“Qazax Dövlət Sosial-İqtisadi Kollecindəki özbaşınalıqlarla bağlı tədbir görülsün”

“İstəyərdim ki, bu məsələ cənab Prezidentin diqqətini çəksin”

Source: Specify Source


Kollecin keçmiş direktor müavini Prezidentə müraciət etdi

“Bir ildən çoxdur ki, işsizəm. Dəfələrlə işlə bağlı müxtəlif qurumlara müraciətlərim cavabsız qalıb. Hətta başqa bir rayonda digər bir müəssisəyə müraciət etmişdim. Orada işçilər məndən soruşdu ki, siz həmin qalmqallı Nicat müəllimsiniz?”

Bu sözləri Meydan TV-yə 2019-cu ilin yanvarında Qazax Dövlət Sosial-İqtisadi Kollecində tədris işləri üzrə direktor müavini vəzifəsindən ərizə yazaraq çıxan Nicat Göyüşlü deyir. Söyləyir ki, kollecdə işlədiyi müddətdə bir sıra ciddi qanun pozuntuları ilə üzləşib. Bununla bağlı kollecin direktoru Elşad Quliyevə irad bildirdiyi üçün təzyiqlərə məruz qalıb:

“Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin nəzdində fəaliyyət göstərən İnşaat Kollecində müəllim işləyirdim. Həmçinin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışırdım. 2017-ci il mayın 31-də keçmiş Təhsil naziri Mikayıl Cabbarovun (2013-2017) əmri ilə Qazax Dövlət Sosial-İqtisadi Kollecində tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olundum. İyunun 16-dan – kollecdə fəaliyyətə başladığım gündən bu təhsil ocağında tədris planının tələblərini tam yerinə yetirməyən tələbələrə saxta diplomların verilməsi, ixtisası uyğun gəlməyən şəxslərin müəllim kimi işə qəbul edilməsi, həmçinin tələb olunandan çox sayda müəllim işə götürüldüyü üçün dərs saatlarının hər hansı bir formadasa, əsassız şəkildə şişirdilməsi kimi qanun pozuntuları ilə rastlaşdım. Direktorun birinci müavinini təyin etmək səlahiyyəti Təhsil nazirindədir. Direktor həmin Vüqar Eyyubov ad-soyadlı şəxsi özbaşına müavin təyin etmişdi. Bilmirəm, kimin tapşırığı və istəyi idisə, direktor bu təyinatı özbaşına həyata keçirmişdi. Direktor 2016-cı ildə ödənişli əsaslarla oxuyan tələbələrin də təqaüd ala biləcəyi haqda Nazirlər Kabinetinin qərarının qulaqardı edirdi. Həmçinin onlara mühasibatlıq sənədlərində adı olub, anbara daxil edilməyən mallar haqqında və daha ciddi qanun pozuntuları barədə iradlarımı bildirdim”.

Şikayətçi bildirir ki, direktorla aralarındakı münasibət ilk gündən yaxşı olmayıb. Zamanla vəziyyət daha gərgin xarakter alıb:

“Kollecə gəldiyim ilk gündən direktor Elşad Quliyev məni yanına çağırırdı, basqılar altında olduğunu deyirdi. Söyləyirdi ki, rayon icra hakimiyyətinin başçısı səni burada görmək istəmir. İddia edirdi ki, mən kollecə gələndən sonra ona qarşı təzyiqlər var. Onu da deyim ki, direktor müavini vəzifəsinə mənə qədər Vüqar Eyyubov təyin olunmuşdu. Onu bu vəzifəyə direktor özü təyin etmişdi. Dediyinə görə, rayon icra hakimiyyəti də həmin şəxsin vəzifədə qalmağının tərəfdarı idi.

