Источник: Meydan Tv

Qəribə müharibə

Статья обновлена:  12 Май 2021

Maraqlıdır ki, tankların hərb sənətinə gətirə biləcəkləri yeniliyi ilk dəfə dərk edən məhz ingilis general olmuşdu

1939-cu sentyabrın 1-də nasist Almaniyası Polşaya hücum etdi. Polşa qarşısında müttəfiqlik öhdəlikləri olan Böyük Britaniya və Fransa buna cavab olaraq iki gün sonra Almaniyaya müharibə elan etdi. Amma tezliklə aydın oldu ki, müttəfiqlərin Almaniyaya qarşı hərbi əməliyyatlar aparmaq üçün heç bir hazırlıqları, planları yoxdur.

Məntiqlə Fransa dərhal Qərb cəbhəsində hücuma keçməli və alman diviziyalarının bir hissəsini Polşa cəbhəsindən özünə cəlb edərək müttəfiqinin işini yüngülləşdirməli idi. Amma Birinci Dünya Müharibəsindən sonrakı dövrdə fransızların hərbi konsepsiyası müdafiəyə hesablanmışdı. Bütün Fransa-Almaniya sərhədi boyunca 1929-1934-cü illərdə Majino xətti deyilən keçilməz müdafiə qurğuları yaratmışdılar. Buna görə də müharibənin ilk günlərində fransızlar sərhədi azacıq keçib almanların Ziqfrid xətti adlı müdafiə istehkamlarına çatıb dayandılar.

Halbuki həmin dövrdə fransızlar Qərb cəbhəsində almanlar üzərində böyük üstünlüyə malik idilər. Almanların həmin dövrdə burada ən çoxu 42 diviziyası vardı. Həm də nəzərə almaq lazımdır ki, vermaxtın ən yaxşı diviziyaları, eləcə də bütün tank və motoatıcı diviziyalar Polşada döyüşürdülər. Fransa qüvvələri isə artıq sentyabrın 12-də 78 diviziya təşkil edirdilər. Səfərbərlik başa çatdıqda onların sayı 100-ü keçdi. Üstəlik, alman aviasiyasının 90 faizi Polşa kampaniyasında iştirak edirdi. Fransızların isə 3300 ədəd hərbi təyyarəsi var idi.

İngilislərin müharibə hazırlığı da bərbad idi. Təhlükəsizliklərinə təminat verdikləri polyaklar almanlarla ölüm-dirim savaşı apardıqları zaman ingilislər asta-asta qitəyə qoşun göndərməyə hazırlaşırdılar. Onların aviasiyası Almaniya ərazisini bombalamaq əvəzinə təbliğat vərəqələri tökürdü. Bununla alman xalqını qəflət yuxusundan oyadaraq nasist rejiminə qarşı üsyana təhrik edəcəklərini düşünürdülər.

Sentyabrın sonlarına qədər Almaniya üzərinə 18 milyon vərəq yayıldı. Deputat və keçmiş hərbçi Edvards Spirs bunu “Konfetti müharibəsi” adlandıraraq soydaşlarını “özlərini gülünc vəziyyətə” qoyduqlarını iddia etdi. Aviasiya marşalı Artur Harris isə sonralar deyirdi ki, bu əməliyyatın yeganə nəticəsi almanları bolluca tualet kağızı ilə təmin etmək oldu.

Yalnız oktyabrın 3-də, polyakların müqaviməti dayanmaq üzrə olan zaman iki ingilis diviziyası Fransa-Almaniya sərhədinə gəlib çıxdı. Daha iki diviziya isə oktyabrın 19-da yetişdi. Nəhəng Britaniya imperiyasının müharibənin ilk aylarında Almaniyaya qarşı çıxardığı qüvvə cəmi dörd diviziyadan ibarət idi.

Beləcə, fransız və ingilislər Majino xəttinin, almanlar isə Ziqfrid xəttinin arxasında durub qaldılar. Müharibə vəziyyətində olan ölkələrin təmas xəttində bəzən günlərlə atəş səsi eşidilmirdi. Belə vəziyyət “qəribə müharibə“, “saxta müharibə” və ya “oturaq müharibə” adını aldı. Sonralar Nürnberq məhkəməsində alman sərkərdəsi Alfred Yodl deyəcək: “Bizim 1939-cu ildə iflas etməməyimizin yeganə səbəbi odur ki, 110 fransız və ingilis diviziyası 23 alman diviziyasına qarşı tam hərəkətsiz dayandı“.

***

Polşada hərbi əməliyyatlar bitər-bitməz, oktyabrın 6-da Hitler reyxstaqda “sülh nitqi” ilə çıxış etdi. Bu çıxış fürer üçün xarakterik olan riyakarlığın bariz nümunəsi idi. O, Polşa ilə müharibənin o qədər də rəvan getməməsini və bir qədər uzun sürməsini özünün humanistliyi, yaşayış məntəqələrini aviasiya zərbələrinə məruz qoymaq istəməməsi ilə əlaqələndirirdi. Halbuki təkcə Varşavaya 6 min tona yaxın bomba atılmışdı.

