Qarabağ əlili: Biz məhkum olmuşuq

“3 gün yataqxananın həyətində qalandan sonra burada yer tapıb məskunlaşmışıq. Məndən qabaq gələnlər hamısını götürmüşdü. Bir otaq qalmışdı, o da anbar kimi istifadə olunurmuş”, – müharibə əlili Teyyub Əkbərov deyir.

Ağdam rayonundan məcburi köçkün düşən Teyyub Əkbərov 26 ildir Sahil qəsəbəsindəki yataqxanada yaşayır.

Müharibə əlilidir, Ağdərə döyüşlərində ayağından yaralanıb. Ömrünün tən yarısını dövlətdən ev gözləməklə keçirib.

“Bizim üçün dəhşətdir də. Əsas da müharibə əlili üçün dəhşətdən də dəhşətdir. Buna ayrı ad qoymaq mümkün deyil axı. İki yerdən mənə ev veriləsi halda heç birinə əlim çatmır. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi indiyə kimi növbəyə götürsəydi, yəqin ki, mənzil verilərdi. Növbəyə götürməyib ki, Bakıya qeydiyyatın yoxdur”, – Teyyub Əkbərov söyləyir.

Fövqəladə Hallar Nazirliyi yataqxananın vəziyyətinin normal olduğunu dəyərləndirdiyindən burada yaşayanlar köçürülməyib. Ancaq 53 yaşlı Teyyub Əkbərov 26 illik gözləyişi ədalətsiz sayır.

“Biz buna məhkum olmuşuq. İmkanı olan elə adamlar var ki, müharibədən salamat gəlib, burada hər yerə özünü vura bilib, qazanıb. Mən onu qınamıram ki, yaxşı ev alıb. Sağlığına qismət olsun. Yəni o, salamat gəlib müharibədən, canını qoyub gəlməyib. Mən 1993-cü ildən 2003-cü ilə qədər heç yerə çıxa bilməmişəm iki “kastil”lə. Mən heç nə edə bilməmişəm. O zaman da pensiya çox deyildi – bir Şirvan, altı Məmməd…”, – müharibə əlili gəncliyini xatırlayır.

Müharibə əlili 5 il növbədə gözləyəndən sonra 2000-ci ildə “Oka” markalı maşına sahib olub. Həyatının ən ağır itkisini də elə o zaman yaşayıb. 14 yaşlı oğlunu avtomobil qəzasında itirib.

“Televizor gündə reklam edirdi ki, təmiri dövlət hesabına olacaq, hissələrini dövlət təmir edəcək. Bir yanacaqpuluna əlimiz çatdı, maşını alana kimi də onu xərclədik. Təmir etməyə gücüm çatmırdı, hər gün bir yeri xarab olurdu. Yoldu da gedirsən, nə bilirsən… Tormuz tutmadı, arxadan böyük maşına dəydik, “oka” da balacadır da girdi altına”, – Teyyub Əkbərov deyir.

Sonradan yaxınlarının maddi yardımıyla aldığı avtomobili ilə hər həftə “Qaçqınkom”a üz tutur. Ümid, gözləyiş, məyusluq bu yollarda həmişə onu izləyib.

“Ümid edək ki, Rövşən müəllim bəlkə o köhnə adətləri dəyişdirdi. Qarabağ əlilini sevindirdi, mənzil verdi. Bunu gözləyərək gedək qəbula”, – Qarabağ əlili arzusunu dilə gətirir.

“Qaçqınkom”un qarşısında saatlarla növbəsini gözləyəndən sonra nəhayət, qəbula girə bilir. Teyyub Əkbərovun sədr Rövşən Rzayevlə görüşü 5 dəqiqə çəkir. Həmin beş dəqiqədən sonra həyat yenə öz axarı ilə davam edir. Teyyub Əkbərov hələ də haqqı olan mənzilin gözləyişindədir.

Ana səhifəVideoQarabağ əlili: Biz məhkum olmuşuq