Rafiq Təmrazov: 285 saylı məktəbin müəllimi oğlunun siyasi fəaliyyətinə görə işdən çıxarılıb (yenilənib)

Rafiq Təmrazovun sözlərinə görə, mühacirin anası Leyla İsmayılova Bakı şəhəri 285 saylı orta məktəbdən həm direktor müavini vəzifəsindən, həm də müəllimlikdən Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqının qərarı əsasında Əmək Məcəlləsinin 70C maddəsi (öz vəzifələrini yerinə yetirməmə) ilə azad edilib

Source:


***


Bakı Şəhər Təhsil İdarəsindən Meydan TV-nin sorğusuna cavab verilib: "Əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə, Bakı şəhəri 285 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İsmayılova Leyla Hüseyn qızı ilə bağlanılmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilib".


***


''47 üzvümüzə müxtəlif formalarda təzyiq edilib''

“Siyasi mühacirlərin ailə üzvlərinə qarşı repressiyalar davam edir”, – Almaniyada yaşayan, Demokratik Azərbaycanı Seç (DAS) təşkilatının koorinatoru Rafiq Təmrazov Meydan TV-yə belə deyib.

Demokratik Azərbaycanı Seç (DAS) təşkilatı Almaniyada yaradılıb. Avropada yaşayan mühacir azərbaycanlılar tərəfindən yaradılmış ictimai-siyasi təşkilatdır.

Təşkilatın koordinatoru

Rafiq Təmrazo

vun sözlərinə görə, üzvlərinin Azərbaycandakı ailə üzvlərinə və yaxınlarına qarşı təzyiqlər tez-tez olur:

“Bu təzyiqlər daha çox siyasi məhbuslarla bağlı olan kampaniyalardan əvvəl və sonra, eyni zamanda həmin şəxslərin sosial mediada yazdıqları statuslarla bağlı olur”.

Rafiq Təmrazov deyir ki, siyasi fəal, DAS üzvü Ziya Cəbiyevin atası Cəbi Cəbiyev iyunun 13-də Xızı rayon Polis Bölməsinə aparılıb və 4 saat bölmədə saxlanılıb:

“Mühacirin atasından tələb edilib ki, Z.Cəbiyev “Facebook” hesabından yazdığı siyasi hakimiyyətlə bağlı tənqidi fikirlər, “dövlət əleyhinə olan çağırışları” silsin. Eyni zamanda, tələb edilib ki, hökumət əleyhinə təşkil olunan mitinqlərdə iştirak etməsin. Saxlanılan şəxsə bildirilib ki, oğlunun bu cür fəaliyyətləri davam edərsə, onu həbs edib Azərbaycana gətirəcəklər və hər ikisi həbs ediləcək”.

Ziya Cəbiyevin qardaşı Vüsal Cəbiyev isə aprelin 4-də “Bakı Steel Company” şirkətinin Sumqayıtdakı “Azərboru” filialından məcburi şəkildə ərizə yazdırılaraq işdən azad edilib.

Rafiq Təmrazov başqa üzvlərinin ailələrinin də təzyiqlərə məruz qaldığını söyləyir. Onlardan biri də DAS üzvü Səbuhi İsmayılovun ailəsidir.

Rafiq Təmrazovun sözlərinə görə, mühacirin anası Leyla İsmayılova Bakı şəhəri 285 saylı orta məktəbdən həm direktor müavini vəzifəsindən, həm də müəllimlikdən Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqının qərarı əsasında Əmək Məcəlləsinin 70C maddəsi (öz vəzifələrini yerinə yetirməmə) ilə azad edilib:

“Leyla xanım oğlunun fəaliyyətinə görə işini itirib. Ona bildiriblər ki, ailə üzvü müxalif düşüncəli olan şəxs vəzifədə işləyə bilməz. Digər DAS üzvlər Ziya və Elsevər Əhədovların da ailə üzvlərinə qarşı analoji addımlar atılıb. Belə ki, mayın 7-də DİN-in İmişli rayonu Polis bölməsinin əməkdaşı Quliyev Pünhan və İmişli rayonu Yuxarı Qaralar kəndi üzrə icra nümayəndəsi Həsənov Faxrəd Elsevər Əhədovun qaynatası Ədalət Əliyevin evinə gəliblər, ondan kürəkəninin harda olmasını, Almaniyada hansı təşkilata qoşulmasını soruşublar. Bundan sonra icra nümayəndəsi həm Elsevərin, həm də həyat yoldaşının bütün ailə üzvlərinin kimliyi və harada yaşamasıyla bağlı sorğu-sual ediblər. Sonra hər iki vəzifəli şəxs Ədalət Əliyevə bildirib ki, dövlətə qarşı yeznəniz və onun qardaşı fəaliyyət göstərir və onlar özlərini yığışdırmasalar, sizin də, onların da sonu yaxşı olmayacaq. Taleh Bağırzadənin və digərlərinin başına gələnlər xatırladıldıqdan sonra, Əhədovların atası Qismət Əhədova zəng edilib və onunla da 3 saata yaxın təhdid və təhqirvari şəkildə söhbət aparılıb. Ziya və Elsevər Əhədovların atası ürək, anası isə şəkər xəstəsidir və baş verənlərdən ciddi narahatlıq keçiriblər”.

R.Təmrazov qeyd edir ki, ümumiyyətlə, 47 DAS fəalının ailə üzvlərinə müxtəlif formalarda təzyiq edilib. Onlardan Camal Seyidlinin, Pərviz Abdullayevin qardaşı və yeznəsi həbs edilib:

“İsgəndər Səfərlinin iki yeznəsi həbs edilib. Atası polisdə saxlanılıb. Üzvlərimizdən Elşən Hüseynovun atasını da bir sutka polisdə saxlamışdılar”.

Meydan TV 285 saylı orta məktəblə əlaqə saxlayıb. Məktəbdən Leyla İsmayılovanın işdən çıxarıldığı təsdiqlənsə də, səbəbi açıqlanmayıb. Daha sonra telefonu “özünü məktəbin uşaq birliyinin sədri” kimi təqdim edən şəxs götürüb. Adını açıqlamayan qadın yalnız Təhsil Nazirliyinin və ya Bakı şəhər Təhsil İdarəsinin razılığı ilə danışa biləcəklərini deyib:

“Bəlkə siz terrorçusuz, hardan bilək? Təhsil Nazirliyi təsdiqlənsin, danışaq. Leyla müəllimənin işdən çıxarılmasını necə öyrənmisizsə, mənim də kim olduğumu elə öyrənin, adımı demirəm“.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov isə telefon zənglərinə cavab verməyib.

Xızı Rayon Polis Şöbəsindən də məsələyə münasibət bildirə bilməyəcəklərini deyiblər.

Demokratik Azərbaycanı Seç (DAS) təşkilatı tez-tez Avropa ölkələrinin müxtəlif şəhərlərində Azərbaycanda baş verən olaylara, siyasi proseslərə etiraz aksiyaları keçirirlər. Təşkilatın əsas üzvləri Avropanın müxtəlif ölkələrində məskunlaşmış Azərbaycandan olan siyasi mühacirlərdir.

Ana səhifəXəbərlərRafiq Təmrazov: 285 saylı məktəbin müəllimi oğlunun siyasi fəaliyyətinə görə işdən çıxarılıb (yenilənib)