Çıxışının çox hissəsini Polşaya qarşı kampaniyaya həsr edən Hitler daha sonra özünün “sülh istəklərindən” bəhs edir. O, müharibənin Avropaya gətirəcəyi bədbəxtlikləri, dağıntıları sadalayır, milli sərvətlərin savaşa xərclənəcəyinə heyfslənir. Hətta müəyyən şərtlər daxilində - Almaniya və Rusiyaya qarşı intriqa mərkəzi olmayacağı halında - Polşa dövlətinin bərpasının mümkünlüyünü söyləyir. Fürer öz çıxışını təkcə Almaniyanın deyil, bütün Avropanın sülh tapması üçün Tanrıya yalvaracağını deməklə bitirir.

Bu “sülhpərvər” çıxışın arxasında dayanan gerçəklik isə ondan ibarət idi ki, Adolf Hitler hələ doqquz gün əvvəl, sentyabrın 27-də öz generallarına Fransaya qarşı hücum planı hazırlamağı tapşırmış və noyabrın ortalarında hücuma başlamaq niyyətində olduğunu bildirmişdi.

Hitlerin şirin dilinə dəfələrlə aldanan Qərb liderləri artıq “başmaqçı” olmuşdular və bu dəfə aldanmadılar. Baş nazir Eduard Daladye bildirdi ki, Fransa həqiq sülh və ümumi təhlükəsizlik təminatı əldə etmədikcə, silahı yerə qoymayacaq. Nevill Çemberlen isə Hitlerin təkliflərini “dumanlı və qeyri-müəyyən” adlandırdı, Almaniya hökumətinin vədlərinə inanmadğını söylədi.

Həmin il avqustun 23-də “Hücum etməmək haqqında sovet-alman müqaviləsi” imzalanandan sonra Almaniyanın müttəfiqi kimi davranan və Polşanın bölüşdürülməsində iştirak edən SSRİ isə Hitlerin tezislərini tam dəstəkləyir. “İzvestiya” qəzetinin Stalinin şəxsən redaktə etdiyi baş məqaləsində deyilirdi: “Hitlerin təklifləri qəbul və ya rədd edilə, ya da dəyişikliklərə məruz qala bilər. Amma inkar etmək olmaz ki, onlar təcili sülh bağlanması istiqamətində aparılan danışıqlar üçün real və praktiki (kursivlə olanı Stalin əlavə edib) baza ola bilərlər”.

Daha sonra məqalədə İngiltərə və Fransa müharibəni davam etdirmək niyyətinə görə tənqid olunurlar: “Təbii ki, bu zaman belə bir sual yaranır – “Hitler ruhu”, “Hitler ideologiyası” ilə mübarizə şüarı müharibə aparan dövlətlərin imperalist xarakterindən irəli gələn digər məqsədlərini pərdələmək üçün deyil ki (Stalin kursivlə olan hissənin üstündən xətt çəkib yazır: İngiltərə və Fransanın hakim dairələrinin özlərinin dünya ağalıqlarını möhkəmləndirmək cəhdindən).

Sovet hokumətinin rəhbəri və eyni zamanda xarici işlər xalq komissarı olan Molotovun oktyabrın 31-də SSRİ Ali sovetinin sessiyasında çıxışı da eyni ruhda idi. Molotov müttəfiqlərin “hitlerizmi məhv etmək” şüarını istehza edir, bunu orta əsrlərin səlib müharibələri ilə müqayisələndirir və söyləyirdi: “Demokratiya uğrunda saxta mübarizə bayrağı altında gizlənərək “hitlerizmi məhv etmək” uğrunda mübarizə aparmaq nəinki mənasızdır, həm də cinayətkar mövqedir”.

Passiv də olsa davam edən müharibədə İngiltərə və Fransanın haqsız, Almaniyanı isə haqlı çıxaran Molotov elə həmin çıxışında deyirdi: “Biz həmişə o fikirdə olmuşuq ki, güclü Almaniya Avropada davamlı sülhün zəruri şərtidir”. Həmin güclü Almaniya 20 ay sonra SSRİ-yə hücum edəcək və sovet rəhbərliyinin bu korafəhm siyasətinin bədəlini milyonlarla vətəndaş öz həyatı ilə ödəyəcəkdi.

***

Fransız və ingilislərin ilk baxışda belə anlaşılmaz davranışının arxasında Birinci dünya müharibəsinin acı təcrübəsi dayanırdı. Həmin müharibə hücum və müdafiə arasındakı balansın pozulduğu zamana təsadüf edirdi: müdafiə potensialının hücum arsenalından qat-qat üstün olması ortaya çıxmışdı. Şərq cəbhəsinə nisbətən daha darısqal (480 km) Qərb cəbhəsində bu hal daimi şəkil almışdı.

