”Qoca”nın həyat yoldaşı: ”Fədayə xanımdan qəlbən incimişəm”

Fədayə Laçının bacısı məhkəmədə ifadə verib

Source:
Qocanın qaçması
Qocanın qaçması


Fədayə Laçının bacısı məhkəmədə ifadə verib

Dustaqlar – “Qoca” ləqəbli Etibar Məmmədov və Əli Ağaminin Lənkərandan məhkəmədən Bakıya istintaq təcridxanasına qaytarılarkən qatardan qaçmasına görə həbs olunan 13 nəfərin məhkəməsi avqustun 29-da davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən müğənni Fədayə Laçının bacısı Telli Ağayeva dindirilib. Səbəb isə budur ki, dustaqlar vaqonun pəncərəsini açması üçün istifadə etdikləri açarı F.Laçının bacısı vasitəsilə tapıblar.

T.Ağayeva bildirib ki, Fədayə ilə ana bir, ata ayrı bacıdılar, ancaq münasibətləri çox yaxşıdır:

“Mən dəmiryolunda işləyirdim. Bacım məndən açar istədi, dedi ki, bir tanışı həyətindəki qəfəsi açacaq. Mən qatarla Tbilisiyə gedirdim, ona görə iş yoldaşım Ədalət Zeynalovdan xahiş etdim, bacıma da dedim ki, gəlib ondan götürsün. Bacımın tanışı gəlib Ədalətdən götürmüşdü. Həmin açarı biz imza atıb götürmürdük. Açıq satışda 3-5 manata satılır, su, qaz işçilərində də olur. Biz vaqonlararası qapıları açmaq üçün istifadə edirik”.

“Qoca”nın həyat yoldaşı Mahizər Almazova da şahid qismində dindirilib. O bildirib ki, təqsirləndirilən şəxslərdən bir neçəsini tanıyır, çünki onların arasında “Qoca”nın dostları, qohumları var:

“Mənim bu işdən xəbərim olmayıb. “Qoca”nın mənim üçün aldığı qızılları satmışdım, arada pul istəyəndə göndərirdim. Xəstə idi, ağzından qan gəlirdi. Göndərirdim ki, dərman alsın, bir az orada yaşaya bilsin”.

M.Almazova Fədayə Laçınla tanışlığı haqqında danışarkən bildirib ki, həyat yoldaşının ad günü və evliliklərinin 10 illiyi münasibətilə təşkil olunan məclisdə, o, müğənni kimi iştirak edib: “Mən də onu xalqın müğənnisi kimi tanıyıb, qonağım kimi qəbul etmişəm. Fədayə xanımla düşmənçiliyim yoxdur. Amma ondan qəlbən incimişəm”.

E.Məmmədov qaçdıqdan on gün sonra keçirilən əməliyyat zamanı öldürülüb. Ə.Ağami isə Şirvan şəhərində saxlanılıb.

Dustaqların qaçmasıyla bağlı cinayət işi üzrə 13 nəfər həbs olunub. Bunlar qaçan dustaqlardan biri Əli Ağami, müğənni Fədayə Laçın, Penitensiar Xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, qatarda qarovul rəisi olmuş Ceyhun Səmədov, onun müavinləri Fuad Hacıyev və Tural Poladxanov, “Qoca”ya yardım etmiş daha bir qadın Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyev, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur. Daha bir nəfər axtarışdadır.

Bundan başqa, Penitensiar Xidmətin konvoy taborunun qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov, ümumiyyətlə, ədliyyə orqanlarından, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) maddəsilə ittiham irəli sürülüb. Penitensiar Xidmətin əməkdaşları həm də vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilir. Polkovnik B.Abdullayev mənimsəmə ittihamı da elan olunub.

Ana səhifəXəbərlər”Qoca”nın həyat yoldaşı: ”Fədayə xanımdan qəlbən incimişəm”