Nazlı Ağayeva

Источник: Foto: Meydan TV

Başlıq: Nazlı Ağayeva

Qırmızı pərdələrdə ovxalanan azad seçkilər

İstənilən sürprizdən qüssə və peşmançılıqdan başqa heç nə gözləmirəm

1998-ci ilin prezident seçkilərinə dairə üzvü kimi qatılmışdım. Sədrimiz xatirəsini daim sayğı ilə xatırlayacağım Nofəl Süleymanov idi. O seçki ölkədə ən gərgin iki seçkidən birincisi sayıla bilərdi. Hətta o qədər ki, ikinci tur ehtimalı vardı.

İlk protokollar gəlməyə başlayan kimi bütün müşahidəçilər stolun ətrafını kəsdirdilər. ATƏT-in “uşaqlarından” suyuşirin bir əcnəbi “o, yes!” deyərək o zaman hələ cavan olan mənim çiynimi qucaqladı. Səhərdən tərcüməçi cikimi-bikimi danışmışdı adama. O da demokratik seçki münasibətilə sidq-ürəkdən məni təbrik edirdi. Baş verənlərin altından necə çıxacağının hayındakı Nofəl rəhmətlik birdən bizə qayıtdı ki, “Gedib çöldə qucaqlaşın, dairənin neytrallığını pozmayın”. Tərcüməçi bunu həmin fransıza başa salanda ATƏT-çilər uğunub gedən bizimkilərə qoşuldular. O gecə səhərə yaxın dairəni kəsdirib oturan yeganə qadın tipi olaraq evə gələndə hələ də məni gözləyən anamı bərk-bərk qucaqladım. Yazıq qorxa-qorxa mənə baxıb soruşdu:

– A bala, allah eləməmiş, içib-eləməmisən ki?

Bu, daha sadəcə gülmək deyildi, xalçanın üstündə eşələnməkdi.

Açılmağa başlayan o gecənin səhəri dairəyə çatan kimi Nofəl dedi ki, məni “icrada” gözləyirlər. Fikir verməyib ondan stolun üstündəki MSK-ya gedəsi boş protokolları niyə doldurmadıqlarını soruşdum. Yuxusuz, yorğun gözlərini güclə açıb çiyinlərini çəkdi.

O gün axşama qədər dairə elçi qapısına döndü. Nofəllə ikimizdən savayı üzvlər boş sənədə imzalarını atıb getmişdilər. Mənim dirənişimin əziyyətini ayaqüstə güclə dayanan Nofəl daha çəkməsin deyə növbəti dəfə dalımca gələn köməkçi ilə icra hakimiyyətinə getdim. O zamankı Əlibala Məmmədov adlı başçı müqəddiməsiz-zadsız dedi ki, uşaq deyilsən, ağlını başına yığ, Rafiqlə (baş memarı deyirdi) gedib onun göstərdiyi iki evə bax. Bəyəndiyini seç, köçürək sizi. Yuxarıdan da belə məsləhət görülüb. Anan özgə qapılarında əzab çəkir, sən dünya düzəldən deyilsən ki. Ordan Nofələ də dəyərsən, sənədlər gecikməsin.

***

Haqqımın hər dəfə şərtə çevrildiyi yerdən ruh kimi çıxıb evə gələndə anamı yenə qucaqladım. İntəhası, nə o, dünən gecəki məzəli sualı verdi, nə də mən uğunub getdim. Sakitcə oturduq. Bir qədər keçdikdən sonra anam yavaşdan dilləndi:

– Canın sağ olsun...

Ağzımı açıb nəsə demək istədim. Boğazım tıxandı. O ara ev sahibəsi gəlib “Nazlını çağıran var” deyəndə “mən gedərəm!” deyib cılız canını qabağa atdı. Yaxşı ki, gələn xalturşik idi. Onu kəndə aparsın deyə özüm çağırmışdım. İqtidar hər yoxu asanlıqla həzm etmir. Rədd edilən hər təklifin davamı təqibdir, təzyiqdir və lazım gəlsə hətta təhqirdir. Belə hallarda zəif bəndlərimdən uzaq olmaq istəyirdim. Ürəyi yanımda qalsa da, yaxşı adamların əhatəsində olduğumu bilirdi. Yoxsa dünyasında göndərə bilməzdim.

