib. Yer tutan əsərlər də nazirliyin fonduna keçib. Mənim işim hələ də onlardadır. Mükafata adım qeyd olunanda məndən şəxsiyyət vəsiqəmin surətini, şəklimi istədilər, amma o gündən-bu günə onlardan xəbər yoxdur. Mədəniyyət Nazirliyi gözdən pərdə asmaq üçün hər dəfə müsabiqə elanını verir, sərgilər ya keçilmir, ya da mükafatlar verilmir”.

Şahin Quliyev deyir ki, 2019-cu ildə Mədəniyyət Nazirliyi onun əsərinin iştirak edəcəyi başqa bir sərgini də təxirə salıb:

“Nəsimi ili ilə bağlı Mədəniyyət Nazirliyi və Dövlət Rəsm Qalereyası birgə sərgi təşkil etmişdi. Rəssamlardan işləri təhvil aldılar. Bir ay sonra qeyri-rəsmi formada qalereyanın işçisi mesaj yazdı ki, sərgi təxirə salınıb, gəlin işlərinizi götürün. 10-15 gün sonra yenə mesaj yazdılar ki, sizin işiniz birinci mərhələdən keçməyib, gəlin işinizi götürün. Yenə gözlədim. Onlar 3-cü dəfə mənə yazdılar. Bu dəfə yenidən sərginin təxirə düşdüyünü dedilər. Gedib səbəbini soruşdum, bəzi problemlərin olduğunu söylədilər. Bunlar heç bir rəsmi açıqlama gətirmir, rəssamların əziyyətini, əsərlərinin, əməklərinin dəyərini nəzərə almırlar. Birinci sərgi ictimailəşdirilir, “mükafat 10 min manardır” elanı verilir, sonra heç bir əsas gətirmədən ləğv olunur”.

Rəssamı indi iki məsələ qayğılandırır:

“Bilmək istərdim, görəsən Karikaturaçılar Birliyi müstəqil rəssam kimi fəaliyyətimə dəstək verərmi? Bir də mükafatı nə zaman ala biləcəyimi öyrənmək istəyirəm”.

Özü bu suallara cavab tapmaq üçün Karikaturaçılar Birliyi ilə əlaqə saxlayıb. Ona “sizə zəng edəcəklər” deyilsə də, yada salan olmayıb.

Rəssamlar İttifaqından Meydan TV-yə deyilib ki, mükafat qazanan əsərlər Mədəniyyət Nazirliyinin mülkiyyətinə keçib, ona görə də qalibləri həmin qurum mükafatlandırmalıdır. Mədəniyyət Nazirliyindən isə məsələni araşdıracaqlarını deyiblər.

İndi Şahin Quliyev yeganə çıxış yolunu qurumları məhkəməyə verməkdə görür.

Hüquqşünas Jalə Bayramova da deyir ki, Mədəniyyət Nazirliyi sözügedən məsələdə inzibati orqan yox, tərəf qismində çıxış edir. Buna görə də şikayətçi istədiyi vaxt Mülki Məcəllənin 1079 (Xüsusi mükafatlandırmanın açıq elan edilməsi anlayışı), 1081 (Açıq elanda nəzərdə tutulan mükafatın verilməsi) və 1082-ci (Müsabiqə anlayışı və onun hüquqi nəticələri) maddələrini əsas götürüb məhkəməyə müraciət edə bilər.

Ana səhifəMədəniyyətRəssam: Müsabiqədə qalib gəlsəm də, mükafatı ala bilmirəm