Qazancını kirayəyə, yola və yerpuluya xərcləyən arıçıların yarmarkası

3 gündür açılan bal yarmarkasında hələ də siftə etməyən arıçılar var. Jurnalisti görən kimi hər bir arıçı öz balının daha təmiz olduğunu deyib, reklam etməyə çalışır.

Arıçılıq məhsullarının 19-cu sərgi satış yarmarkası bu dəfə Tofiq Bəhramov stadionunda keçirilir. Müxtəlif bölgələrdən bura 371 sahibkar öz məhsulunu satmağa gəlib.

“Mən balımı sata bilmirəm. Kənddən bura gəlirəm. Gəlməzdim, öz işimlə məşğul olardım. Dövlət öz üzərinə götürərdi. Onsuz da analizlər götürür. Məhsulu istədiyinə satardı. Mənim də 5-10 qəpiyimi ödəyərdi. Mən daha maraqlı olardım. 2 gündür buradayam, 1 kiloqram bal satmamışam”.

Arıçılar Assosiasiyası bildirir ki, bal istehsalı bu il ötən ilə nisbətən az olduğundan qiymətlərdə artım var. Qurum arıçıların qiyməti sərbəst təyin etdiklərini deyir.

Məhsulu satdı-satmadı arıçılar yarmarkada iştirak etdiklərinə görə 200 manat da ödəməli olurlar.

Gecələməyə yeri olmayan arıçılar da yarmarkanın yaxınlığında kirayə qalmağa məcburdurlar.

“Bir ev kirayələmişəm, 600 manata orada qalıram”. Boş bankanı 50 qəpiyə alırsan. Hər şey puldur. O adamın ki, 250 kiloqram balı var, ona bura gəlmək sərf etmir. Nə qazanar burada? Gündəlik xərclər – yeyib-içmək elə 20 manata başa gəlir. Bunu 30 günə vuranda 600 manat edir. 600 manat ev kirayəsi, 200 manat da yerpulu, bankası və s. 2000 manata gəlib çıxır”.

Yarmarkada satışa çıxarılan 150 ton balın satılması üçünsə oktyabrın 28-dək zamanları var. Arıçılar hələlik məhsullarını xaricə ixrac edə bilmədiklərindən yerli bazarlarla kifayətlənməli olurlar.

Ana səhifəVideoQazancını kirayəyə, yola və yerpuluya xərcləyən arıçıların yarmarkası