...O gün dəfələrlə “çağıran” oldu. Eyni sözü deməkdən heydən düşüb, təslim olmaqdan qorxub uşaqlıq rəfiqəmin anasıgilə “qaçdım”. Sorağımı almışdılar. Üzümü də görən kimi yerimi açıb buza dönmüş əl-ayağımı ovuşdurdular. Televizorda mərhum Heydər Əliyev qələbə münasibətilə təbrikləri qəbul edirdi. Birdən dəmir darvaza zərblə döyüləndə Az.Tv-nin mikrafonları sanki ürəyimə tuşlandı.

Evin yeganə kişisi Rusyətə işləməyə getmişdi. Gülsabah xala biri qızı, biri gəlini olmaqla iki gənc qadının, azyaşlı nəvələrinin məsuliyyətini olmazın əziyyət və o qədər də şərəflə daşıyırdı. İndi üstəlik məndən ötrü döyülən qapı da onluq olmuşdu. Siftəsi onlarda olub-olmamağımla başlayan sual-cavab yaddaşıma o vaxtdan indiyədək ömrümün ən mənalı dialoqlarından biri kimi yazıldı:

– Tutaq ki, bizdədi, neyləyəcəksiz xalxın uşağını gecə-gecə?

– O, bizim bacımızdı, sadəcə seçkiyə aid sənədə qol çəkməlidir. Beş-on dəqiqəyə gətirib təhvil verəcəyik.

– Prezident seçilib, a bala, indicə televizorda özü dedi. Gedin, rahat-rahat yatın. Bundan sonra mənim yetimim o kağıza qol çəkdi nə olasıdı, çəkmədi nə?

O tərəfdə ani sükut və gülməyini güclə saxlayırmış kimi birinin yavaşdan dediyi son cümlə:

– Sənin yetimin də bir yetim ola da, ay Gülsabah xala. Qırıldıq soyuqdan...

Allah üçünə doğru deyirdi. Qəbələnin payızı xüsusən gecələr qışdan da soyuq olur.

O gecəki boş sənəddə hərçənd mənim qolum olmadı. Amma əlli yaşında ürəkdən gedən Nofəl ölkə üzrə o seçkiyə son anda həqiqətə ən yaxın göstəricilər yazıbmış. Bu faktın müzakirəyə açıq olmadığını düşünürəm. Hər kəsin yalnız vicdanına sığındığı anlar olur. Bədəlini lap bir ömür çəkəcək olsa belə.

***

Gülsabah xalanın əlindən güclə çıxıb iki gündən sonra evə gələndə anam artıq qayıtmışdı. Həyətdə mavi naxışlı sandığımızı nöyütləyirdi. Xəzəllərin üstünə atılmış qırmızı ipək pərdələri görüb alındım. Əllərini sabunlaya-sabunlaya dedi ki, pərdələrə güvə düşüb, daha saxlamaq olmazmış. Yaşadığımız evin harasına gəldi işlədək getsin. Oysa ki, “qız bilməsin” həyəcanı ilə barmaqlarının qanına boyanaraq toxunmuş jaketlərin, corabların hesabına xəyali evimizdən asılacaq o zədəli pərdələr həyatımın sürprizi olacaqdı...

O zamandan bəri ölkədə baş tutan hər hansı seçki mənə anamın mavi sandığın içində özündən əvvəl ölən ümidlərini xatırladır. İstənilən sürprizdən isə qüssə və peşmançılıqdan başqa heç nə gözləmirəm.

Sabah seçkidi. Rəhmətlik Gülsabah xala demişkən, gedib yataq...

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/1mop4z

Самое читаемое