Dörd il müddətində Qərb cəbhəsində uzun və ağır mövqe döyüşləri getmişdi. İrəliləmək üçün edilən istənilən cəhd ağır itkilər bahasına başa gəlir, nəticəsiz olur və ya çox cüzi nəticələr verirdi. 1916-cı ildə almanların hücumu ilə başlayan, 10 ay davam edən və hər iki tərəfdən 700 min insanın ölümü ilə nəticələnən Verden döyüşü tərəflərin öz mövqelərində qalması ilə yekunlaşdı.

Elə həmin ilin iyul-noyabr aylarında baş tutan Somma döyüşündə müttəfiqlər 100 gündən artıq vaxt ərzində cəmi 10 km irəliləyə bildilər. Bu zaman hər iki tərəfdən ölü, yaralı, itkin və əsir olaraq itkilərinin sayı 1 milyondan çox oldu. 1917-ci ildə yenə müttəfiqlərin həyata keçirdikləri uğursuz Nivel hücumu sonrası ümumi itkilərin sayı 500 min ətrafında idi.

Birinci dünya müharibəsində ölən Fransa hərbçilərinin sayı 1,4 milyona yaxın, britaniyalıların sayı isə 1 milyona yaxın idi. Müqayisə üçün göstərim ki, İkinci dünya müharibəsi Birinciyə nisbətən dəfələrlə çox insan ölümü ilə nəticələnsə də Fransa və Britaniyada bu rəqəmlər müvafiq olaraq 217 min və 383 min idi.

Müttəfiqlər, xüsusən də fransızlar həmin dövr ilə müqayisədə xeyli təkmilləşən tankların və aviasiyanın hücum potensialını xeyli artırdığını dərk etmirdilər, yeni müharibəyə deyil, keçmiş müharibəyə hazırlaşırdılar. Onlar möhkəm istehkam qurğularının arxasında az itki ilə düşmənin resurslarını tükəndirənə qədər müdafiə döyüşləri aparmağı düşünürdülər, necə ki, Birinci dünya müharibəsi zamanı ərazisində bircə düşmən əsgəri olmayan Almaniya məhz tükənərək təslim olmuşdu. Fransa bu məqsədlə o zaman üçün çox böyük məbləğ olan 3 milyard frank xərcləyərək Majino xəttini tikmişdi.

Maraqlıdır ki, tankların hərb sənətinə gətirə biləcəkləri yeniliyi ilk dəfə dərk edən məhz ingilis general olmuşdu. Amma Con Fullerin işləyib hazırladığı tank müharibəsi nəzəriyyəsini öz vətənində qəbul edən olmadı. Almanlar isə bu fikirlərə ciddi yanaşdılar. Sonralar özünün sürətli tank hücumları ilə məşhurlaşan alman generalı Haynz Quderian Fullerin əsəsrlərini öz pulu ilə tərcümə etdirib oxuyurdu.

Almanların tank qoşunları Fullerin nəzəriyyəsi əsasında yaradılırdı. Buna görə də o, nasizmə rəğbətlə yanaşırdı. Fuller Hitlerin 50 illiyi münasibətilə 1939-cu il aprelin 20-də Berlində keçirilən hərbi paradda qonaq kimi iştirak edir. Zirehli texnikaların keçidindən sonra Hitler üzünü qonağa tutaraq soruşdu: “Öz övladlarınızı bəyənirsinizmi?“. Fuller də “onlar elə böyüyüblər ki, tanıya bilmirəm” cavabını verdi.

Amma nə İngiltərə, nə Fransa tank qoşunları yaratmağa meylli deyildilər. Fransa qırmızı ordu və vermaxtdan sonra ən çox tanka malik olan ölkə idi, amma bu tanklar piyada diviziyaları arasında bölüşdürülmüşdü və döyüş zamanı piyadaları müşayiət etməli idilər. Müasirlərdən birinin dediyi ki, alman tankları düyünlənmiş yumruq, Fransa tankları isə aralanmış barmaqlar idilər.

Yalnız Almaniyanın Polşaya qarşı apardığı müharibənin təcrübəsi əsasında ayrıca tank diviziyaları yaratmağa başladılar, amma vaxt çox itirilmişdi. 1940-cı ilin mayında Qərb cəbhəsində hücuma keçən almanların tank diviziyaları qarşılarındakı hər şeyi ildırım sürətilə əzib keçərək qələbəni təmin etdilər. Bu barədə növbəti məqaləmdə danışacağam.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  12 Май 2021
Bölmələr:  
Короткие линки:   http://mtv.re/7ec5gd

Самое читаемое