Bu söhbətdən sonra Təhsil Nazirliyinə müraciət etdim, mənə basqılar olduğunu bildirdim. Onlar məsələnin mahiyyətini araşdırdılar, məhz bundan sonra mənə qarşı təzyiqlər aradan qalxdı. Təhsil Nazirliyinə müraciətimdən sonra rayon icra hakimiyyətinin bir xanım əməkdaşı kolleclə bağlı bir sənəddə kömək etməyimi istədi. Tələbələrin sayı və imtahan nəticələri ilə bağlı hesabat sənədi idi. Həmin əməkdaş mənə dedi ki, biz sizi yaşlı bir adam bilirdik. Mən sizin haqqınızda rayon icra hakimiyyəti başçısına məlumat verəcəyəm. Aradan bir gün keçdi, səhəri gün icra başçısının köməkçisi zəng vurdu ki, başçı sizi qəbul etmək istəyir. Sizin haqqınızda başçıya yanlış məlumatlar verilib. Gedib, görüşdüm, icra başçısı özü də bildirdi ki, mənə səni 45-50 yaşlarında, üstəlik, rüşvətxor bir adam kimi təqdim etmişdilər. Yəni məni qəbul etməməyini, rüşvətxor bir adamın rayonda işləməyini istəməməsi ilə əsaslandırdı. Həmin vaxtdan sonra rayon icra başçısı ilə münətəzəm görüşlərimiz olurdu. Hətta rayon səviyyəsində keçirilən tədbirlərində başçı mənim dəsti-xəttimi görmək istədi. Tədbirlərə çağırıldım, iclaslara dəvət olundum”.

Nicat Göyüşlü bildirir ki, təhsil naziri postunda dəyişiklik edildikdən sonra yenidən ona qarşı ciddi problemlər yaranmağa başlayıb. Hətta onun haqqında icra başçısı Rəcəb Babaşova yanlış məlumatlar ötürülüb:

“Kollecin direktoru Elşad Quliyevin basqıları ilə üzləşdim. O, gah deyirdi ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı istəmir ki, sən burada fəaliyyət göstərəsən, gah da söyləyirdi ki, sənin kollecdə işləməyini Təhsil Nazirliyi istəmir. Məsələni dəqiqləşdirmək məqsədilə, Təhsil Nazirliyinin əməkdaşları ilə danışanda, belə bir iddialarının olmadığını dedilər. Rayon icra hakimiyyətinin başçısına dəfələrlə müraciət etsəm də, qəbuluna düşə bilmədim. İcra başçısına haqqımda xoşagəlməyən, həqiqəti əks etdirməyən məlumatlar ötürmüşdülər. Guya mən müəllimləri təhqir etmişəm, tələbələrə qarşı düzgün rəftar göstərmirəm. Ümumiyyətlə, insanlara yuxarıdan aşağı baxıram, kobudluq edirəm. Başçıya problemli adam kimi təqdim olunmuşamsa, bircə nümunə, fakt göstərsinlər”.

“Tək kollec və rayon deyil, bütün Gəncəbasara yayılmışdı ki, direktor məni sıxışdırıb işdən çıxarmaq istəyir. Bu haqda mətbuatda yazılar da dərc olunmuşdu. Buna görə kollecin tələbələri yığışıb, imza toplayaraq Təhsil Nazirliyinə müraciət etmək istəmişdilər”,- sabiq tədris işləri üzrə direktor müavini söyləyir:

“Bundan xəbər tutub, həmin tələbələri çağırıb, polislə qorxutmuşdular. Təşkilatçı olan tələbənin mənə qohumluğu çatır. Onu çağırıb, polislə təhdid edib, tələbələr sırasından xaric olunması ilə bağlı hədələyərək izahat yazdırmışdılar. Bu məsələni tələbələrin arasında iğtişaş yaradırmışam kimi aktlaşdırmaq istəyirdilər. Mən həmin tələbələrlə danışmışam, onların səs yazısı telefonumda qalıb. Bir neçə işçi ilə məni üz-üzə qoyduqları üçün başa düşdüm ki, məni ləkələməyə çalışırlar. Gördüm ki, bunlar nəsə qondarma quramayla məni ləkələməyə çalışır. Buna görə də ərizəmi yazıb, işdən ayrıldım”.

Şikayətçi deyir ki, məqsədi kollecdə baş verən qanun pozuntularının təkrarlanmamasıdır. Əlində ciddi faktların olduğunu bildirən Nicat Göyüşlü, məsələ ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edib:

“Bir daha söyləyirəm, əlimdə kollecin fəaliyyəti ilə bağlı əsaslı şəkildə qanunsuzluqları əks etdirən faktlar var. Ölkə başçısının son dövrlər apardığı islahatlara güvənərək, yola çıxmışam. Cənab Prezidentin Ağstafada və Neftçalada keçirdiyi islahat, həmçinin Bərdə İdarəetmə və Texnologiya Kollecinin direktoru və direktor müavininin korrupsiya faktına görə həbs olunması əsas verdi ki, mən də fikrimi bildirim. İstəyərdim ki, bu məsələ cənab Prezidentin diqqətini çəksin. Qazax Dövlət Sosial-İqtisadi Kollecində baş verən bu özbaşınalıqlarla bağlı da bir tədbir görülsün. Eyni zamanda da mənim üzərimdə olan bu dırnaqarası ləkə aradan götürülmüş olsun”.

