Qəzalı vəziyyətdə olan xan malikanəsi

Tarixi abidə siyahısına salınmayan binada yaşayan insanlar həyatlarına təhlükə olduğunu deyirlər

Source:
45932


Tarixi abidə siyahısına salınmayan binada yaşayan insanlar həyatlarına təhlükə olduğunu deyirlər

“Qəzalı da olsa, binadır. Sağ olsunlar, veriblər, yaşayırıq. Yoxsa çöllərdə qalmışdıq. Onun, bunun küncündə, çətinliklə yaşayırdıq”.

26 yaşlı Gülxara Şükürova belə deyir. O, övladı və həyat yoldaşı ilə birgə Saatlının Cəfərxanlı kəndindəki məşhur binada, Cəfər xanın malikanəsində yaşayır. Həmin malikanə 1915-ci ildə inşa olunub.

Saatlı Rayon Tarix Diyarşünaslıq Muzeyinin məlumatında deyilir ki, binanın tikintisində norveç, alman və rus alimləri işləyib. Burada mismardan istifadə edilməyib. Muzeyin məlumatında o da deyilir ki, əslində tarixi bina kimi qorunmalı olan bu tikili bu gün aztəminatlı ailələrin istifadəsinə verilib. Hətta kompleksin bəzi binalarında mal-heyvan da saxlayırlar. Əsas bina o zaman bu kənddə yaşayan Cəfər xanın malikanəsi, ətrafındakı tikililər isə onun rəiyyətlərinin istifadəsində olub.

Muzeyin məlumatında o da deyilir ki, XIX əsrin ikinci yarısında Cənubi Azərbaycandan gəlmiş, dövrünün ən mükəmməl təhsilini almış Cəfər xanın atası indiki Cəfərxan kəndinin ərazilərini alıb. Onun Budapeşt bankı ilə əlaqələri olub. Dünyada yeddinci varlı adam olan Beifeld Jozsefin bank möhürü Cəfər xanın mülkündən tapılıb. Bank möhürünün üzərində 1874-cü il yazılıb.

Bir sözlə, tarixi bina olduğu halda, qorunmur, tarixi abidə siyahısına salınmayıb. Üstəlik, qəzalı vəziyyətdə olmasına baxmayaraq, burada insanların yaşamasına imkan verilib. Sakinlər deyirlər ki, bu gün onların həyatı təhlükə altındadır.

Gülxara Şükürova
Gülxara Şükürova

Gülxara Şükürova əslində qəzalı vəziyyətdə yaşadığından şikayətlənmək istəmir. Qorxur, deyir, birdən gəlib küçəyə tökərlər, o zaman nə edər, kimə sığınar, hara gedər:

“Bizim bu gün nə ev almağa, nə də yeni ev tikməyə imkanımız var. Yoldaşım çobanlıq edir, onun-bunun qoyununu, malını otarır. Əvəzində 3-5 manat verirlər, onunla dolanırıq. Biz bu pula birtəhər qarnımızı doyururuq, ancaq onunla özümüzə şərait qura bilmərik”.

Əfqan Şükürov isə deyir ki, evi olsa, burada bir gün də qalmaz. Kimsə keyfindən belə bir vəziyyətdə, qorxulu yerdə uşaq böyütmək istəməz:

“İnanın, əlimdə imkan olsa, bu dəqiqə çıxaram buradan. Binada hardasa 4 ailə yaşayır. Çətindir bizə. Bütün günü uşağı güdürük ki, yıxılmasın, başına bir iş gəlməsin. Görün də, nə gündədir. Qəzalıdır, hər an uça, çökə bilər”.

Gülxara Şükürova və ailəsi 7 ilə yaxındır burada yaşayır. Deyir, buradan çıxsa, getməyə başqa yeri yoxdur:

“Təmir etdirməmişik, elə necə var, elədir. Bir ara bezdik, dedik, bəlkə bir az ağardaq, sonra dedik, yox, qəzalı binadır, birdən sabah çıxararlar, pulumuz da batar. Qonşular da, biz də normal evlə təmin olunmaq üçün dəfələrlə müraciət etmişik, baxan yoxdur. Elə o qalan qalmışıq burada. Zəlzələ olanda evdə olmuruq, hamımız qaçırıq çölə. Bəzən olur ki, heç bitəndən sonra da risk edib, içəri girmirik. Qalırıq çöllərdə. Qışda hara gedəsən, nə edəsən?”

Bu tikililərdə qalanların hamısı aztəminatlı ailələrdir. Heç biri də dövlətdən yardım, kömək almır. Çətinliklə Cəfər xanın rəiyyətləri üçün nəzərdə tutulmuş evlərdə də yaşayanlar var. Onlar da eyni vəziyyətdədirlər.

Tərgül Kazımova
Tərgül Kazımova

Tərgül Kazımova 30 ildir bu evdə yaşayır. Deyir, əldən-ələ keçib, sonda ona gəlib çıxıb:

“Burada Cəfər xanın xidmətçiləri yaşayıb. Eşitdiyimə görə, o, İran vətəndaşı olub. Tarixidir deyə içini dəyişməmişik, heç nəyinə, qapısına, pəncərəsinə toxunmamışıq. Eləcə yaşayırıq. Başqa evimiz yoxdur. Bildiyim qədərilə Cəfər xanın burada şoran torpaqlarının yuyulmasında böyük rolu olub. Deyirlər, hətta avadanlıqları da Almaniyadan gətiribmiş”.

Binanın yaşına gəlincə, əsri ötüb, köhnəlib. Dövlət tərəfindən qorunmur, tarixi abidə siyahısına daxil edilməyib. Üstəlik, qəzalıdır və burada insanlar yaşayır.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Saatlı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Ümumi şöbədən bildiriblər ki, bəli, həmin kənddə belə bir bina var:

“Əvvəl məcburi köçkünlər məskunlaşmışdı. Möhkəm binadır, heç yeri uçmayıb. Sonradan həmin köçkünlərə ev verildi, köçürüldülər. Biz maraqlanarıq, gedib baxış keçirərik. Əgər həqiqətən qəzalıdırsa və orada insanlar yaşayırsa, aidiyyatı qurumları məlumatlandırarıq”.

Ana səhifəBölgəQəzalı vəziyyətdə olan xan malikanəsi