Qazax Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quliyev Meydan TV-yə açıqlamasında ona qarşı irəli sürülən iddiaları əsassız adlandırıb:

“Qanunsuzluqları Nicat müəllim özü etmiş olar. O, eks-təhsil naziri Mikayıl Cabbarovun əmri ilə bizə gəlib. Nazir Ceyhun Bayramovun vaxtında da mənim xəbərim olmadan, ərizə yazıb, işdən çıxıb. Mənim onun nə vaxt ərizə yazıb işdən getməyindən xəbərim olmayıb.

Vüqar Eyyubov on ildir ki, kollecimizdə işləyir. Nicat Göyüşlü gəlməmişdən öncə, müvəqqəti əmr verərək, tədris işləri üzrə direktor müavini təyin etmişdik. Nicat Göyüşlü bu vəzifəyə təyin olunduqdan sonra Vüqar Eyyubov şöbə müdiri vəzifəsinə keçdi.

Nicat müəllim işlədiyi müddətdə mən deyirdim ki, qatıq ağdır, o deyirdi ki, qaradır. O, kollecdə işləyəndə, 27-28 yaşı var idi. Otağa açarı əlində fırlada-fırlada girirdi. Məni direktor kimi saymırdı. Belə hərəkətləri vardı, xoşuma gəlmirdi. Dəfələrlə bunu özünə irad tutmuşdum. İcra başçısı ilə münasibətlərinə gəlincə, mənim nəyimə lazımdır? İcra başçısı ilə münasibəti ola da bilər, olmaya da. Əgər onun başçı ilə münasibəti yoxuydusa, niyə onu çağırıb demişdilər ki, Elşad müəllimi çıxaraq, yerinə səni direktor qoyaq? Belə şeylər görəndə, xoşum gəlmədi, hətta ona dedim ki, Nicat müəllim, belə işləmək olmaz. Mən otuz ildir, bu kollektivdə işləyirəm. İşçilərin doxsan beş faizi qadındır. Ona deyirdim ki, kollektivlə yola get. Lakin o, kollektivlə yola getmədi, onunla dalaşdı, bununla dalaşdı. Haqqında şikayətlər oldu.

Prezident seçkisi öncəsi gedib icra başçısına demişdi ki, kollecdə qeyri-ixtisas müəllimləri var, onları çıxarırıq. Mən də dedim ki, vallah, çıxarmaq mümkün deyil. Onlar on ildən də çoxdur işləyirlər. İxtisaslar ləğv olunsa da, çıxarmaq düzgün deyil. Başçı dedi ki, Elşad müəllim, sən kənara dur, Nicat müəllim dərsi bölsün. Nicat müəllim dərsi böldü. 16 nəfər müəllimin 14 nəfərini qırağa çıxardı. Onlar da götürüb, cənab Prezidentə müraciətlə şikayət etdilər, internetdə yazı verdilər. İcra başçısı bizim ikimizi də qəbul etdi ki, belə olmaz. Mən də Mikayıl Cabbarova müraciət etdim, həmin müəllimlərin ixtisasları ləğv olunmasına baxmayaraq, kollecdə saxlanıldı. Nicat müəllim bunu təsdiqləyən sənədə qol çəkmədi. Bununla da münasibətlər getdikcə korlandı.

Sonuncu dəfə iki yüz nəfər tələbəyə qol çəkdimişdi, guya hansısa tədbirə aparır. Həmin kağızla tanış oldum, imzalanan sənəddə başlıq-filan yoxdur, eləcə qol çəkilib. Bilinmirdi ki, uşaqları hara, nə işə aparır? Kağızın nüsxəsini prokurorluğa, digərini isə Təhsil Nazirliyinə göndərdim. İcra başçısı da bundan xəbər tutandan sonra Nicat müəllimə dedi ki, mən əgər bu işdən çıxmasam, bu haqda cənab Prezidentə məruzə edəcəyəm. Nicat müəllim də gedib, ərizəsini yazıb, işdən çıxdı”.

Qazax Rayon İcra Hakimiyyətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Ana səhifəBölgə“Qazax Dövlət Sosial-İqtisadi Kollecindəki özbaşınalıqlarla bağlı tədbir görülsün”